24 Sentyabr 09:05
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Almaniyada Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında növbəti görüşün olacağı deyilir. Bu görüş sülh üçün böyük şans kimi dəyərləndirilir...

- Azərbaycan xalqı sülh istəyir. Qarşı tərəf də buna adekvat olmalıdır. Münaqişə səhifəsini geridə qoyub sülh, əmin-amanlıq yaranmalıdır. Bölgədə bundan sonra müharibə təhlükəsi olması istənilmir. Almaniyada Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında baş tutması ehtimal edilən görüşdə də sülhlə bağlı mühüm müzakirələrin olması gözlənilir.

- İddia edilir ki, indiki halda Zəngəzur dəhlizinin açılması çox çətindir. Hətta bunun keçmiş Qarabağ münaqişəsindən də çətin bir proses olduğu iddia edilir. Bu yanaşmaları nə dərəcədə məntiqli hesab etmək olar?

- Əslində burada heç bir çətinlik yoxdur. Zəngəzur dəhlizi artıq Ermənistanla Rusiya arasında olan məsələdir. Azərbaycan sülh danışıqlarından Zəngəzur dəhlizi məsələsini çıxarıb. Ona görə də, İrəvan Moskva ilə bu prosesi öz arasında həll etməlidir. Bakı səbrlə prosesin gedişini izləyir. Amma görünən odur ki, Rusiya dəhlizlə bağlı iddialarından geri çəkilsə, burada hansısa irəliləyişə nail olmaq mümkün olacaq. Əgər Ermənistanın cəsarəti çatsa, o özü bu məsələni həll edəcək.

- Belə çıxır ki, dəhlizlə bağlı toqquşan maraqlar kontekstində proses bir qədər də uzanacaq...

- Bundan qəti narahat olmağa dəyməz. Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana çıxış əldə edəcək. Araz çayının sağ sahili ilə belə bir yolun açılması realdır. İrandan Culfaya qədər uzanan dəmir yolu xətti ilə belə bir imkan əldə etmək mümkündür.

- Bu halda Bakının əsas şərtlərində hansı dəyişikliklər olacaq?

- Azərbaycanın dəhlizlə bağlı istəyini Ermənistan icra etməsə, bu, onun özü üçün çətinliklər yaradacaq. Meğri yolu açılmasa Bakı Ermənistan üçün heç bir yolu açmayacaq. Azərbaycanla Ermənistan arasında dəmir yolu xətti olmayacaq. Gürcüstana, İrana, Türkiyəyə dəmir yolu şəbəkəsi mövcud oduğu halda, Azərbaycan bu imkanlardan maksimum yararlanacaq. Naxçıvana isə dəmir yolu Türkiyə tərəfindən çəkiləcək. Nəticədə Ermənistan könüllü şəkildə blokadada qalmış olacaq. Bundan sonra Ermənistana heç bir təklif verilməyəcək.

- Son zamanlar Rusiya Zəngəzur dəhlizi məsələsində daha aktiv görünür. Bakı və Ankarının buna münasibəti necədir?

- Bizə dəhliz lazımdır. Buradan kim nə qazanır, geosiyasi məqsədlər üçün istifadə edirsə, bu, qətiyyən maraqlı deyil. Əsas amil yolun açılmasıdır. Təbii ki, bu bir günə həll olunacaq məsələ deyil. Bu proses il yarım, iki il vaxt aparacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər