Avropa Birliyi (AB) yaxın vaxtlarda Rusiyaya ballistik raketlər ötürməsinə görə İrana yeni sanksiyalar tətbiq edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters”ə AB-nin rəsmi mənbələri məlumat verib.
Diplomatlardan biri vurğulayıb ki, AB xarici işlər nazirləri hava yolları və digər şirkətlər də daxil olmaqla, raketlərin ötürülməsinə kömək edən 14 şəxs və təşkilata qarşı sanksiyalar tətbiq edəcək.
Həmçinin qeyd olunur ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı sanksiyaların tətbiq edilib-edilməməsi ilə bağlı Avropa ölkələri arasında müzakirələr gedir.
Brüssel bundan öncə İranın Rusiyaya ballistik raketlər ötürməyi planlaşdırdığı barədə məlumat alıb. AB bəyan edib ki, ballistik raketlərin tədarükü İranın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə dəstəyinin əhəmiyyətli dərəcədə artması demək olacaq.
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin Rusiyaya heç bir silah vermədiyini iddia etmişdi.