Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ermənistan tərəfi növbəti dəfə qısa zamanda sülhün əldə edilməsinin mümkünlüyünü gündəmə gətirib. Masada olan bütün şərtlər təmin edilmədən prosesi manipuliyasiya etməkdə məqsədləri nədir?
- İrəvan və havadarlarının strateji planı başqadır. Onlar Azərbaycanla bu və ya digər şəkildə sülh sazişi imzalamaqla bunu hər tərəfə bəyan etmək istəyirlər. Daha sonra "Bakı ilə bütün məsələləri həll etmişik" - görüntüsü yaratmağa çalışacaqlar. Amma faktiki Ermənistan rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır. Siyasi məsuliyyəti isə qarşı tərəf qəbul etməyə hazır deyil. Məqsəd az məsuliyyət yaradan kağıza qol çəkib daha sonra digər planlarını həyata keçirməkdir.
- İkinci planları nədən ibarətdir?
- Erməni tərəfi növbəti mərhələdə Qarabağ erməniləri mövzusunu gündəmə gətirməyi planlaşdırır. Açıq şəkildə deyirlər ki, indiki mərhələdə Qarabağ erməniləri ərazi mövzusu deyil. Bu, ilk növbədə “insan hüquqları mövzusu” kimi təqim ediləcək. Reallaşdırmaq istədikləri strategiya məhz bundan ibarətdir.
- Bu mövzuda Azərbaycan qarşı hansısa təzyiqlərin olması mümkündürmü?
- İndi də müxtəlif yerlərdə keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin mövzusu gündəmə gətirilir. Bundan öncə olduğu kimi bu məsələ ümumi olaraq keçmiş münaqişənin kontekstindən çıxarılır. Amma davamlı olaraq bu mövzunu gündəmə saxlamaq niyyətləri var. Eyni zamanda Azərbaycanı təzyiq altında saxlamaq üçün Qarabağ mövzusunu bu tərzdə təqdim edəcəklər. İndiki mərhələdə isə Ermənistan dövlət kimi guya kənarda qalacaq. İddiaları da belə olacaq: "Biz Azərbaycanla sülh sazişi imzalamışıq və ərazi iddialarımız yoxdur. İnsan hüquqları ilə bağlı məsələyə də qarışmırıq".
- Azərbaycanın sülhlə bağlı yeni şərhləri və şərtləri ilə bağlı da rəsmi İrəvanın açıqlaması var. Bunlar nədən ibarətdir?
- 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşma kapituliyasiya sənədidir. Ermənistan bununla üzərinə öhdəliklər götürdü. Ancaq bu öhdəlikləri dərhal icra etmək əvəzinə prosesi ləngitməyə başladı. 10 mindən artıq erməni hərbçi Azərbaycan ərazisində saxlanılırdı. Ölkəmiz o məsələni də sonra həll etdi. Ümumiyyətlə, öhdəliklər icra edilmədikcə siyasi məntiq də pozulmuşdu. İşğalçı ölkə müharibəni uduzduğuna görə məsuliyyətini də daşımalıdır. Təzminat və hüquqi məsələlər həllini tapmalı idi. Təbliğatla bağlı işlər aparılmalı, cəmiyətləri və xalqları barışa hazırlamaq üçün addım atılmalı idi. Eyni zamanda Ermənistan daxilində bu münaqişəni törədən siyasi qüvvələr ifşa edilməli idi. Amma heç bir həll edilmədi.
- Təzminatla bağlı hüquqi müstəvidə hansı şərtlər təmin edilməli idi?
- İlk növbədə Ermənistan siyasi məsuliyyəti üzərinə götürməlidir. Təzminatla bağlı məsələ qaldırıldıqda erməni tərəfi iddia edə bilər ki, biz Azərbaycana hücum etməmişik. Deyə bilərlər ki, bu, Qarabağ ermənilərinin işə olub və s.
- Nəyi dəyişmək istəyirlər?
- Fakt odur ki, Ermənistan postkonfilikt dövründə prosesləri istəyir.
- Azərbayacanın atacağı addımlar necə olmalıdır?
- Siyasi məsuliyyət və erməni işğalının qalıqlarının aradan qaldırılması məsələsi gündəmdə olmalıdır. Sözsüz ki, bu ermənilərin xoşuna gəlmir. Çünki işğalın nəticələri təkcə hansısa ərazilərin nəzarətdə saxlanılması deyil. İqtisadi, mənəvi, təbliğat, hüquqi müstəvidə də işğal həyata keçirilib. Ermənistan bunun məsuliyyətini daşımalıdır. Nəhayət İrəvan daxili siyasətindən bu mövzuları birdəfəlik çıxartmalıdır.