Politoloq İlqar Vəlizadə Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənistan Baş naziri Nikol Paşinyan israrla sülh müqaviləsinin yarımçıq imzalanmasını təklif edir. Səbəb və ya məqsəd nədir?
- Aydındır ki, onu tələsdirirlər. Məsələ budur: onlara hansısa paraflanmamış bir sənəd lazımdır ki, göstərib Azərbaycanla artıq “sülhün” əldə olunduğunu və “sülh şəraitində yaşadığımızı” iddia etsinlər. Məsələ budur ki, Ermənistanın imzaladığı bu sənəddə bizim istədiyimiz əsas, prinsipial maddələr yer almır. Ermənistan bununla gələcəkdə manipulyasiyaya yol verərək, Azərbaycana qarşı iddialarını davam etdirmək və daha da yuxarı qaldırmaq istəyir.
Çox güman ki, Ermənistan yenə də “Qarabağ məsələsi”nin bitməsini istəmir. Başqa məsələlər də ola bilər. Azərbaycan bütün bunları görür, ona görə də birmənalı şəkildə yarımçıq sülh sazişini imzalamayacağını bəyan edir.
- Həmişə deyilir ki, Ermənistan bəzi şərtlərinin qəbul edilməsi üçün mübit geosiyasi zəmin gözləyir. Yaxın perspektivdə belə bir zəmin mümkündürmü?
- Mümkün kimi görünmür. Məsələ budur ki, Ermənistan uzunmüddətli perspektivdə Azərbaycana qarşı iddialarını davam etdirmək istəyir. Yeri gəlmişkən, söhbət təkcə Azərbaycandan getmir, Türkiyə də var. Ermənistan yenə də gələcəkdə hansısa bir məqamda Azərbaycan və Türkiyəyə qarşı iddialar səsləndirə bilər.
Azərbaycana qarşı iddiaların nə olduğunu bilirik, Türkiyəyə qarşı da qondarma soyıqırımı iddiaları var və bu istiqamətdə müəyyən işlər aparılır. Yəni Ermənistan özü üçün gələcəkdə bir manevr yeri saxlamağa çalışır. Bu, daha çox Ermənistanın yox, onun xarici havadarlarının marağındadır. Bu səbəbdən proses tamamlanmamış qalır.
- Azərbaycan Minsk qrupunun ləğvini, Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir, həmçinin sərhədlə bağlı şərtləri var. Bütün bunlar Ermənistanın ərazi iddialarını ehtiva edən məsələlərdir. İrəvanın bunlardan yayınması o deməkdirmi ki, üzdə Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, ərazi iddialarını hələ də saxlayır?
- Bəli, o deməkdir. Ermənistanın bütün siyasi elitası və cəmiyyəti belə fikirləşir. Yeri gəlmişkən, Azərbaycanın son nailiyyətləri, yəni ərazi bütövlüyünün bərpa edilməsi hərbi güclə əldə olunub. Yəni bu, Ermənistanın xoşməramlılığının nəticəsi deyil. Ermənistan bu reallığı qəbul etməyə məcbur olub, bu, onun ürəyindən gələn bir durum sayılmır.
Ermənilərin xülyaları hələ də qalır, uzun müddət mövcud olacaq. Ermənistan daxilində gedən müzakirələrə baxsaq görərik ki, bu xülyalarını saxlayırlar.
- Ərazi iddiaları davam edirsə və bu ölkə hələ də təhlükə mənbəyi olaraq qalırsa, Azərbaycan bu təhlükəni necə zərərsizləşdirə bilər?
- Ancaq hərb yolu və daha güclü olmaqla. Öz gücümüzü bundan sonra da qat-qat artırmalıyıq, daha təsiredici silahlar almalıyıq. Ən güclü olmaq lazımdır, bu, həmişə çəkindirici olub. Azərbaycan öz ərazi bütövlüyünü məhz bu gücü hesabına bərpa elədi. Ermənistan gücümüzü gördükcə sakitləşəcək. Təəssüf ki, Ermənistan ancaq güc dilini başa düşür.
Biz bütün məsələləri həll etmək üçün ən müxtəlif yollara əl atdıq, uyğun təkliflər verdik, qəbul edilə biləcək prinsiplər irəli sürdük və sair. Amma gördük ki, ən təsiredici yol elə hərbi variantdır.
- Hələlik gündəmdə sülh məsələsi var. Proses razılaşdırılmamış üç maddəyə ilişib qalmış kimi görünsə də, Paşinyanın COP29 üçün Bakıya gələ biləcəyi də müzakirə mövzusudur. Hansısa sənədin imzalanıb-imzalanmamasından asılı olmayaraq, Ermənistan baş naziri Bakıya gələ bilərmi?
- Gələ bilər, amma sadəcə piar naminə bu addımı atacaq. Gedişata baxdıqda Paşinyanın təsiredici addımlar atacağını deyə bilmirik. Dediyim kimi, sadəcə piar naminə gələ bilər. Məsələn, burada nümayiş etdirə bilər ki, guya Ermənistan sülh istəyir və konkret addımlar atmağa hazırdır.
Çox güman ki, Qərb tərəfdaşları bundan öz “arqumentlərini” möhkəmləndirmək üçün istifadə etməyə çalışacaqlar. Vəziyyət belədir, təəssüf ki, bu kimi addımlarını piar üçün atırlar, burada sülhdən söhbət gedə bilməz.
- Ümumiyyətlə, gec-tez barışığın olacağına inanırsınızmı? Ermənilər tərəfə baxanda bu, mümkünsüz kimi görünür.
- İdeal vəziyyətdə qaçılmazdır. Ermənilər fərdlər və ya toplum şəklində anlasalar ki, başqa yolları yoxdur, Qərbdən kimlərsə gəlib onlara kömək eləməyəcək, onda məcbur buna gedəcəklər. İndi Türkiyədə çoxlu sayda erməni normal yaşayır. Niyə? Çünki kimsə onlarla düşmənçilik eləmir, edə də bilməz. Yəni sən özünü normal aparırsansa, kimsənin səninlə işi olmur.
Fransa, ABŞ və Rusiyada da çoxlu sayda erməni yaşayır. Ermənilər həmin ölkələrdə hüquqdankənar addımlar atsalar, oradan didərgin salarlar, rədd edərlər.
Ermənistanın bir tərəfi Azərbaycan, digər yanı Türkiyədir, ikisi ilə də düşmənçilik eləməyə çalışırlar. Sən iki güclü qonşunla düşmənçilik edib bunun önündə necə duracaqsan? Yəni ermənilər sonda ortaq məxrəcə gəlməli və rabitə qurmalıdırlar. Amma indi kənar qüvvələr buna imkan vermirlər. Xüsusən diaspor ermənilər buna mane olurlar.
Ermənistana kənar müdaxilələr həddindən artıq çoxdur, buna görə də rabitə qura bilmirlər. Xülyalardan qopub reallığa gəlsələr, bu duruma uyğunlaşacaqlar və münasibətlər qurmaq mümkün olacaq.