Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış təyyarədə sağ qalan yaralılardan daha 7 nəfər və həlak olan 4 nəfərin nəşi Bakıya gətirilib.
Teleqraf.com xəbər verir ki, yaralıları daşıyan AZAL-a məxsus təyyarə axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
Hava limanında yaralıları həkimlər, hökumət rəsmiləri qarşılayıb.
Xatırladaq ki, az öncə təyyarə qəzasında yaralanmış 7 nəfər xüsusi reyslə Bakıya eniş edib.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.
Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır.