Suriyada Bəşər Əsəd rejiminin devrilməsi və Rusiyanın buna biganə qalması Prezident Vladimir Putin üçün Ukraynanın daha vacib olduğunu göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Foreign Affairs” yazır.
ABŞ nəşri bu qənaətə gəlib ki, Putin Ukrayna müharibəsində tam qələbə naminə hər şeyi, o cümlədən Yaxın Şərq ölkəsindəki uğurları qurban verməyə hazırdır:
“Moskva vaxtilə Əsədə Suriyanın böyük hissəsi üzərində hərbi-siyasi nəzarəti bərpa etməkdə uğurla kömək edib, amma uzunmüddətli perspektivdə müxalifətin müqavimətə həlledici zərbə vura bilməyib. Həmçinin Rusiya Suriyada iqtisadi inkişafı dəstəkləyə bilmədi.
Ruslar Suriya ekspedisiyasına həmişə ehtiyatla və laqeyd baxıblar, çünki uzaq bir müsəlman ölkəsinə əsgər göndərmək ideyası Sovet İttifaqının Əfqanıstandakı müharibəsi ilə bağlı xatirələri canlandırırdı. İndi, Əsəd rejiminin devrilməsindən sonra Putin Rusiyanın müttəfiqlərinin ondan Suriya ilə bağlı lazımi addımları atacağını gözləməsinə baxmayaraq, diqqətini Ukraynadakı müharibəyə yönəldə bilər”.
Nəşr qeyd edir ki, Suriyanın itirilməsi ilə Rusiya Ukraynadakı müharibədə payını artırıb:
“Putinin sxeminə görə, Ukrayna Qərb elitası ilə Rusiyanın rəhbərlik etdiyi yeni nizam arasında qlobal mübarizənin dönüş nöqtəsinə çevrilib. Ukrayna uduzanda Rusiya Gürcüstan və istədiyi başqa ölkələrin ərazilərini ələ keçirməyə və özünü “güclü himayədar” kimi yenidən bazara çıxaracağına ümid edir”.