Qazaxıstan Nəqliyyat naziri Marat Karabayev "Azal"a məxsus təyyarənin qəzaya düşməsindən danışıb.
Teleqraf.com xəbər verir ki, onun sözlərini "Kazinform" agentliyi sitat gətirir.
“Hava limanının təcili yardım xidmətləri təyyarəni qəbul etməyə hazır idi. Qazaxıstan Respublikasının hava məkanına daxil olduqdan sonra ekipaj Aktau şəhərindəki qüllənin nəzarətçisi ilə əlaqə yaradıb”, - deyə Qazaxıstan Nəqliyyat Nazirliyinin rəhbəri bildirib.
Karabayev əlavə edib ki, dispetçer tez bir zamanda təyyarənin aerodromda enişini təmin etmək üçün bütün lazımi tədbirləri görüb. Nəqliyyat naziri vurğulayıb ki, uçuş-enmə zolağı ilə vizual əlaqənin qurulmasını asanlaşdırmaq üçün zolağın işıqları yandırılıb.
Agentliyin məlumatına görə, ekipaj Aktau aerodromunun uçuş-enmə zolaqlarına yaxınlaşmaq üçün iki dəfə cəhd edib. Təyyarənin hündürlüyündə xaotik dəyişikliklər müşahidə edilib və o, sahil xəttinə doğru çıxıb.
Karabayev bildirib ki, yerli vaxtla saat 11:28-də ekipajla əlaqə kəsilib və təyyarə qəzaya uğrayıb. Qazaxıstan Nəqliyyat Nazirliyinin rəhbəri qeyd edib ki, Aktau hava limanının xilasetmə xidməti dərhal hadisə yerinə birinci gəlib, bundan sonra onlar operativ şəkildə təyyarənin sərnişinlərini təxliyə etməyə başlayıblar.