Qazaxıstanda qəzaya uğrayan Azərbaycanın sərnişin təyyarəsinin çəkilən və sosial şəbəkələrdə paylaşılan görüntüləri müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, təyyarənin çölü və içərisində görünən dəliklər təyyarənin atəşə tutulduğu iddialarını gündəmə gətirib.
Ukrayna rəsmən təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu iddia edib. Versiya Ukrayna Prezidenti Aparatı rəhbərinin müavini Mixail Podolyak tərəfindən irəli sürülüb.
“Euronews” yazır ki, təyyarənin Rusiyanın yer-hava tipli raketi ilə vurulması ehtimalı da gündəmdədir: “Təyyarənin gövdəsindəki dəliklərin raketin partlaması nəticəsində ətrafa yayılan qəlpələrə aid olduğu bildirilir”.
Agentlik rusiyalı hərbi bloqer Yuri Podolyakadan sitat gətirir:
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan və 33 nəfərin ölümünə səbəb olan Azərbaycanın “Embraer 190” tipli təyyarəsinə dəymiş ziyan onun hava hücumundan müdafiə raket sistemi tərəfindən təsadüfən vurulmuş ola biləcəyini deməyə əsas verir”.
Məqalədə o da vurğulanır ki, qəzadan sağ çıxanlar Qroznı hava limanına üçüncü eniş cəhdi zamanı qəzaya uğrayan təyyarəyə çırpılma səsi eşitdiklərini deyiblər”.
Qeyd edilir ki, təyyarənin qara qutusu tapılıb, Azərbaycan hakimiyyəti hərtərəfli araşdırmaya başlayıb: “Təyyarənin düşdüyü anın görüntüsü də qəza ilə bağlı mühüm ip ucu verir”.