İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemindən istifadə edilməklə hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Caliber.az araşdırmanın ilkin nəticələrinə əsasən, hökumət mənbələrinə istinadla məlumat verib.
“Üstəlik, Rusiya tərəfinin elektron döyüş sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic vəziyyətinə düşüb. Məhz bu duruma görə təyyarə Rusiya aviasiya məkanında radarlardan itib, yalnız Xəzər dənizi hövzəsində görünüb”, - məlumatda belə deyilir.
"Caliber" Rusiya mənbələrinə istinadla qeyd edir ki, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna PUA-larını vurmağa cəhd edib:
“Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri Həmzət Kadırov dekabrın 25-də səhər Qroznıda PUA hücumu faktını təsdiqləyərək, itki və dağıntıların olmadığını bildirib. Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamaq məcburiyyətində olduğu halda, bu edilməyib. Çeçenistan üzərinin uçuş üçün qadağan zonası elan edilmədiyi böyük sualdır.
Bildiyiniz kimi, Qroznı hava limanı təyyarənin enişinə icazə verməyib. Üstəlik, bizim idarə heyətinə Mahaçqala və "Mineralnıye Vodı" hava limanlarına eniş icazəsi verilməyib. Hava hücumundan müdafiə atəşi və elektron döyüş sistemlərinin təsirinə məruz qalan təyyarənin yönünü itirmiş ekipajı Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Bu tövsiyənin bir məqsədlə verildiyini güman etmək olar: təyyarənin Xəzər dənizinə düşməsi ilə bütün şahidlər öləcək, təyyarə isə batacaqdı. Bununla belə, qeyd edirik ki, bu, bizim fərziyyəmizdir.
Rusiya mediasında yayılan alternativ versiyalar ictimai rəyi çaşdırmaq məqsədilə qəsdən tirajlanan saxta informasiyalardır. Təyyarənin içindən olan videogörüntülərdə iki sərnişinin qəlpələrdən yaralandığı müşahidə edilir. Hava gəmisində eşidilən partlayışlarla bağlı ifadələr də daxil olmaqla, bütün ifadələr hava hücumundan müdafiə sisteminin fəaliyyətinə işarə edir.
Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət tamamilə göz önündədir. Heç kim bunun qəsdən edildiyiə iddialı deyil. Bununla belə, Bakı müəyyən edilmiş faktları nəzərə alaraq, Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulduğunu etiraf edəcəyini, Azərbaycan xalqından rəsmi üzr istəyəcəyini və hərtərəfli araşdırma aparacağını, hableə bunun nəticəsində bütün məsuliyyət daşıyanların cəzalandırılacağını gözləyir”.