11 Noyabr 14:01
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinlə iqtisadi müharibəni davam etdirməyə hazırlaşır. Trampın Çin mallarının idxalına 60 faizlik gömrük rüsumları tətbiq etməklə hədələməsi dünyanın ikinci ən böyük iqtisadiyyatı üçün böyük riskləri yaradır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Trampın Ağ Evə qayıtması Çinə əlavə iqtisadi problemlər yaradacaq:

“Bu, ABŞ-Çin münasibətlərində qeyri-sabit dövrə işarə edir. CNN yazır ki, Trampın yenidən seçilməsinin aqressiv ticarət siyasəti, o cümlədən Çin mallarına 60 faizə qədər tariflər gətirəcəyi, potensial olaraq qlobal təchizat zəncirlərini pozacağı və Çinin iqtisadi artımına təsir edəcəyi gözlənilir. Yeni texnologiya məhdudiyyətləri və Trampın Pekinə qarşı gözlənilən sərt mövqeyi ilə supergüclərin onsuz da kövrək münasibətlərini daha da gərginləşə bilər.

Trampın proteksionist ticarət siyasəti Çinə ciddi təzyiq üzərində qurulsa da, bu, Pekin üçün imkanlar da yarada bilər. Trampın “ilik növbədə Amerika” şüarı ABŞ-ın müttəfiqləri və qlobal liderliyini təhdid etdiyinə görə, Pekin yaranan boşluğu doldurmağa çalışacaq.

Çinli analitik Şen Dinqlinin fikrincə, Trampın hakimiyyətə qayıdışı, Pekin üçün daha böyük imkanlar və risklər gətirəcək. Bütün hallarda Çin Trampın ikinci prezidentliyindən yarana biləcək potensial çətinlikləri hesablamağa başlayıb. ABŞ-ın yeni prezidenti bütün hallarda Çin mallarına tarifləri artıracaq”.

“Atlas” qeyd edir ki, Çində iqtisadi artımın zəifləməsi hökuməti daxili borc problemini həll etməyə sövq edir:

“Əmlak sektorundakı böhran, yüksək dövlət borcu, işsizlik və aşağı istehlak Çin iqtisadiyyatının böyüməsinə mane olub. 2021-ci ildən bəri daşınmaz əmlak ciddi tənəzzülə uğrayıb və gəlirlər azalıb. Əmlak sektorunun tənəzzülü Çin hökumətini dayanıqlı olmayan borclarla sıxışdırıb. Pekin maliyyə yardımı hazırlasa da, bu yük çox böyükdür.

Beynəlxalq Valyuta Fondu 2023-cü ilin sonunda dövlət sektorunun ümumi borcunu 147 trilyon yuan (20.7 trilyon ABŞ dolları) həcmində hesablayıb. Çin pandemiyadan əvvəlki artım səviyyəsinə çatmaqda çətinlik çəkir. Ölkədə bu il üçün artım proqnozunun 4.8 faizə enməsi iqtisadiyyatdakı planlaşdırmanı yenidən nəzərdən keçirməyə səbəb olub.

Çin qabaqcıl istehsal və yaşıl sənayelərə diqqət yetirməyə başlayıb. Pekin günəş panelləri, litium-ion batareyaları kimi yüksək texnologiyalı ixracatda uğur qazansa da, ABŞ və Avropanın artan müqaviməti, Çində istehsal olunan elektrikli avtomobillərə artan tariflər işi çətinləşdirib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər