Suriyada sabitliyin təmin edilməsi Qətərdən təbii qazın Suriya və Türkiyə vasitəsilə Avropaya nəqlini mümkün edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar bildirib.
“Qətər qazı mövcud boru kəmərindən istifadə edərək, mübadilə müqavilələri əsasında Avropaya tədarük edilə bilər və bunun üçün bizə sabit bölgə lazımdır” - deyə nazir, Suriya ərazisindən keçməklə Qətərdən Türkiyəyə qaz kəmərinin çəkilməsi layihəsinin reallaşdırılması imkanını şərh edərkən bildirib.
Qətər-Türkiyə qaz kəmərinin çəkilməsi imkanları 2009-cu ildən müzakirə edilirdi, lakin layihənin icrası, Suriyanın əvvəlki hakimiyyət orqanlarının müqaviməti səbəbindən təxirə salınıb. Dəməşqə yeni hakimiyyət orqanlarının gəlməsi layihəni aktuallaşdırıb.
Qətər təbii qaz ehtiyatlarına görə dünyada üçüncü, hasilatına görə isə altıncı yerdədir.