"AnewZ" telekanalı Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarənin eksklüziv fotolarını əldə edib.
Teleqraf.com telekanala istinadən xəbər verir ki, təyyarənin gövdəsinin çəkilmiş görüntüləri xarici müdaxilə ilə uyğun gələn zədə əlamətlərini aydın şəkildə təsvir edir. Xüsusilə, qəlpələrin zərbə izləri quşların turbinə girməsi və ya yanacaq çəninin partlaması kimi ilkin nəzəriyyələrə ciddi şübhələr yaradır.
Qeyd olunur ki, Azərbaycan hökumətindəki mənbələrin məlumatına görə, ilkin araşdırmalar təyyarənin Qroznıya yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemindən atılan raketlə vurulduğunu göstərir.
Daha əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev raket zərbəsinin olduğunu təsdiqləsə də, raketin növü məlum deyil.
Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində bildirib ki, təyyarə Rusiya ərazisi üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən bilmədən vurulub. O, Rusiya tərəfindən təqsiri tam etiraf etməyi, günahkarların cəzalandırılmasını, həlak olanlara və onların ailələrinə təzminat ödənilməsini tələb edib.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.
Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb.
Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır.