Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryanı iki ay müddətinə həbs edilib.
Teleqraf.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Baş Qərargah rəisinin sabiq müavini həbsini Vardaşen cəzaçəkmə müəssisəsində çəkəcək.
Müdafiə tərəfi həbs qərarından Apellyasiya Məhkəməsinə şikayət etməyi planlaşdırdığını bildirib.
Vəkillər Xaçatryana qarşı ittihamları əsassız adlandıraraq, həbs üçün əsasların olmadığını vurğulayıblar.
Xüsusilə qeyd ediblər ki, Baş Qərargah rəisinin keçmiş müavini orta ağırlıq maddəsi ilə ittiham olunur, iş üzrə məhdudiyyət müddəti tezliklə başa çatacaq. Vəkillərin fikrincə, Xaçatryanı bu ittiham üzrə həbs cəzası gözləmir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsə qarşı girov və ev dustaqlığı kimi alternativ həbs-qətimkan tədbirinin niyə tətbiq edilmədiyini əsaslandırmayıb.
Müdafiə tərəfinin dediyinə görə, Xaçatryan 4 ilə yaxındır araşdırılan cinayət işinin istintaqını təmin etmək üçün deyil, “aktiv siyasi və vətəndaş mövqeyinə” görə, habelə cinayət işinə görə məsuliyyət daşıyan şəxsləri “təyin etmək” üçün həbs edilib.
Tiran Xaçatryan yanvarın 4-də səhər saatlarında 2020-ci ildə 44 günlük müharibə zamanı yol verdiyi qanun pozuntularına görə ittiham edilərək saxlanılıb.
Xaçatryan 2020-ci ilin iyunundan 2021-ci ilin fevralına kimi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb. 2020-ci ilin oktyabrında Ermənistanın Milli Qəhrəmanı adına layiq görülüb.
Tiran Xaçatryan 44 günlük müharibədə iştirak etsə də, sonradan nüfuzdan düşüb və 2021-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılıb. Xaçatryanın vəzifəsindən azad edilməsi onun Baş nazir Nikol Paşinyanın “İsgəndər” raket sistemləri haqqında açıqlamasını qeyri-ciddi adlandırması ilə əlaqəlidir.