"Türkiyədə terrora son qoymaq üçün yeni bir fürsət pəncərəsi açılıb".
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Diyabəkir şəhərində çıxışı zamanı deyib.
“Terror təşkilatının ləğvi, silahı yerə qoyması türk xalqının partiyası olmayan quruma yeni bir şansın verilməsidir. Bu, yarım əsrlik separatçı terrorla mübarizənin bitməyi deməkdir. Bu, sadəcə olaraq, böyük və güclü Türkiyənin qarşısındakı ən böyük maneələrdən birinin aradan qaldırılması anlamına gəlir" - Ərdoğan çıxışı zamanı bildirib.
Prezident Ərdoğan Suriyada terror təşkilatının fəaliyyətindən də danışıb.
"Suriyada baş verən xalq inqilabı terror təşkilatının bu ölkədə regional hədəfləri yarımçıq qoydu. Kimlərə güvənirlər güvənsinlər heç bir terror təşkilatının Türkiyə Cümhuriyyətinə qarşı heç bir şansı yoxdur" - prezident vurğulayıb.
Ərdoğan həmçinin çıxışı zamanı yeni açılan fürsət pəncərəsinin əldən çıxmağına qarşı olduğunu bildirib:
“Biz məsələnin qalıcı həlli yolu axtarışlarından əl çəkməmişik. Hazırda ölkəmizin qarşısında terror bəlasına sonsuza qədər son qoymaq üçün yeni və əhəmiyyətli bir fürsət pəncərəsi açılıb. Biz bu fürsəti israf etməyi doğru görmürük".