Türkiyə xarici işlər naziri Hakan Fidan Ər-Riyadda keçirilən Suriya toplantısına qatılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Toplantıda Türkiyə, Səudiyyə Ərəbistanı, Suriya, Bəhreyn, Misir, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər xarici işlər nazirləri iştirak edib.
Fidan xarici işlər naziri Əhməd əl-Şeybaninin Suriyanın yeni administrasiyasında iştirakının bir dönüş nöqtəsi və tarixi bir an olduğunu bildirib.
O, bölgə ölkələri olaraq Suriyadakı inkişafın düzgün istiqamətə yönləndirilməsində ən böyük məsuliyyəti öz üzərinə götürdüklərini vurğulayıb.
"Suriyada normallaşma əlamətləri hər keçən gün daha da güclənir" -deyə Hakan Fidan vurğulayıb.
Terror təşkilatının Fəratın şərqindəki ərəb ölkələrinin əksəriyyəti üçün ciddi təhlükə yaratmağa davam etdiyini və Suriya xalqının ən çox ehtiyac duyduğu təbii sərvətləri talan etməyə davam etdiyini xatırladan Fidan əlavə edib:
"Biz İŞİD-lə effektiv mübarizə aparmaq üçün yeni administrasiyanın potensialını gücləndirmək üçün birlikdə işləyə bilərik. Türkiyə olaraq Suriya xalqının qarşısındakı çətin yolu asanlaşdırmaq üçün üzərimizə düşəni etməyə hazırıq".