Serebral iflicdən əziyyət çəkən amerikalı aktyor Rori Sayks Kaliforniyadakı yanğında diri-diri yanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə onun anası Şelli Sayks X səhifəsində məlumat verib.
O, faciənin ailənin Malibudakı evində baş verdiyini deyib. “O, görmə qabiliyyətini bərpa etmək və yeriməyi öyrənmək üçün çoxlu əməliyyatlar və müalicələrdən keçdi. Ağrıya baxmayaraq, o, hələ də həvəslə mənimlə Afrikadan Antarktidaya qədər dünyanı gəzirdi. Onun üçün çox darıxacam" -deyə Sayks qeyd edib.
O etiraf edib ki, yanğın zamanı 32 yaşlı oğlunu xilas edə bilməyib. “Su kəsildiyi üçün damdakı külü şlanqla söndürə bilmədim. Yanğınsöndürənlər məni geri gətirəndə onun kotteci yanıb kül olmuşdu”, o bildirib.
Yanvarın 7-dən Kaliforniyada güclü yanğın davam edir. Yanğın güclü külək və quru şərait səbəbindən sürətlə yayılır.