8 Sentyabr 2017 09:00
3 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Qan Turalı ilə müsahibəni təqdim edir.

- Tural bəy, istəyirəm Kulis.az saytından danışasınız... Bu sayt həm də sizin əsəriniz kimi tanınır. Bəs altı il həvəslə işlədiyiniz yaradıcı bir mühitdən asanlıqla necə ayrıla bildiniz? Zəhmətinizə heyfiniz gəlirmi?

- Növbəti sualın daha maraqlı olacağına inanıram.

- Sizcə, baş redaktor olmaq çətindir, yoxsa baş redaktor olmamaq?

- Yazıçı olmaq çətindir...

- Niyə ki?

- Çünki yazıçılıq özündə ən dərin mənəvi hislərlə bərabər yüksək peşəkarlıq və təkmil dünyagörüşü tələb edir.

- Amma sosial şəbəkələrdə paylaşdığınız komik, məzəli statuslara baxanda adam elə düşünür ki, daha yaradıcılıqla məşğul olmursunuz...

- Görürlər ki, bir yazıçı evinin qabağında ağac əkir. Deyirlər ki, işləyirsiz. Yazıçı cavab verir ki, yox, istirahət edirəm. Bir gün onu elə eyni yerdə oturub qəhvə içə-içə düşünən görürlər. İstirahət etdiyini soruşurlar. O isə belə cavab verir: “Yox, mən işləyirəm”.

Mən daim öz üzərimdə işləyirəm. Məni mövsümi olaraq bir çox problemlər narahat edir. Onlar haqqında oxuyuram, araşdırıram. Bu araşdırmalar, eləcə də onların nəticələrinin beynimdə saf-çürük edilməsi mənim üçün yaradıcılıqdır, ən azı idraki fəaliyyətdir. Bu mənada yazıçılıq yeddi günün iyirmi dörd saatını çalışmaq deməkdir. Sakit bir otaqda kitablara dalmaqdan qiymətli heç nə yoxdur. Və əlbəttə ki, insanların gözlərinin içinə baxaraq onların hekayələrini dinləmək. Küçədə dayanıb insanlara tamaşa etmək. Mən belə şeylərdən ilham alıram.

- Kitab satılmır, oxunmur... Belə ölkədə yazıçı olmaq sizin üçün yorucu deyil?

- Yazıçı sözü yazmaq feilindən törəyib. Oxumaq feilindən yox. Anarın ilk gənclik hekayələrindən birində bir məqam vardı: “Mən divara da danışa bilərdim”. Çexovun faytonçusu atla danışdığı kimi. Ədəbiyyat ən ali duyğuların realizasiyasıdır. Oxucu bu prosesdə iştirak etmir. Yalnız şöhrət qazanmaq üçün yazanlar kitab satılmamağını bəhanə edə bilərlər.

- Feysdə yazırsınız ki, kaş yüz kitab seçib hamıya zorla oxutdursunlar, arzum budur! Niyə zorla? Yəni deməklə mümkün olmadımı?

- O statusda bir az ironiya vardı. Zorla olan hər bir işin əleyhinəyəm. Bu, daha ağır nəticələr verir.

- Sizin kitab təbliğatı ilə bağlı çağırışlarınızla tez-tez qarşılaşırıq. Əsrlərdir mütəfəkkirlərimiz, yazarlarımız istədiyi oxucu kütləni yarada bilmədi. Siz hələ də nəyəsə nail olacağınıza ümid edirsiniz? Bəlkə bu çağırışların kökündə özünüzün zəngin mütaliə eqonuz dayanır?

- Burda “təbliğat”, “çağırış” kimi kommunist partiyasının təşviqat zamanlarından qalmış sözləri işlətməyin əleyhinəyəm. Mən özümü yaxşı oxucu hesab edirəm. Oxumaqdan zövq alan bir insan. Bu zövqü bölüşürəm ancaq. Təbliğat başqa şeydir. Mirzə demiş, gərək imam adamı istəyə. Amma insanlar kitab oxumaq istəyirsə, mütaliə ilə bağlı məsləhət almaq üçün mənə müraciət edirlərsə, mən özümü onlara məsləhət verməyə borclu hiss edirəm. Çünki mütaliə prosesinin özü də yazıçılıq kimi mürəkkəb və öyrənilməsi vacib olan bir sahədir. Mütaliənin də bir proqramı, sistemi olmalıdır. Özüm ehtiyac duyduqda bu haqda yazıram. Yazıçının işi də bu olmalıdır. Din haqqında tənqid yazmaq yox. Hərə öz işi ilə məşğul olmalıdır. Bizdə ədəbiyyatla ən az yazıçılar məşğul olur. Bəzən sorğu da keçirirlər: “Mütaliə vacibdirmi?”.

- Bir şey maraqlıdır. Yazıçı içməlidir, çəkməlidir, bir neçə dəfə ailə qurmalıdır, darmadağın həyat yaşamalıdır... Bunlar doğru fikirlərdirmi?

- Mağazada kiməsə araq, ya da siqaret satanda ondan Yazıçılar Birliyinin vəsiqəsini soruşmurlar. Soruşsaydılar, pis olardı, çünki məndə bu vəsiqə heç zaman olmayıb. Araq içməsəm də, siqaretsiz qala bilmirəm. Eləcə də VVAQ-da, ya da məhkəmədə boşanmaq üçün yazıçı olmaq şərt deyil. Bunlar uydurulmuş şeylərdir. Yazıçılıq əyyaşlıqla ölçülmür. Bayaq da dediyim ki, yazıçılıq üçün ən munis duyğuları ürəkdə saxlamaq və insanların dərdlərinə həssas olmaq kifayətdir. Mənə elə gəlir ki, əyyaşlıq bunları inkar edir.

- İstəyirəm şəxsi həyatınızdan sual verəm.

- Buyurun.

- Xoşbəxtsiniz?

- Bəli...

- Sizin üçün xoşbəxtlik nədir?

- Xoşbəxtlik anlardan ibarətdir. Bütün günü xoşbəxt olan adamın ağlına şübhə edirəm. Lakin biz anlar üçün yaşamırıq. Ən gözəl şey ölüm yatağında “mən də yaşamışam” deməkdir. Anlara bağlı qalmaq bizi məhv edir. Gələcək nəsillərə bir irs qoymaq istəyiriksə, məncə, bu irs ləyaqətli bir həyatdan və yaxşı romanlardan ibarət olmalıdır. Mənim bu anda ürəyimin qan ağlamağının, ya da sevincdən göylərə uçmağımın heç bir fərqi yoxdur. Çünki hər ikisi ötəridir. Mən əbədiyyətə aşiqəm.

- Yaradıcılğınız haqqında əsas tənqidi fikir ondan ibarətdir ki, strukturu qurur, ideya da var. Amma mətnin bədii həlli yoxdur.

- Doğrusu, mən özüm haqqında belə bir şey oxumamışam. Hətta olmasa belə, bu mənə xoşdur. Mən belə yazıram, vəssalam.

- İki roman, bir çox hekayələr müəllifisiniz. Bəs zövqünə inandığınız ciddi bir adam tərəfindən yazıçı yox, esseist kimi qəbul olunmağınız sizi incitmir ki?

- Mənim Azərbaycanda zövqünə inandığım o qədər az adam var ki... Dostu-sadiq ya bir olar, ya iki. Öz zövqümdən başqa heç bir zövq mənə heç nə diqtə edə bilməz. Esseistlik də hər halda əclaflıq deyil, gözəl bir peşədir. Esseist kimi adlandırılmaq belə gözəldir. Mən belə şeylərdən incimirəm. Daxilimdə müdhiş bir yaradıcılıq enerjisi hiss edirəm.

- Amma esselər kitabınız yoxdur...

- Bir esseistika kitabı üzərində işləyirəm. Bu bir növ mənim mənəvi bioqrafiyam olacaq. 35 yaşıma qədər tamamlayacağam. Bu bir növ mənim özüm və xalq qarşısında mənəvi hesabatım olacaq. Bu münasibəti də anlayıram. Mənim bəlkə faciəm də budur. Özüm haqqında deyilən ən məkrli sözlərin belə mahiyyətini anlamaq. Ədəbi mühitdəki bəzi insanlar üçün mənim yazdıqlarım həqiqətən anlaşılmazdır. Çünki mən müasir Azərbaycan ədəbiyyatını başqa cür görürəm. Gələcək də mənim gördüyüm tərəfdədir. Mənim intellektual potensialımı heç kim inkar etmir. Və mən həmin o intellektual fəhmdən çıxış edirəm. Çoxsaylı oxucularım var. Onlar məni çox gözəl anlayırlar. Məni anlamayanlar isə köhnə ədəbi məktəblərin diqtəsində qalan, zamanın ruhunu anlamaqda çətinlik çəkənlərdir. Onları mən Ələt stansiyasında qoyub getmişəm. Onların fikri mənim üçün maraqlı deyil. Postmodernizmin nə olduğu barədə yarım səhifə heç bir nəzəri səhv buraxmadan yazı yaza bilməyən adamlar məni anlamırlarsa, mən bundan incimirəm. “Mövcud olan hər şey ağlabatandır” deyərdi müdrik qoca.

- Bəlkə də bu sual sizə verilməli deyil. Amma... Adətən, ziyalılar toy mahnılarını ələ salır, bəyənmirlər. Əllərinə girəvə düşəndə isə az qala sümükləri də oyanayır. Siz necəsiniz? Sümüyünüzə düşən toy mahnıları varmı?

- Çox nadir hallarda toya getdiyim üçün hansı mahnıların toy mahnısı olduğunu belə bilmirəm. Mən hər gün klassik musiqiyə qulaq asıram. İstisnasız hər gün. Amma bu mənim elit olmağımdan xəbər vermir. Eyni dərəcədə Ağadadaş Ağayevin “Keçdi daha” mahnısından da zövq alıram. Müasir estradamız haqqında çox məlumatsızam. Orda məni çəkən heç nə yoxdur. İncəsənətin 7 növü arasında məni ən az cəlb edəni də rəqsdir.

Suala görə isə narahat olmayın. Məncə, ən maraqlı sual bu idi.

- Deyirlər ki, əsgərlik kişilik məktəbidir. Siz bu fikirlə razısınız? Ümumiyyətlə, kişilik məktəbi nə deməkdir?

- Mən nəinki bu frazanı yaratmışam, onu heç işlətməmişəm də. Ona görə də bu sual üçün düzgün ünvan seçdiyinizi deyə bilmərəm. Mənim üçün insanlıq var. Kişilik məktəbi ifadəsi çox seksistcəsinə səslənir. Bəs qadınlıq məktəbi hardadır? Həyatımıza rəng qatan bu qədər gözəl və möhtəşəm qadın hansı məktəbdə təhsil alıb? Mən insaniyyətdən yanayam.

- Kimi dövlətdən ev istəyir, kimi maşın, vəzifə, kimi də fəxri ad istəyir. Bəs siz bir yazıçı kimi dövlətdən nə istərdiniz?

- Mən dövlətimizin mövcudluğu ilə fəxr edirəm. Bu dövlətin yaranmasında Azərbaycan ədəbiyyatının da misilsiz xidmətləri olub. Lakin dövlətdən nəsə istəməyin əleyhinəyəm. Məncə dövlət də bizdən heç nə istəməməlidir. Səviyyəli münasibət də budur.

- Ölkənin önəmli yazarlarından birisiniz. Ətrafınızda həbsə girənlər, işsiz qalanlar var. Heç öz-özünüzə "Nəsə etməliyəm" deyir, narahat olursunuzmu?

- Ritorik sual verirsiniz. Mən də ümumi bir cümlə deyim: “Öz ürəyini, vicdanını hiss edən hər bir insan buna görə narahat olmalıdır”. Həbsxanada çox gözəl dostlarım var, İlk növbədə Seymur Həzi, Asif Yusifli. Bəzən onlar üçün darıxıram.

- Sonda... Xanımınız sizi yenə də dahi hesab edirmi?

- Həyat yoldaşınıza müsahibədə dediyim bu fikirləri feministlər hələ müsahibə çap olunmamışdan əllərində bayraq edib onu təhrif etdilər. Mən ümumən yaradıcı insana qarşı ailədə münasibətdən danışırdım, özümdən yox. Bu yaradıcı insan kişi də ola bilər, qadın da. Düzünə qalsa, ailədə qadın ədəbiyyatçılarımızın daha çox diqqətə, sevgiyə, qayğıya ehtiyacı var. Bəzən deyirlər ki, qadınların Tolstoyu yoxdur. Mən elə düşünmürəm. Tolstoy kişi olmağın daşını çoxdan atmışdı. O ən ali həqiqətləri öz daxilində cəmləşdirən bir insanlıq mücəssiməsi idi. Bu miqyasda kişilik və qadınlıq sadəcə, gözə dəymir.


Müəllif: Çinarə Böyükçöl