27 Noyabr 2017 15:35
6 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar istənilən sahədə bayağılığın çoxaldığını hiss edirik. Sanki ciddi sənət nümayəndələri də kütlənin diqqətini cəlb etmək üçün qəsdən bayağılığa can atırlar. Bəs görəsən yazarlarımız kütləni cəlb etmək üçün bayağı nəsə yazıbmı? Və ya hansı yazısını özü bayağı hesab etdiyi halda, kütlə ciddi qəbul edir?

Teleqraf.com bu barədə sorğusuna verilən cavabları təqdim edirik.

Cəlil Cavanşir

- Kütləni cəlb etmək üçün xüsusi olaraq bayağı yazı yazmamışam. Amma yazdığım yazı məndən xəbərsiz bayağılaşıb, kütlənin diqqətini cəlb edib. Ümumiyyətlə, indiyə qədər ciddi hesab etdiyim heç bir yazı kütləni cəlb etməyib. Hansısa gözümdən düşmüş, zəif hesab etdiyim yazılar bəzən kütləviləşib, daha da gözümdən düşüb. Yaradıcılığımda nə qədər mənasız şeir, atüstü yazılmış diringi varsa, kütləvi şəkildə sevilir, alqışlanır. Mən artıq bu sevgidən it kimi qorxuram. Kütlədən qorunmaq üçün çalışacağam daha qulağa xoş gələn, "səmimi" heç nə yazmayım.

Aqşin Yenisey

- Kütləni cəlb etmək üçün heç nə yazmamışam, amma hər bir yaradıcı insan da kütlənin bir parçasıdır, zövqlərimiz fərqlənsə də, hislərimiz eynidir. Ona görə yazdıqlarımın içində kütləvi oxucunun göylərə qaldırdığı misralar, şeirlər, yazılar olub ki, dərhal zəif yerimi görmüşəm. Amma mən yazarın cəmiyyətdə həm də zəif yerləri ilə tanınmasının tərəfdarıyam. Yalnız bu zaman bötüv yaradıcı şəxsiyyətdən danışmaq olar. Hətta sosial şəbəkələrdə mənim ən zəif hesab etdiyim şeirlərimi sevir oxucular. Amma zəif oxucunun və zəif şerin yaşamaq haqqını almaq olmaz. Bu da ədəbi barbarlıq olar. Əslində, ədəbiyyat zəiflərin sənətidir və zəiflərin yanında olmalıdır. Ona görə mən kütlənin sevdiyi əsərlərə həmişə şikəst doğulan adamlar kimi qayğı göstərməyin tərəfindəyəm.

Fərid Hüseyn

- Mən ucuz zövqlərə hesablanmış yazılar və şeirlər yazmıram. Bəzi yazılarım olub ki, sonradan gözümdən düşüb, ancaq onları da yenidən işləyib dərc etmək olar.

Emin Piri

- Müharibə-sülh şeirlərimi ən ciddi adamlar o sahədə ən yaxşı şeirlər hesab edirlər. Bayağı olmasa da o şeirləri oxutdurmaq üçün başqa tipli yazılar yazmışam. Amma sırf böyük kütlə yox, hədəflədiyim kütlənin o şeirləri oxuması üçün. Mənə ən doğmaları, ciddi saydığım müharibə və sosial şeirlər olsa da nədənsə sevgi, erotika şeirlərimə diqqət göstərib daha çox zəng edib mesaj yazırlar. Səbəbini tam anlamasam da xoşdur da deyə bilərəm. O ki qaldı bayağı əsərə, məncə istedadlı adamın yaratdığı bayağılıq da istedadlı bayağılıq olur.

Aqşin Evrən

- Kütləni cəlb etmək üçün nəsə yazmaq təbii ədəbiyyat priyomudur, yəni burada sənətə zidd bir şey yoxdur. Lakin yaradıcı adam bu kütləpərəstlikdən sürətlə uzaqlaşmazsa, demək, bu artıq priyom yox, onun mahiyyətidir. Amma poeziya mənim üçün o qədər həssas məsələ olub ki, kütləyə hesablanmış bir misra belə yaza bilməmişəm. Mən heç vaxt oxucunun arxasınca qaçmadım, oxucunu yanıma çəkib onunla birgə addımladım. Nəzərə çarpmayan böyük bir reallıq var: bizim nəsil, yəni 2000-cilər, 2010-cular Azərbaycan oxucusuna sərbəst şeiri sevdirdi, şeirin sərhədsiz olduğunu, yalnız tabutdan, gül-çiçəkdən ibarət olmadığını göstərdi. Təbii, bunda bizdən əvvəl forma və məzmunca sərbəstdə yazan şairlərimizin də rolu böyükdür. Sualın ikinci hissəsinə gəldikdə, illər əvvəl hecada yazdığım bir şeiri hansısa səhifə paylaşmışdı. Yüzlərlə insan həmin şeir haqqında yüksək fikirlər yazmışdı. Ancaq mən o şeiri o qədər bəyənmirəm ki, rahatlıqla kiməsə bağışlaya bilərəm.

Rəşad Nağı Mustafa

- İllər öncə yazdığım şeiri indi gözdən keçirəndə mənə bayağı gəlib. Bu da yaşla və yaşadıqlarımla əlaqədardı. İndi bilmirəm o illər öncə yazdığım şeiri kütlə üçün yazmışam, yoxsa özüm üçün. Kütlənin bayağılaşdırdığı şeirlərim də var. Hislərim kütləyə tanış hislərdir. Ona görə də yazdıqlarım onlara doğma gəlir hardasa. Ta kütlənin cəlb etmək üçün xüsusi nələrsə etmirəm şeirdə.
Qeyd edək ki, bir neçə gün öncə Vusal Rzasoy adlı gəncin “Ayə, hara gedirsən, ayə” adlı mahnını ifa etməsi böyük səs-küyə səbəb olub. Bəzi insanlar bunu tənqid etsə də, bəziləri Vusalın bu addımını kütləni özünə cəlb etmək, bazara asan yolla girmək niyyəti kimi qiymətləndirib.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər