5 Fevral 2018 10:13
8 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənət dünyamızın bizi heyrətə salan, öz işıqlı əsərləri ilə qəlbimizi isidən klassiklərimizin bir də qaranlıq nöqtələri var. Bu nöqtələr bəzən memuarlara, xatirələrə də düşür.

Amma zamanla da unudulur, biz klassiklərimiz haqqında miflər yaratmağa başlayırıq. Halbuki onlar insan idilər və yalnız ədəbiyyatdan, kağızdan, səhifədən ibarət deyildilər. Onların hər biri öz dramalarını sona qədər yaşamışdılar. Bu layihədə Azərbaycan klassiklərini, yazıçıların, şairlərin, aktyorların bir sözlə adları, əsərləri ilə ölümsüzlük qazanmış şəxsiyyətlərin gizlində qalmış xatirələrinə işıq salacağıq. Onları daha çox tanımaq, daha çox sevmək, daha çox xatırlamaq və xatırlatmaq üçün...

Bu dəfə bir az yaxınlardan danışacağıq.

Nizami Cəfərovun “Keçən günlərin dastanı” (XAN nəşriyyatı, 2017) kitabı əsas etibarı ilə BDU və Akademiyanın elmi mühitinə həsr olunsa da, Nizami müəllim ədəbi mühitin ünsiyyətdə olduğu məşhur simaları haqqında maraqlı hadisələri qələmə alıb.

Aktyorlar arasında belə söhbət var: Şekspiri oynamaq çətindir yoxsa müasir əsərləri?

Əlbəttə, yaradıcılıq stixiyası baxımından klassiklərin əsərləri ifadə etdikləri dərin məzmun və emosional stixiya baxımdan daha mürəkkəbdir, amma söhbət sadə tamaşaçının baxışından gedirsə, müasir əsərlər daha çətindir.

Çünki tamaşaçı da bu müasir epoxanın içində yaşayır və bu mənada onun hansısa səhv tutmaq ehtimalı burda klassik əsərə münasibətdə daha yüksəkdir.

Bu mənada Nizami Cəfərovun da işi çətindir, çünki onun haqqında danışdığı adamlar yaxın dövrlərin adamlarıdır.

Lakin Nizami müəllim çox maraqlı əhvalatlarla xatirələrini qələmə aldığı şəxsiyyətləri bəzən başqa rakursdan göstərə, bir çox hallarda isə şəxsiyyətin bizə məlum olan ştrixlərini qüvvətləndirə bilir.

Elə başlayaq Hüseyn Ariflə bağlı xatirədən....

Xalq şairi

Rəfiq Zəka dostu Hüseyn Arif üçün Türkiyədən “xalq şairi” adı almışdı. (O zaman Hüseyn Arif hələ Azərbaycanın xalq şairi deyildi, sonralar olacaqdı. Q.T.) Hüseyn Arif də inanmışdı. Və təkidlə tələb edirdi ki, “Ədəbiyyat” qəzetində bu barədə məlumat getsin. Hətta orda-burda deyirdi ki, Nəriman Həsənzadənin mənə paxıllığı tutur deyə qəzetdə bu məlumatın getməyini istəmir. İş o yerə çatdı ki, hamımızın hörmət bəslədiyi professor Camal Mustafayev bizə zəng elədi, “Niyə şairi incidirsiniz?” dedi. Ona izah eləyəndə ki, Türkiyədə belə ənənə yoxdur, qağanı işə salıblar, Camal müəllim xeyli fikrə getdi, sonra “biabır olmuşuq ki...” dedi.

Bu hadisə baş verən dövrlərdə Nizami Cəfərov “Ədəbiyyat” qəzetinin “Tənqid və publisistika” şöbəsinin müdiri idi. Xəlil Rzanın əhvalatı da elə bu vaxtlarda olub.

Otuz səhifəlik ixtisar

Üsyankar şairimiz Xəlil Rza iri həcmli bir məqalə gətirmişdi. Böyük sənətkara dedim ki, məqaləni ixtisar eləsin. Hardasa otuz-qırx səhifə idi... Xahiş elədi ki, materialın hamısı getsin. Qaldım naçar. Xəlil Rza gedəndən sonra təcrübəli dostlardan biri dedi ki, Xəlil Rzada ölçü hissi yoxdur, özün ixtisar elə, özü də necə istəsən. Bilməyəcək. Məqaləni ixtisar edib on səhifəyə saldım və çap elədik. Xəlil Rza gəldi, təşəkkürünü bildirdi, sonra da əlavə elədi ki, “igid, sən deyirdin həcmi böyükdür, elə bu nömrədə ondan da böyük yazılar var”.

Ən böyük şair

Universitetdə Yusif Səmədoğlu ilə görüş keçirilirmiş. Yusif Səmədoğlu sözlərinə belə başlayıb. “Bilirsiz ki, mən natiq deyiləm...” Ancaq bütün çıxışı boyunca bir dəfə də kəkələmədi. (Böyük yazıçımızın nitqində qüsur vardı. - Q.T.) Tələbələrdən biri ona sual verdi ki, Vaqif Səmədoğlu sizin üçün kimdir? Yusif Səmədoğlu təbəssümlə belə cavab verdi: “Müasir dövrün ən böyük şairi”. Sonra əlavə etdi: “Xahiş edirəm, özünə də çatdırın”.

Generala bıçaq çıxartmaq

Rəhmətlik Fərman Eyvazlı danışırdı ki, Moskvada Ədəbiyyat İnstututnda oxuduğumuz illərdə Yusiflə restorana getmişdik. Yeyib-içirdik. Həzin musiqi də vardı. Birdən Yusif ayağa durub nəzakətlə qonşu stola yaxınlaşdı. Orda yaşlı bir general öz ailəsi ilə əyləşmişdi. Salam verdikdən sonra generala, təbii ki, rusca, soruşdu: “Olarmı gənc xanımı rəqsə dəvət edim?” General ona əvvəl tərs-tərs baxdı, sonra xoş görünüşünü, mütəvazi ədasını görüb “gənc xanım özü bilər, ona müraciət edin” dedi. Yusif yəqin ki, gənc xanımı çoxdan öz baxışları ilə ram eləmişdi. Və onlar restoranda əyləşənlərin gözləri qarşısında qeyri-adi bir rəqs elədikdən sonra kavaler gənc xanımı yüksək centlmen mədəniyyəti ilə öz yerində əyləşdirib generala təşəkkür elədi. Qayıdanda Yusifdən qızın kim olduğunu soruşdum. Generalın qızıdır dedi, ailəlikcə gəliblər... Yemək-içməyə davam elədim, ancaq bu dəfə zəhmli generalın sərt baxışları altında. İmkan tapan kimi Yusiflə qız gözləşirdilər. Və yəqin ki, qızın atası bunu hiss edirdi. Yusif bir də ayağa qalxıb, ancaq bu dəfə səndirləyə-səndirləyə. Generaldan qızı ilə rəqs etmək üçün növbəti dəfə icazə istəyəndə o kəskin şəkildə “olmaz” dedi. Və kavalerdən “nə üçün” sualını eşitdikdə daha da qəzəblənərək qışdırdı: “Get, burdan!”.

Fərman müəllim danışırdı ki, Yusifi heç belə görməmişdim. Əlini cibinə salıb bıçaq çıxardı, generalın üstünə gələndə general da tapançasına əl atıb bağırdı. Mən özümü itirmişdim. Yaxşı ki, restoran xidmətçiləri bura tez-tez gələn Yusifə hörmətlə yanaşırlamış. Hər ikimizi qomarğalayıb aradan çıxardılar... Və generalın bağırtı sədaları altında oranı tərk etdik.

Donos iclası

Eşitdiyimə görə, Yusif Səmədoğlu “Ulduz”a baş redaktor təyin ediləndə öz yerləri, redaksiyadakı mövqeləri, nüfuzları barədə narahat olmağa başlayan əməkdaşlardan “diribaşları” təklikdə baş redaktorun kabinetinə gəlib “yaxın adam” kimi ona işdəki münasibətlər barədə məlumat verirlər. Və bu proses təxminən bir ay davam edir. Bir aydan sonra baş redaktor redaksiyanın bütün əməkdaşlarını yığır ki, iclasdır... Stolunun gözündən diktafonunu çıxarıb qoyur ortalığa. Kimin-kimdən nə “donos” verməyi məlum olandan sonra “iclası” belə yekunlaşdırır: “Hamınız mənə yaxınsınız, gedin öz işinizlə məşğul olun”. Və bu yeni baş redaktorun ilk yox, son iclası olur.

Ramiz Rövşənə çətin sual

80-ci illərin əvvəllərində Ramiz Rövşən o zaman hələ gənc olan müəllimimiz Firudin Cəlilovun müşayiəti ilə Universitetin filologiya fakültəsinə görüşə gəldi. Biz sonuncu kurs tələbələri də həmin görüşdə idik... Özü də ən arxa sıralarda oturub Azərbaycan poeziyasının yeni tarixi mərhələsinin əsasını qoymaq iddiasında olan şairin iddiaları ilə imkanlarını müqqayisə etmək fikrinə idik. Hər şeydən əvvəl ona görə ki, bizim özümüzün də iddialarımız az deyildu.

Firudin müəllim şair haqqında çoxlu tərifli sözlər dedi. Və onu da əlavə etdi ki, Ramiz Rövşən böyük bir intellekt sahibidir, hansı sahədən olsa suallarınızı verə bilərsiniz.

Həm məclisin səviyyəsini yüksəltmək (təbii ki, öz aləmimizdə) həm də şairin çox təriflənən intellektini sınamaq üçün ona bir sual yazıb göndərdik: “Ramiz müəllim, sizi öz yaradıcılığınızın, üslubunuzun psixolinqvopoetik suqqestasiyası barədə nə deyə bilərsiniz?”.

Şair kağıza göz gəzdirərək gülə-gülə:

- Mənə bir sual göndəriblər, ancaq, deyəsən qeyri-ciddidir. “Siz öz yaradıcılığınızın, üslubunuzun psixolinqvopoetik situasiyası barədə nə deyə bilərsiniz?”

Və kağızı kənara qoyub başqa suala cavab vermək istəyəndə yerimdən səsləndim:

- Ramiz müəllim, söhbət “situasiyadan” yox, “suqqestiya”dan gedir.

Şair özünəməxsus səmimiyyətlə etiraf etdi ki, ona belə bir söz hələ rast gəlməyib.

Görüş qurtardıqdan sonra biz yuxarı kurs tələbələri özümüzdən razı halda bir-birimizə deyirdik ki, zəmanəmizin böyük mütəfəkkirinə sübut elədik ki, bizim səviyyəmiz ondan o qədər də aşağı deyil.

O ki, qaldı “suqqestiya” termininə, mənasə “təqdim”, “təklif” və ya “təlqin” deməkdir. Və biz yaradıcılığı, üslubu, cəmiyyət, ədəbi-ictimai mühitə əhəmiyyətli təsir göstərmiş, geniş rezonans yaratmış şairdən soruşmaq istəyirdik ki, bu ciddi uğura nə ilə nail olub? “Şeir bazarı”na hansı “matah”la çıxıb? Əsas uğuru mövzudadır, ideya-məzmundadı, yoxsa poetik ifadə texnologiyalarında?

Nisyə tut arağı

Mən dekan olandan sonra Məhəmmədəli (Qıpçaq) Novruzovun (Hazırda BDU-nun “Türkologiya” kafedrasının professoru, millət vəkili Siyavuş Novruzovun böyük qardaşı) ilk məsləhətlərindən biri o oldu ki, “filan müəllim uşaqları incidir, elə bir savadı da yoxdur, eşitdiyimə görə, xırda alverlə də məşğuldur. Qoy dəqiqləşdirim, sənə imzasız bir şikayət məktubu yazacam, çağır onu danla, özünə yığışsın...” Həmin müəllimi mən də tanıyırdım, bilirdim ki, məzmunsuz adamdır. Dedim, dəqiqləşdir, gör nə məsələdir.

Bir-iki gündən sonra gəldi ki, hər şey aydındır. Hardansa iki-üç yüz litr tut arağı gətizdirib satmaq istəyir, ona-buna təklif edir... Dedim, a kişi, adam da tut arağını satarmı? Dedi, elə bədbəxtdir də! Heç nisyə də vermir...


Müəllif: Qan Turalı

Oxşar xəbərlər