1 Mart 2018 19:57
2 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim söz haqqında anlayışımıza yeni bir məna gətirir.

"Söz adamı” layihəsinin növbəti qonağı Dilqəm Əhməddir.

- Dilqəm bəy, öncə ənənəvi səslənsə də, belə bir sual vermək istəyirəm: Necə oldu ki, mühacirət ədəbiyyatını tədqiq etməyə başladınız?

- Mən tələbəlik illərindən etibarən Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin həyatını öyrənir, onunla bağlı çap olunan kitabları toplayırdım. O zamanlar düşünürdüm ki, Rəsulzadə və onun silahdaşları haqqında hər şey yazılıb, yeni bir şey yoxdur. Amma zamanla gördüm ki, məsələ heç də düşündüyüm kimi deyil. İstər 23 aylıq cümhuriyyətimiz, istərsə də, mühacirət həyatımız olduqca zəngindir və əslində, öyrənilənlər çox cüzi bir hissədir. Bu baxımdan mən də bu sahə ilə daha dərindən maraqlanmağa başladım. Bir təsadüf nəticəsində 2014-cü ildə mühacir şair Almas İldırımın internet üzərindən orijinal bir fotosunu əldə etdim.

Foto digər mühacir Mirzəbala Məhəmmədzadəyə imzalanmışdı. Mən bu fotonu əldə etdikdən sonra Türkiyədə yaşayan şəxslə əlaqə qurdum, onda bizə aid başqa nələrin olduğunu soruşdum. Həmin şəxs əlində olan Azərbaycana aid materialları bir-bir mənə göndərməyə başladı. Mən o qədər həyəcan keçirdim ki, sözün həqiqi mənasında əlim-ayağım əsdi.

Çünki onun göndərdiyi materiallar Azərbaycanda bilinmirdi və bunları mütləq alıb tariximizə qazandırmaq lazımdı. Belə də etdim. Hər ay o şəxsin arxivindəki materiallardan almağa başladım. Material o qədər çox idi ki, buna maddi imkanım yetmədi, başladım feysbuk üzərindən vətəndaşlardan pul toplamağa. Sağ olsunlar, xeyli dəstək gəldi. Eləcə də, bir şirkətə layihə yazdım, onlar da kömək etdi.

Nəticədə iki kitablıq material aldım. Xüsusi qeyd edim ki, bu kampaniyama Avropada yaşayan azərbaycanlılar daha həssaslıq göstərdilər. Görünür, qürbətdə yaşayanlarımız mühacirət irsinin necə həssas olduğunu daha yaxşı bilirlər. Tədqiqatlarımda mənə hörmətli professor Ədalət Tahirzadə və Ankarada yaşayan mühacirətşünas alim Ömər Özcan bəy çox kömək etdilər.

- Bildiyim qədər kolleksiyanızda maraqlı tarixi sənədlər, şəkillər var. Bu kolleksiyalar içərisində ən çox dəyər verdiyiniz kolleksiya nümünəsi hansıdı?

- Ən çox dəyər verdiyim iki material var. Biri "Mühacirlərin dönüşü” kitabımızın üz səhifəsinə qoyduğumuz fotodur. Bu, Məhəmmədəmin Rəsulzadənin başçılığı ilə İstanbulda olan Azərbaycan nümayəndə heyətinin Osmanlı heyəti ilə çəkdirdiyi fotodur. Fotoda azərbaycanlılardan Rəsulzadə, Xəlil bəy Xasməhəmmədov, Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov, Əbdülhəmid Qaytabaşı var. Ən çox pul ödədiyimiz material da budur. 600 dollar.

Digər ən qiymətli material Azərbaycan Cümhuriyyətinin ilk gerbinin sulu boya ilə çəkilmiş təsviridir. 1920-ci illərdə mühacirətdə naməlum rəssam tərəfindən çəkilib. Bilirsiniz, gerb Cümhuriyyət dönəmində təsdiqlənsə də, istifadə edilə bilmədi. Gerbi mühacirətdə Rəsulzadə təbliğ elədi.

- Heç olubmu bu kolleksiyaları sizdən pul təklifi ilə almaq istəyənlər olsun?

- Kolleksiyamı Azərbaycanda müxtəlif muzeylər, kitabxanalar istəyib. Amma qarşılıqsız. Mənim dövlət kitabxanalarına, muzeylərinə böyük hörmətim var, özüm də onlardan faydalanıram. Sadəcə İstanbulda yaşadığım iki il müddətində gördüm ki, burada fərdi muzeylərə böyük maraq var, artıq ənənə formalaşıb. Ona görə də mən də Bakıda fərdi muzey və kitabxana açmaq arzusundayam. Adını da "Cümhuriyyət muzeyi” kimi düşünmüşəm. Bu işdə mənə dövlət, biznesmenlər kömək etsə, çox sevinərəm. Hələ ki arzu olaraq qalır.

- Mühacirət ədəbiyyatını araşdırarkən daha çox hansı çətinliklərlə qarşılaşırsınız?

- Mühacirət irsimiz Avropa və Türkiyədə olduğu üçün mütləq şəkildə bu ölkələrdə olmaq lazımdır. Mən İstanbulda yaşadığım müddətdə oranın kitabxanalarında bizə aid xeyli materialların surətini çıxardım.

Mühacirlərin əməkdaşlıq etdiyi jurnallar bizim kitabxanalarda yoxdur. O materiallar üzərində çalışmaq üçün mütləq İstanbul, Ankara, Qars, Amasya kimi şəhərlərdə yaşamaq lazımdır. Hazırda Bakıdayam, əlim çatmır. Ona görə də müntəzəm şəkildə o şəhərlərdə qalmaq lazımdır. Bu isə maddiyyat tələb edir. Mənim araşdırma ilə bağlı yeganə çətinliyim maddi problemlərdir. Olur ki, nadir materiallar satışa çıxır, ala bilmirəm. Çünki vətəndaşlar da bir yerə qədər dəstək ola bilir.

Mən Türkiyədə auksionları, qədim kitablar satan şəxsləri müntəzəm izləyirəm. Təəssüf ki, gözümün qabağında nə qədər dəyərli materiallar pul olmadığı üçün başqalarına qismət olur.

- Bizim arxivlərdə mühacirətlə bağlı sənədlər hansı vəziyyətdədi?

- Hörmətli Ramiz Abutalıbov illərdir ki, Avropadakı mühacirət arxivlərin ölkəmizə gətirir. Xüsusən, Əlimərdan bəy Topçubaşovun, Ceyhun Hacıbəylinin arxivləri onun sayəsində vətənimizdədir. Ramiz bəy özü də bu mövzuda xeyli kitab müəllifidir, yaşına və səhhətinə baxmayaraq hazırda da eyni həvəslə çalışır. Allah ona can sağlığı versin. Xüsusən, onun gürcü tarixçisi Giorgi Mamulia ilə birlikdə yazdığı "Odlar yurdu” kitabı mühacirət tariximizin öyrənilməsində əvəzsiz qaynaqdır.

Professor Ədalət Tahirzadə Cümhuriyyət tələbələrindən mühacirətdə yaşayanların həyatını tədqiq edib, onların nəsilləri ilə görüşüb, xeyli material əldə edib. Nəsiman Yaqublu Sovetlərin dağıldığı ilk illərdən Azərbaycan mühacirət tarixini tədqiq edir, Polşa arxivlərində çalışıb,topladığı materialları arxivlərimizə təqdim edib. Uzun illərdir Türkiyədə yaşayan tədqiqatçımız Əfqan Vəliyev böyük bir arxivi məhv olmaqdan xilas edib və dövlət arxivlərinə hədiyyə edib. Hazırda Azərbaycanın Macarıstandakı səfiri olan Vilayət Quliyev mühacirətə aid nadir mətnləri "525-ci qəzet”də illərdir bizə təqdim edir. Həmçinin Abid Tahirli, Xaləddin İbrahimli, Nikpur Cabbarlı, Xanlar Bayramov, Əli Şamil, Musa Qasımlı, Bədirxan Əhmədli, Akif Aşırlı, Mehdi Gəncəli, Tahir Əliyev kimi alimlərimiz illərdir bu mövzu ətrafında çalışır, arxivlərimizə xeyli material qazandırıblar. Yəni mən arxivlərimizin qənaətbəxş olduğunu hesab edirəm.

- Bu həftə "Fərqlilər” kitabınızın imza günü olacaq. Kitab haqqında oxucalara nə deyə bilərsiniz?

- Kitab mənim 20-dən çox məqaləmdən ibarətdir. Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Cəlil Məhəmmədquluzadə, Almas İldırım, Rəsulzadə, Üzeyir Hacıbəyli, Nuru paşa, Ruhulla Axundov, İsmayıl Qutqaşınlı, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmmədsəid Ordubadi və digər şəxslərin həyatı ilə bağlı oxucuları maraqlandıracaq bilgilər təqdim etmişəm.

Kitabda şəxsi arxivimdə olan Əli bəy Hüseynzadənin hələ "Həyat” qəzetində çalışarkən İstanbula göndərdiyi məktubun mətni yer alıb. Eləcə də, kitabda Topçubaşovun, Rəsulzadənin, Əhməd bəy Ağaoğlunun arxivimdə olan yeni fotolarını təqdim etmişəm. Bu baxımdan kitab zəngindir və rəğbət qazanmasının səbəbi də budur.

- Belə bir təəssürat yarana bilər ki, geosiyasi baxımdan Azərbaycan mühacirət həyatı daha ağır olub. Qonşu ölkələrdə vəziyyət necədir?

- Azərbaycan siyasiləri mühacirətdə daha çox gürcülər, krımlılar, idil-urallılar və türküstanlılarla yaxın əlaqələr qurublar. Şimali Qafqaz nümayəndələri ilə münasibətlərimiz bir qədər dəyişik olub. Bir qism mühacirimiz onlarla yaxın münasibətdə olub, amma Rəsulzadə qanadı məsafə saxlayıb. Bunun da bəlli səbəbləri vardı. Azərbaycan mühacirətinə Avropada böyük maraq olub.

Təsadüfi deyil ki, böyük şəxsiyyət Pilsudski Rəsulzadəyə dəstək verib, "Prometey” cəmiyyəti yarandıqdan sonra Azərbaycan mühacirəti xeyli aktivləşib. II Dünya müharibəsi illərində Almaniya mühacir siyasilərlə maraqlanıb, legionların qurulmasında onlardan faydalanıb. Mühacirlər də daim çalışıblar ki, həm maddi olaraq dəstək tapsınlar, həm də onların siyasi iddialarını həyata keçirəcək qurumlarla münasibət qursunlar. Əlbəttə ki, mühacirət ağrılı həyat deməkdir. Mühacirlərin bir-birilərinə yazdığı məktublardan görürük ki, necə kasıblıq içində yaşayıblar. Rəsulzadə həm də səhhətinə görə xeyli əziyyət çəkib. Amma buna baxmayaraq öldükləri günə qədər Azərbaycan davasını aparıblar. Qonşularla müqayisədə isə ümumi vəziyyətin eyni olduğu görünür.

- Bədirxan Əhmədlinin mühacirət ədəbiyyatının təşəkkülü, problemləri mövzusunda yazmış olduğu məqalədə belə bir məqam var: "Ümumən, ədəbiyyatşünaslığımızda mövcud olan bir neçə qüsur mühacirətşünaslıqdan da yan keçməmişdir; birincisi, opponentin arqumentinə qarşı fakt qoymaq əvəzinə, bir və ya bir neçə cümlə ilə sözünü deyib keçmək”. Bu fikrə münasibətiniz necədir?

- Şübhəsiz ki, hər sahədə olduğu kimi mühacirətşünaslıqda da bir məsələ ətrafında fikir yürüdərkən ortaya fakt qoyulması zəruridir. Mühacirətin ədəbiyyat tərəfində ciddi problemlər yoxdur. Siyasi tərəfinin tədqiqində problemlər ortaya çıxır. Məsələn, mühacirətdə Rəsulzadə ilə Şəfi bəy Rüstəmbəyli arasındakı qarşıdurma, eləcə də Topçubaşovla Rəsulzadə arasındakı problemlər. Bu mövzuları araşdırarkən çox diqqətli olmaq, oxuculara zərərli bilgilər ötürməmək lazımdır. Bəzən insanlar bu kimi faktları lazımsız məcraya yönəldir, böyük şəxsiyyətləri qaralamaq istəyirlər. Ona görə də mühacirətşünas alimlər bu məsələdə diqqətli olmalıdırlar.

- Nikpur Cabbarlının Azərbaycan mühacirət nəsri kitabında B.Ağaoğlunun "Solovkidə gördüklərim” adlı sürgün xatirələrindən danışılır. Həmin dövrün mühacirət ab-havası necə duyulur bu xatirələrdə?

- Bu xatirələr "Bildiriş” qəzetində çap olunub. Bilirsiniz ki, Azərbaycan Cümhuriyyəti işğal edildikdən sonra bolşeviklər milli aydınları, siyasətçiləri ya Nargin adasında güllələyir, ya da ki Sibirə sürgün edirdilər. Sürgün düşərgələrindən biri də Solovki idi. "Bildiriş” qəzetində Solovkidən qaçanların orada gördükləri dəhşətli əziyyətlərdən bəhs edir. "Solovkidə gördüklərim” bir dəfə kitabça kimi çap olunub, amma yenidən daha yaxşı formada çapına ehtiyac var.

- Mühacir ədəbiyyatının nümayəndələri həm də söz adamları idi. Ümumiyyətlə, "Söz adamları” kimlərdir və onların cəmiyyətdə rolları nələrdən ibarətdi?

- "Söz adamı” deyildikdə, mənim beynimdə ilk öncə nəyisə tarixə keçirə bilən adam canlanır. Bu baxımdan mühacirlərimiz də "söz adamı” olublar. Baş verən hadisəni tarix üçün yazmaq çox vacibdir. Mən bu gün Azərbaycan mühacirətini araşdırarkən kimlər daha çox xatirə, məqalə yazıbsa, o şəxsiyyətlərə daha çox hörmət bəsləyirəm.

Çünki o adamlar başa düşüblər ki, həmin şəxslər Azərbaycanda tarixi yaradıblar, amma o tarixin itməməsi üçün onu yazmaq da lazım idi. Bu baxımdan mən mühacirətdə ən çox yazı yazan Məhəmmədəmin Rəsulzadə, Mirzəbala Məhəmmədzadə, Məhəmmədsadıq Aran kimi şəxsiyyətləri daha çox sevirəm. Çünki onlar böyük bir irs qoyublar. Biz mühacirət tarixini məhz onların əsərlərindən öyrənirik.

- Ədəbi mükafatlara münasibətiniz.

- Ədəbi mükafatlar vacibdir. Çünki bu, həm yazıçının əməyini qiymətləndirmək üçündür, həm də ona maddi dəstək vermək üçün. Amma Azərbaycanda problem daha çox mükafatı verənlərlə bağlı olur. Ara-sıra eşidirik ki, hansı ədəbi mükafatın qiyməti nə qədərdir. Bu baxımdan obyektivlik təmin olunarsa, mükafatlandırma pis şey deyil.

- Dünya ədəbiyyatından oxumağa vacib bildiyiniz əsərlər.

- Mən XIX əsrdən daha çox XX əsr ədəbiyyatının öyrənilməsini və oxunulmasını məsləhət bilirəm. Özüm Corc Oruelli, Con Maksvell Kutzeeni, Dino Buzzatini, Knut Hamsunu çox sevirəm, bunların yazdıqları əsərləri vacib bilirəm.

- Müasir dövr Azərbaycan ədəbiyyatından kimləri oxuyursunuz?

- Şairlərdən Aqşin Yeniseyi, Qismət Rüstəmovu, Aqşin Evrəni, Elçin Aslangili, Könül Həsənqulunu, Günel Şamilqızını, Emin Pirini, yazıçılardan Kənan Hacını, Həmid Piriyevi, Günel Eyvazlını və başqalarını izləyirəm.

- Son olaraq "söz” haqqında sözünüz...

- Mən deyilənin deyil, yazılanın qaldığına inanıram. Ona görə də söz mütləq şəkildə yazıya çevrilməlidir ki, tarixdə qalsın. Sokrat taleyi dünya tarixində həmişə olmur (Adalet.az).

Söhbətləşdi: Tural Cəfərli


Müəllif: