30 Aprel 2018 09:27
11 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Elxan Elatlıdır.

Əsl yaradıcı insan keyfiyyətli vəzifə apara bilməz

– Elxan bəy, yazı-pozu adamları adətən, ilk gənclik illərində ali təhsil almaq üçün gəldikləri Bakıda qalıb yaradıcılıqlarını burdan davam etdirirlər. Onların tanınması, parlaması üçün münbit zəmin hər zaman məhz Bakıda mövcud olub. Sizinlə bağlı isə fərqli mənzərə müşahidə olunur. Ali təhsil aldıqdan sonra doğma kəndə qayıdıb pedaqoji fəaliyyətlə məşğul olmusunuz və icra orqanında çalışmısınız. Paytaxta növbəti gəlişiniz 40 yaşın astanasına təsadüf edib. Bu proses necə baş verdi?

– Kənddə uzun illər – 16 il müəllim, məktəb direktoru, icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsi işləyəndə də qocaman müəllimlərim, məni ürəkdən istəyən insanlar buna bir qədər qəribə baxırdılar. Onlar deyirdilər ki, səndə hansısa potensial var, burda qalmamalısan, bu vəzifələr sənlik deyil. Yeri gəlmişkən, deyim ki, həmin vəzifələrdə də mən tamamilə fərqli bir insan olmuşam. Yəni, mən bu fikirdəyəm ki, əsl yaradıcı insan vəzifə adamı, məmur ola bilməz. Sənin xəyalların müəyyən qədər öz yaradıcılığında olur, daha humanist insan olursan, bir qədər qəribəliklərin olur. Ona görə də apardığım o işlərdə məndən razı qalsalar da, əslində, mən vəzifə üçün doğulan bir insan olduğumu qətiyyən deməzdim. Bunlar bir təsadüf idi.

Məşhurlaşmaq arzum yeniyetməlik illərimdə qalmışdı

Belə demək mümkünsə, 15 yaşımdan yaradıcılığa başlamışam. 25 il ruhdan düşmələr, yenidən ruhlanmalar olub. Bura tələbəlik illərim də daxildir. Məni çap etmirdilər. Uşaqlıqda yazdığım kiçik hekayələri “Pioner” jurnalı da çap etmirdi. Yalnız kiçik yumoristik, satirik miniatürlərimin “Kirpi” jurnalında çap olunmasını o illərdə böyük qələbə saymışam. Bir də rayon qəzetində çox kiçik, məlumat xarakterli yazılarım dərc olunurdu. Onlara məqalə də demək olmazdı. Nəhayət, qeyd etdiyiniz kimi, 40 yaşın astanasına gəlib çatdım. Kənddə yaşayırdım, nə Bakıya köçmək fikrim, nə də elə bir marağım var idi. Məşhur yazıçı olmaq, tanınmaq arzularım yeniyetməlik illərimdə qalmışdı. 25 il az müddət deyil. Bu 25 il ərzində istənilən şəxs öz arzusundan əl çəkib sakit otura bilər.

Övladıma görə Bakıya köçməli oldum

Bakıya köçməyim övladımla əlaqədar oldu. Direktoru olduğum məktəb 9 illik idi. O isə ali məktəbə daxil ola bilmək üçün 11-ci sinfi bitirməliydi. Bunun üçün 11 illik orta məktəbi olan qonşu kəndə piyada gedib-gəlmək tələb olunurdu. Mən bunu istəmədim. Yalnız onun xatirinə Bakıya köçdüm. Orta məktəb axtararkən, müəyyən çətinlik çəkdim. Təsadüf elə gətirdi ki, o öz arzusuna uyğun olaraq, imtiahan verib Bakı Anadolu Liseyinə qəbul olundu. Dörd il orda oxudu. Mən də ona görə 4 il Bakıda yaşadım. Sonra övladım Türkiyədə Hacəttəpə Universitetinin Tibb fakültəsinə daxil oldu. Beləliklə, Bakıda ilişib qaldım. Bakıya gəldiyimin ikinci ilində şeirlər yazdığımı bilən, qonşuluqda yaşayan xanım jurnalist az qala məcburən şeirlərimi alıb heç harada yerləşdiyini belə bilmədiyim “Səda” nəşriyyatında kitab halında çap etdirdi. Rəhmətlik Əlibala Hacızadəyə deyiblərmiş ki, şeirləri oxuyub ön söz yazın. O da həqiqətən oxumuş və xoş ön söz yazmışdı. Heç onun üzünü də görməmişdim, o adamla çox sonralar tanış oldum. O kitab mənə fərəhli bir şey vermədi. Bilirsiz ki, pulu az verəndə, qənaət olanda kitabın üz qabığı keyfiyyətsiz olur. Bu da 300-dək şeir toplansa da, əslində, üz qabığı nazik bir kitabça idi. Ancaq elə bil kimsə mənə dedi ki, bir kitabın çıxıb, qoy biri də çıxsın. Yəni, marağım olmaya-olmaya ikinci kitabı da buraxdım.

– Detektiv janrda əsərlər yazmaq ideyası necə yarandı?

– Bu janra uşaqlıqdan marağım var idi. Bu maraq məni detektiv yazmağa həvəsləndirdi və 4 hekayə yazdım. Onları harda çap etdirəcəyimi bilmədim. Onu da deyim ki, bu hekayələri yazanda hələ Bakıya gəlməmişdim. Hardasa 1998-99-cu illər idi. Durub bu məqsədlə Bakıya gəldim. “Detektiv” adlı qəzet var idi, (Mərhum Elçin Səlcuqun qəzeti. – red.) düşündüm ki, yəqin onlar çap edər. Getdim, görüşdüm. Dedilər ki, sadəcə qəzetin adı “Detektiv”dir. Bizdə ədəbiyyata cəmi bir səhifə ayrılır, bu, ictimai-siyasi qəzetdir. Dedim, çox xahiş edirəm, mənim bu hekayələrimi oxuyun. Dedilər, siz də yaxşı bilirsiz, hələ özünü təsdiq etməyən yazıçıya heç kim müsbət nəzərlə baxmır. Dedilər, qoy get, baxarıq. Dedim axı, burda bekar oturmusuz, oxuyun da heç olmasa. Nə isə, o hekayələri bunların yanında qoyub çıxdım.

Rayonda köşklərdən birinə tapşırdım ki, “Detektiv” qəzeti gələndə onları mənim üçün yığın. O boyda rayona cəmi ikisi gəlirdi, tapşırdım ki, birini mənim üçün saxlayın. Lakin bunu gec dedim. Fikirləşdim, qoy bir ay sonra deyim. Çünki ən tezi bir ay sonra çap edəcəklər. Sən demə, həmin bir ay ərzində artıq çap ediblər. Sonradan aylarla gözlədim, gələn qəzetləri yığdım. Çox sonra eşitdim ki, bəyəniblər və tezliklə çap ediblər. Mən bunun sevincini yaşaya bilmədim. Həmin hekayələrin çap olunduğu qəzeti indiyədək də görməmişəm.

Yadınıza gələr, “Serial” və başqa bir neçə bulvar qəzeti vardı. Getdim onların yanına. O zaman artıq “İtmiş qızın axtarışı” povestim hazır idi. Onu da, hekayələrimi də göstərdim. Ora əsasən, hekayələrimi verdim. Hekayələrə baxdılar, dedilər ki, yaxşıdır. Amma bizə uyğun deyil. Bir hekayəni bir nömrədə çap edəcəyik, oxuyacaqlar, maraq yaratmayacaq. Biz istəyirik ki, serial olsun, siz bizim üçün yazsanız, mütləq dialoqları, mövzunu uzadın. Yəni, mənə belə çox qəribə məsləhətlər verdilər. Bu məsləhətin mənfi tərəfləri oldu. Növbəti povestdə, – “O gecə yağış yağırdı”da bir qədər uzunçuluğa yol vermişəm. Çünki onların sifarişi ilə mövzunu uzadırdım ki, onu bölüb çap etsinlər. O günləri təəssüflə və istehzalı təbəssümlə xatırlayıram. Elə oldu ki, sonra heç getmədim, çap etdirmədim.

Oxucu zəng edib kəskin şəkildə dedi ki…

Sonra iki povest və 4 hekayədən ibarət kitabım 200 tirajla çap olundu. Həmin vaxt artıq Bakıda yaşamağa, işləməyə başlamışdım. Məktəb direktoru təklif etdi ki, sonuncu iki kitabını gətir, mən onları müəllimlərə paylayaram. Direktor 20-30 müəllimə kitabımı payladı. Bu da insanlarda aqressiya yaradır axı… Tanınmayan bir adam, nəyimə lazımdı sənin kitabını oxuyum və sair. Hətta, həyatımda ilk dəfə bir oxucu zəngi aldım. O da çox güman ki, həmin müəllimlərdən biri idi. Zəng edib kəskin şəkildə dedi ki, yazdığınız başdan-ayağa cəfəngiyyatdır. Çox güman ki, heç oxumamışdı da. O hadisənin üzərindən 10-15 il keçib. İndiyədək bir dəfə də mənfi rəy eşitməmişəm.

“Xəyanət”dən sonra tanınmağa başladım

– Və tədricən tanınmağa başladınız…

– Tanınmağımda əsas rolu “Xəyanət” romanı oynadı. “Xəyanət” romanını 200 tirajla çap etdirmək istədim. Sonda dedilər, bəlkə bundan bizə 1-2 nüsxə hədiyyə verəsən? Dedim, 50-si sizə qalsın, mənim bu qədər kitabı paylamağa adamım yoxdur. Bax, həmin 50 kitab tanınmağımda ilkin rol oynadı. Çünki nəşriyyat həmin 50 kitabı nəşriyyata gələn ziyalı insanlara paylamağa başladı. Bir qismini isə deyəsən, satmışdılar. Xoş sözlər gəldi, ən çox da Masallıdan reaksiyalar oldu. Çünki həmin nəşriyyatın direktoru Masallıdan idi, istər-istəməz tanışlarına paylayanda bir çoxu Masallıya gedib çıxmışdı. Onda ümid yarandı. Növbəti kitab – “Qan ləkəsi”ni yenə 200 tirajla çap etməsinə baxmayaraq, pul istəmədi. Onu da özü yaydı və belə deyək, nəşriyyatlarda mənim kitablarımı çap etdirmək və mənə qonorar verməklə bağlı cəsarət yarandı.

– İndiyədək neçə kitabınız çap olunub?

– Ümumilikdə, 28. Onlardan 6-sı şeir və məntiqi riyaziyyat məsələləri, 22-si detektiv əsərlərdir.

10 yaşdan 80 yaşadək çoxlu oxucularım var

– Əsərlərinizin kütləvi oxunmasının, ən çox satılan kitablar sırasında olmasının belə deyək, sirri nədədir?

– Mən bunun səbəblərini müəyyən qədər bilirəm. Amma məndən daha çox ədəbiyyat tədqiqatçıları, yaxud hamının dediyi kimi desək, ədəbi tənqidçilər tədqiq etsəydilər, mənim üçün də maraqlı olardı. Ədəbi tənqidçilər əllərinə qələm götürdükdə qarşılarına Elxan Elatlını yerlə-yeksan etməyi yox, “balam, baxaq görək, bu insanı niyə oxuyurlar” sualını qoysalar, buna cavab tapmış olardıq. Mənim 10 yaşında və 80 yaşında şəxsən tanıdığım həddən artıq çoxlu oxucularım var. Demək, 10 yaşdan 80 yaşadək hər bir insan bunu oxuyub anlaya bilir. Deyək ki, sadə yazır. Sadə yazan da çoxdur. Sadə yazmaqla iş bitsəydi, hamı sadə yazardı. Yəqin ki, bir neçə səbəb var. Mən bir neçə səbəbi özlüyümdə duyuram. Biri ola bilsin, səmimiyyət, oxucunu aldatmamaqdır. Guya heç oxucu üçün yox, özün üçün yazırsan. Mənə elə gəlir ki, müvəffəqiyyətin bir səbəbi bundadır. Çünki mənə əsas “Xəyanət” romanı uğur qazandırıb, amma yaxşı yadımdar, mən o romanı heç çap üçün yazmırdım. Bundan əvvəl iki detektiv kitabım çıxmışdı, onların heç biri uğur qazanmamışdı.

Bəzən deyirlər ki, oxucuların bu gün nəyi sevdiyini düşünüb onu yazırsan. Bu da düzgün deyil. Burda bir təsadüf də var. Ola bilsin, mənim duyğularımla oxucuların arzuları üst-üstə düşür. Mən nəyi sevirəm, nəyi duyuram, onu yazıram. Oxucular da onu bəyənir.

Baş qəhrəmanları rüşeymdən yaratmışam

– Maraqlıdır, əsərlərinizin real həyatda prototipləri kimlərdir?

– Prototiplər yoxdur. Əgər mənim əsərlərimin baş qəhrəmanlarından söhbət gedirsə, onları sadəcə özüm düşünüb rüşeymdən yaratmışam. Əvvəl adını, sonra soyadını düşünmüşəm. Onlara xarakterlər vermişəm. Ta ki, gözümün qarşısında onu canlandırıb insana çevrilənədək onların üzərində işləmişəm. Buna tam əmin olun. Həm “Qanbay Qasımlı”, həm “Ələmdar Məlikov”, həm “Ələkeçməz Yaquar” əsərindəki Axilles ləqəbli Ayxan Asayev, həm də “Gültən Dəmirli – Vaşaq özümün yaratdıqlarımdır. Amma üçüncü, dördüncü dərəcəli obrazlar var ki, bəzən həyatda gördüyüm bir insanı romana salıram. Bəzən həmin insanın adını da dəyişmirəm. Bu, mənim özümə də xoş gəlir.

– Yəni, povest və romanlarınız əksər yazıçılar kimi bədii təxəyyülünüzün məhsuludur?

– Bəli, bu, tamamilə belədir.

– Real həyatdan götürülməyib, düzdür?

– Real həyatdan fotosurət kimi götürülməyib. Lakin əslində hamısı həyatda ola bilən hadisələrdir. Gördüklərimin, eşitdiklərimin bir yerə yığılıb təb gələn anda ortaya çıxan nəticəsidir.

Polisdə kitab oxuyanlar həddən artıq çoxdur

– Ancaq bəzi detektiv yazarların hüquq-mühafizə orqanlarında mənbəyi olur…

– Hələ indiyədək bir polisdən, yaxud digər hüquq-mühafizə orqanı əməkdaşından məsləhət aldığım olmayıb. Bunu tam səmimiyyətimlə deyirəm. Atamın polis dostları vardı, gəlib oturub yeyib-içirdilər, amma mən onlara yaxınlaşıb nəsə yazdığımı deyə bilmirdim. Bilirdim ki, o saat onların dodağı qaçacaq, istehza edəcəklər. Bunun qorxusundan demirdim. Polislər arasında kitab oxuyanlar həddən artıq çoxdur. Ancaq yenə də mən heç kimdən heç bir informasiya almıram. Hətta, yüksək rütbəli zabitlər olub, oxuyublar, mənə xəbər çatdırıblar ki, bizdən kiminsə ona məlumat verməməsinə heç cür inana bilmərik. Bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyası məni görüşə çağırmışdı. Demək, bütün kursant və müəllim heyəti hamısı əyləşib, səhnədə də Akademiya rəisinin müavini mənimlə əyləşib. Sual verənlərdən biri dedi ki, ola bilməz ki, bizim içimizdən kimsə sizi mütəmadi məlumatlandırmasın. O qədər bu sualı veriblər, mən də “yox” demişəm. Ona görə dedim, necə deyim ki, inanasız?! Rəisin müavini də bir qədər zarafatla dedi ki, sən de, onsuz da inanmayacaqlar. Yəni, bunların xarakteri belədir. Dedim, həqiqət budur ki, mənim elə bir mənbəm yoxdur. Amma elə mənbəm olsa və mən onun varlığını inkar etsəm, bu nankorluq olar. O özü hardansa çıxar və mənə deyər ki, ayıb olsun sənə. Sən hər gün məndən məlumat alırsan, ancaq deyirsən ki, mənbəm yoxdur. Ancaq elə bilirsiz, mənim belə bir mənbəyə ehtiyacım yoxdur? Mən istərəm ki, müstəqil xəfiyyə Qanbay Qasımlını müvəqqəti bir yerə qoyub konkret öz doğma polisimizin işindən, hansısa polis bölməsinin işindən yazım. Belə olsa, mən mütləq gedib görüşməliyəm. Mütləq onların rəislərinə deməliyəm ki, icazə verin, 10 dəfə bölməyə gedib gəlim. Gedib oturum onların iş şəraiti ilə tanış olum.

Bu priyomdan Konan Doyl da, Simenon da istifadə edib

– Bir qəhrəman bir neçə əsərinizdə baş qəhrəmandır. Bunun səbəbi nədir?

– Doğrusu, oxucu da bunu istəyər. Amma mən bunu oxucuya görə etmirəm, özümə də rahatdır axı... Qanbay Qasımlı obrazını bir dəfə əziyyət çəkib yaratdıqdan sonra ikinci əsərdə artıq başqa başqa obrazlar yaratmaq üzərində əziyyət çəkmirsən. Mən onun bütün düşüncəsini, istənilən məqamda özünü necə aparacağını əzbər bilirəm. Amma yeni yaratdığım obrazlar çətindir. Onları işləmək lazımdır. Həm də oxucu da köhnə tanışı ilə görüşməyi sevir. Dünya ədəbiyyatında da belədir. Artur Konan Doyl Şerlok Holms haqqında görün, nə qədər hekayə yazıb. Yaxud, Jorj Simenon komissar Meqre haqqında 75 roman yazıb.

Riyaziyyatçı olmağımın detektiv yazmağıma böyük faydası dəyir

– Riyaziyyatçı olmadğınızın bədii əsər yazarkən, Sizə bir xeyri dəyirmi? Başqa sözlə desək, ixtisasınızla detektiv əsər yazmağın bir çulğalaşması olurmu?

– Nə yaxşı ki, Bakı Dövlət Universitetinin məhz mexanika-riyaziyyat fakültəsini bitirmişəm. Düzdür, mənim istiqamətimi özüm, valideynlərim və müəllimlərim dərk etmədik, belə düşündük ki, mən riyaziyyat sahəsi üzrə getməliyəm, başqa yolum yoxdur. Amma sonradan anladım ki, mənim yolum bu deyilmiş, mən yazıçı olmalıyam. Lakin bu gün buna qətiyyən peşman deyiləm. Nə yaxşı ki, mən məhz riyaziyyatı oxumuşam. İnsana nə verirsə, riyazi düşüncə verir. Yəni, hadisələrə məntiqlə yanaşmaq, dəqiqlik, məsuliyyət, hətta bir qədər də inadkarlıq aşılayır. Riyaziyyat çox fərqli bir elmdir, bütün elmlər bir tərəfədir, riyaziyyat bir tərəfə. Riyaziyyatın özündə də bir fantaziya, bir təxəyyül var. Dahi alman riyaziyyatçısı Hilbertə deyiblər ki, eşitmisiz, bəs, bizim kafedramızdakı filan riyaziyyatçı riyaziyyatı atıb, şair oldu. Hilbert deyib ki, ola bilər, onun riyaziyyata təxəyyülü çatmırdı, amma onda olan təxəyyül şairliyə bəs edəcək. Yəni, demək istəyir ki, riyaziyyata daha güclü təxəyyül lazımdır, onda bu bir qədər az olsa da, şairliyə artıqlaması ilə bəsdir. Ancaq bizdə belə düşünürlər ki, güclü təxəyyül məhz şairliyə lazımdır. Halbuki, əsl riyaziyyatçıya daha güclü təxəyyül lazımdır. Əsərlərimdə sözsüz ki, mən nə riyazi düsturlardan, nə də riyaziyyatın özündən istifadə edirəm. Sadəcə, uşaqlıqdan riyaziyyatla məşğul olmaq artıq məndə xarakter formalaşdırıb və mənə elə gəlir ki, detektiv yazmağa böyük kömək edir.

Bir rus qadın mənə dedi ki…

– Oxucu kontingentiniz azərbaycandillilərdir. Rusdilli seqment də, görünür, Çingiz Abdullayevi oxuyur…

– Mənim kitablarımı rusdillilər arasında çoxları oxuyur. Əlbəttə, çətinlik çəkirlər, amma oxuyurlar. Xocalı faciəsinə həsr olunmuş bir kitabım –"Qolos iz ada" 1000 tirajla rus dilində çap olundu, onun 500-dən çoxu Bakıda satıldı. Bir rus qadın mənə dedi ki, romanı oxuyub bitirənədək göz yaşlarımı silmək üçün yaylığımı yerə qoymamışam.

– Əsərlərinizin Rusiyada çapına cəhd etmisinizmi?

– Mən heç nəyə cəhd etməmişəm. Nə film çəkilişinə, nə də başqa nəyəsə. Xaricdə çap etdirmək üçün gərək iş-gücü atıb, yaradıcılıqdan bir az uzaqlaşasan, üstəlik bir qədər də xərc çəkəsən. Bu imkanların heç biri yoxdur. Film çəkilişini də heç zaman istəməmişəm. Doğrusu, heç marağım olmayıb. Çünki film artıq sənin deyil, rejissorundur. Film çəkilişi üçün 20-dən çox təklif olub. Gənc rejissorlardan tutmuş ən yaxşı rejissorlardan hesab etdiyim Rövşən İsaqadək təklif ediblər. Ancaq heç biri alınmayıb. Hazırda “TEAS Press” nəşriyyatı ilə işləyirəm. Onlar mənim əsərlərimi xarici dillərdə çap etdirmək və film çəkmək hüququmu alıblar və hər şeyi öz üzərilərinə götürüblər. Onların bunun üçün böyük imkanları var. Ən azı ingilis və rus dillərində çap edəcəklər.

Çingiz Abdullayevi milli detektivimizə daxil etmək olmur

– Yeri gəlmişkən, Çingiz Abdullayevə də münasibətinizi bilmək maraqlı olardı…

– Çingiz müəllimin ən azı 5-6 kitabını oxumuşam. Onun yazdıqları siyasi detektivdir. Yəni, burda söhbət bizim girə bilmədiyimiz, anlamadığımız yerlərdən gedir. Mərkəzi Kəşfiyyat İdarəsi və sair. İnsanlarda buna böyük maraq var. Məsələn, Mavi mələklər, İnterpol dünyada nə işlər görür və sair. Necə yazmağından asılı olmayaraq, onu maraqla oxuyacaq və ona inanacaqlar. Amma mənim yazdığım məişət detektivində isə kimisə bıçaqlayırlar, kimisə mənzilində güllə ilə vururlar, təhqiqatçı gəlib axtarış aparır və sair. Bu, xalqa doğma hadisədir. Sənin səhvini burda çox tez tuta bilirlər. Sənin polisinin də səhvini tuturlar. Əgər sən yaxşı yazmasan, düz yazmasan, deyərlər, bu, qətiyyən düzgün yol deyil. Bu baxımdan məişət detektivi yazmaq siyasi detektiv yazmaqdan çətindir. Eyni zamanda onun yazdığı da mənim üçün çətindir. Çünki bu zaman dünya siyasəti, ölkələrin bir-birinə münasibəti ilə maraqlanmalısan.

Çingiz müəllimə mənim münasibibətim yaxşıdır, hətta bir neçə dəfə demişəm ki, bu adam məndən qabaqdadır. Mən onu necə danım? O məndən cəmi 3 yaş böyükdür. Onu özümə böyük qardaş sayıram. Bunu əslində mənə insaf dedirdir. Çünki mən əlimə qələm alıb detektiv yazmağa, hətta tanınmağa, “Xəyanət” romanı ilə uğur qazanmağa başlayanda Çingiz Abdullayev çoxsaylı əsərlər müəllifi idi.

Mən detektiv yazmağa başlayanda Artur Konan Doylun hekayələr toplusunu, Simenonun “Komissar Meqre və ağlabatmaz oğru”, Aqata Kristinin iki kitabını, Çingiz Abdullayevin “Müəmmalı qətl” povestini, Elçinin “Arxadan vurulan zərbə”, Cəmşid Əmirovun trilogiyasını – “Qara volqa”, “Brilyant məsələsi”, “Şəhər yatarkən”i və bizim detektivimizin banilərindən biri olan Həsən Seyidbəylinin “Cəhədən cəbhəyə” romanını oxumuşdum. Həsən Seyidbəylini və Cəmşid Əmirovu bizim milli detektivin baniləri sayıram. Bizim milli detektivin hardasa 55 yaşı var. Yəni, bizdə milli detektiv zəifdir. Çingiz Abdullayevin o qədər əsəri var, onları milli detektivimizə daxil edə bilsəydik, deyərdik ki, bizdə detektiv güclüdür. Amma açıq demək lazımdır ki, daxil etmək olmur. Çünki onlar həm rus dilində yazılıb, həm də mövzuları xarici mövzulardır. Qəhrəmanlar xaricidir, avropalıdır. Məsələ bundadır.

Bir ildə ikidən artıq kitab yazmayacam

– Kitablarının yaxşı satışı müəllifin yaxşı qazanc əldə etməsini şərtləndirməlidir. Sizdə bu sahədə vəziyyət necədir?

– İlk vaxtlar bu sahədə vəziyyət çox çətin idi. Nəşriyyatlar həm pul vermək istəmirdi, kitabı çap edəndə hardasa minnət də qoyulurdu. Daha sonra uzun illər pirat məsələsi böyük problemə çevrilmişdi. Yəni, nəşriyyat 3 min kitab satıb onu pulunu mənə ödəməli olanda xəbər gəlib çatırdı ki, artıq 5 mindən çoxunu piratlar satıb. Bu kimi maneçiliklər var idi. Nəşriyyatlar müəllifə pul ödəməkdə çox çətinlik çəkirdilər. Yəni bu, Azərbaycanda yeni yaranmış bir situasiya idi. Tutaq ki, xarici yazıçını götürüb çap edirdilər, ona pul göndərmirdilər, özləri rahatca pul qazanırdılar. Ancaq hansısa yerli yazar öz qonorarını istəyəndə bir kitaba 50 qəpik vermək belə onlara çox görünürdü. Nəhayət, “TEAS Press” nəşriyyatı məni dəvət edəndən, müqavilə bağlanandan sonra hər şey yoluna düşdü. Mən indi əsəri yazan kimi onlar baxırlar, oxuyurlar və müqavilə bağlanır. Pulu bank hesabına köçürülür. Mən də onlara söz vermişəm ki, bir ildə ikidən artıq kitab yazmayacam. Gücüm ancaq buna çatar. Çünki bu artıq keyfiyyətə təsir edə bilər. Onların verdiyi məbləğ də Azərbaycan reallığı üçün pis məbləğ deyil. Mənim sirrim deyil, onlara görə məbləği açıqlamaq istəmirəm. Amma dolanmaq olur. Mənim ikinci gəlir yerim yoxdur.

– Nəşriyyatla müqaviləni nə vaxt bağlamısınız?

– Bir ilə yaxındır.

– Bəs ondan əvvəlki kitabların pulu?

– İlk 5 kitab “sən yaz, biz qazanaq” prinsipi ilə gedirdi. Nəşriyyat direktorlarından biri bunu hətta üzümə demişdi. Yaxşıca qazanırdılar, qəpik-quruş verirdilər. Tirajı gizlədirdilər. Mənimlə danışıb 2 min tirajla çap edirdilər, illər sonra deyirdilər ki, hələ də həmin 2 min kitabı satırıq. Amma sonradan öyrənirdim ki, yenə çap edirlər. Ondan sonra arada əldən-ələ beş yüz, min, iki min manat verirdilər. Ancaq məsələ ondadır ki, “TEAS Press” nəşriyyatı mənim ilk kitabımdan tutmuş bu günədək çap olunan bütün kitablarımı alıb. Yəni, satış, yayım və film çəkmək hüququ artıq onlara məxsusdur.

MDB-dən kənarda yaşasaydım, milyonçu olardım

– Sözün düzü, mən kitablarınızın satışından yaxşı qazanc əldə etdiyinizi düşünürdüm…

– Elə ona görə də mən Azərbaycan reallığı deyirəm. Əgər MDB ölkələrindən kənarda yaşasaydım və həmin ölkənin kitabların satışına görə ilk üçlüyə düşən yazıçılarından olsaydım, yəqin ki, milyonçu olardım. Amma bu bizim vətənimizdir. Sözüm bir az şablon çıxmasın, mən həqiqətən də narazılıq bildirmirəm. Bundan sonra mən nə doğulduğum yeri, nə də vətənimi dəyişə bilərəm. Harasa getsəm, başqa dildə yazmalıyam ki, bu da mənlik deyil. Digər tərəfdən, mənə olan sevgini milyona yox, milyardlara dəyişmərəm. Parka çıxanda azı 3 nəfər yaxınlaşıb şəkil çəkdirirsə, yaxud hansısa idarədə ən azı 1-2 oxucuma rast gəlirəmsə, bunu nə ilə əvəz etmək olar? Bir də mənim xarakterimdə artıq pul, dəbdəbəli həyat, şöhrət, ad istəmək həqiqətən yoxdur. Əgər mənim orta, yaxud kiçik bir məbləğdə maddi təminatım olsa, elə bu gün çox böyük məmnuniyyətlə tanınmağımın, şöhrət varsa, şöhrətimin üstündən xətt çəkib sakit bir həyat yaşamağa, bir güşəyə çəkilməyə razı olaram. Mən hətta, yazmaqdan da əl çəkərəm.

Heç bir romanım sırf detektiv deyil

– Bəzən Sizi ciddi ədəbiyyat yaratmamaqda ittiham edirlər. Bu kimi fikirlərə münasibətiniz necədir və bu Sizə necə təsir edir?

– Son vaxtlar təsir etmir. Amma bu deyilənlərlə razı da deyiləm. Sual verirəm, ciddi ədəbiyyat nəyə deyirsiz? Sizin dediyiniz ciddi ədəbiyyat dünya, yaxud Azərbaycanda nələrə qadir olub, nə qədər insanın dünyagörüşünü dəyişib? Keçmişdən indiyədək böyük klassiklər ciddi ədəbiyyat yarada-yarada gəliblər, bu gün nə olub? Bu gün İŞİD kimi biabırçı təşkilat yaranıb və insan başı kəsməklə məşğuldur. Yəni, onların heç biri dünyanı düzəldə, dünyanı humanist bir məkana çevirə bilməyib. İnsanların əksəriyyəti musiqini dincəlmək üçün dinləyirsə, ədəbiyyat da müəyyən qədər istirahət üçündür. Ədəbiyyatı bir o qədər şişirməyin tərəfdarı deyiləm. Söz yox, ədəbiyyat güclü bir silahdır. Bu gün mən Xocalı faciəsindən roman yazmışamsa, burda məqsəd aydındır. Xocalı faciəsini gənclərə çatdırmaq, düşmənlərimizə nifrət oyatmaq, onların iç üznü açmaq, bütün bunlar, vacibdir. Buna hansı cəsarətlə yüngül ədəbiyyat demək olar? Detektiv üzərində qurulub, ona görə? Bir qədər diqqətlə baxdıqda əslində “Cəhənnmədən gələn səs”də detektivliyin pərdəarxası, gözəgörünməyən və üçüncü, dördüncü süjet xətti olduğunu görmək olar. Elə “Qan ləkəsi”ndə də belədir. Sırf detektiv tamam başqadır. Sırf detektivdə diqqət yalnız və yalnız cinayətə və onun açıqlanmasına yönəldilir. Mən ilk romanımdan etibarən bu cür yazanları yamsılamayacağımı qərara almışdım. Mənim əsərlərim detektiv kimi satışa gedir, çox adam detektiv axtarır, qoy üstünə detektiv yazılsın. Amma birmənalı olaraq Elxan Elatlının detektiv yazdığını, onun əsərlərinin detektiv olduğunu demək düzgün deyil. Xeyr, mənim heç bir romanım sırf detektiv deyil. Detektiv süjetə söykənən məişət romanı, psixoloji roman, hətta tarixi romanım da var. Ancaq hamısı detektiv sayılır. Çünki nəşriyyatlar üstünə detektiv yazırlar.

– Niyə özünüzə “Elatlı” təxəllüsü seçmisiniz?

– Əgər əvvəldən nəsr yazmağa başlasaydım, yəqin ki, “Elatlı” təxəllüsünü götürməzdim. Bu təxəllüsü şair kimi düşünmüşdüm, ilk vaxtlar çap olunanlar da şeir kitabları oldu. Şair təxəllüsü kimi məncə, yaxşı təxəllüs idi. Detektiv yazmağa başlayanda, düşündüm ki, bəlkə dəyişim? Amma heyfim gəldi, düşündüm ki, bu imza 3 kitabın üzərinə yazılıbsa, qoy dəyişməyim. Yəni, bu, daha çox şair təxəllüsüdür, şeirlərdə çox rahat şəkildə işlənə bilir.

– Qeyd etdiniz ki, başqa gəlir yerim yoxdur. Demək, iş yeriniz də yoxdur...

– Bəli, heç bir yerdə işləmirəm. Ancaq Bakıya köçəndən sonra uzun müddət 157 saylı məktəbdə müəllim, direktor müavini işləmişəm. Bir qədər sonra yaradıcılığa mane olduğuna görə direktor müavinliyindən istefa verib, müəllim kimi qaldım. Çünki direktor müavini demək olar, bütün günü məktəbdə olmalı idi. Daha bir-iki il keçdi, gördüm ki, müəllimlik özü də ən azı günün yarısını alır. Ona görə də ərizəmi verib çıxmaq istədim. Bir qədər narazlıq oldu. Dedilər, bəlkə daha az dərs yükü ilə qalasan, gəlib-gedəsən. Riyaziyyat da ciddi dərsdi, bircə gün getməsəm, narazılıq olacaqdı ki, müəllim dərsə gəlmir. Ona görə ərizəmi yazıb işdən tamam uzaqlaşdım.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər