24 Sentyabr 2018 14:29
6 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

XX əsr Azərbaycan ədəbiyyatının ən böyük şairi kimdir və niyə belə düşünürsünüz?

Ədəbiyyat adamları sual ətrafında yaranmış fikirlərini Teleqraf.com-a bölüşdülər.

Sorğunu təqdim edirik:

“O, elə bil göydən düşüb”

Ədəbi tənqidçi, şair Əsəd Cahangir hesab edir ki, ötən əsrin ən böyük şairi Hüseyn Caviddir: “Məncə, Hüseyn Cavid... Şübhəsiz ki, Cavid… Bütün şairlər elə bil ki, yerdən gəlib, Cavid isə ədəbiyyata göydən düşüb. XX əsrdə heç kəs onun qədər nəhəng deyil. O, bəlkə də Azərbaycanın ən nəhəng şairidir. Bu cəhətdən yalnız Nizamini onunla müqayisə etmək olar. Nizami olmasaydı, deyərdim ki, o Azərbaycanın ən böyük şairidir”.

“Bu barədə nəsə deməyi artıq bilirəm”

Yazıçı Murad Köhnəqalaya görə, ötən əsrin ən böyük şairi Səməd Vurğundur: “Səməd Vurğun poetik Azərbaycan dilinin və çağdaş milli poeziyamızın qurucusudur. Özündən öncə ədəbi məktəbi, formalaşmış ədəbi dili olmayan bir mühitdə o, həm müasir poeziya dili yaradıb, həm də bu dildə yeni dövrün modern poeziyasının əsasını qoyub. Əsərlərində haqlı olaraq, yeni dövrü, modernləşməni, texnologiyalaşmanı, savadlaşmanı tərənnüm edib. Böyük şairimizin təkrarsız istedadı və intellekti barədə isə nəsə söyləməyi artıq bilirəm.

Yeri gəlmişkən, olduqca yardımsevər, xeyirxah bir insan olub, təkcə Moskvada oxuyan tələbələrə göstərdiyi qayğını, dəstəyi vurğulasaq, şairin şəxsiyyətinin poeziyadakı nəhəngliyi ilə üst-üstə düşdüyünü görərik”.

“Bu şeirlər həmişə qalacaqlar”

Yazıçı Şərif Ağayar hesab edir ki, ötən əsrdə Azərbaycan ədəbiyyatının ən böyük şairi Əli Kərimdir: “Amma söhbət həm də Azərbaycan və Türkiyə ədəbiyyatından gedir. Əli Kərim və Nazim Hikməti deyirəm. Hər ikisi türk və Azərbaycan dillərində yeni şeirin ən gözəl nümunələrini yaradıb. Bu şeirlər klassika ilə yanaşı həmişəlik qalacaqdır”.

“O birilərinə haqsızlıq olar”

Yazıçı Xalid Kazımlı bildirib ki, əsl ədəbiyyat, poeziya xiridarı bu suala birmənalı cavab verə bilməz: “Verməməlidir. Çünki bu idman yarışı deyil ki, kimsə hamıdan çevik, hamıdan güclü, hamıdan məharətli olub, birinci yerə çıxsın, çempion olsun. Bu poeziyadır. Burada hamı eyni zamanda sevilən şair ola bilər. Şairləri böyük və ya kiçik kateqoriyalarına ayırmaq olmaz. Bizim tanıdığımız, sevdiyimiz şairlərin hər birinin çox gözəl poeziya nümunələri var. Məsələn, Mikayıl Müşfiqin, Əli Kərimin, Nüsrət Kəsəmənlinin, Hüseyn Arifin, Məmməd Arazın, Məmməd İsmayılın, Səməd Vurğunun, Rəsul Rzanın, Hüseyn Cavidin, Əhməd Cavadın, Sücaətin və onlarca başqa şairlərin elə gözəl şeirləri var ki, bu şairlərin hansını “böyük” adlandırsan, o birilərinə hazqsızlıq olar”.

“Onu çox sevirəm”

Yazıçı Ceyhun Musaoğlu qeyd edib ki, su suala birmənalı cavab vermək düz olmazdı: “Nəhəng şairlərimiz olub. 37-ci ildə qurban gedənlərin tam əksəriyyəti nəhəng şairlər idi. Elə repressiya qorxusundan xəstəlik tapıb nakam ölənlər də… Bu sırada çox şairin adını çəkmək olar. Mən Əli Kərimi çox sevirəm. Eldar Baxışı da bu sırada görürəm. Səməd Vurğun böyük istedad sahibi olub, Bəxtiyar Vahabzadə də onun kimi…”.

“Onlardan bir pillə üstündür”

Yazıçı Mirmehdi Ağaoğluna görə isə, XX əsr Azərbaycan ədəbiyyatının ən böyük şairi Səməd Vurğundur: “Düzdür, bu sırada Hüseyn Cavidin də adını çəkmək olardı, Mikayıl Müşfiqin də, Əli Kərimin də… Ancaq bu adlarını sadaladığım şairləri Səmədlə müqayisə edəndə görürsən ki, o həm istedadı, həm də yaradıcı platforması etibarı ilə, yəni həm şaquli, həm üfüqi istiqamətlər üzrə bu şairlərin hər birindən bir pillə üstündür. Əgər birinə istedadı ilə uduzursa, çoxşaxəli yaradıcılığı ilə udur, o birinə yaradıcılığı ilə uduzursa əvəzində istedadı ilə udur. Yəni, bütün bunları nəzər alaraq deyirəm ki, birmənalı şəkildə XX əsr Azərbaycan ədəbiyyatının ən böyük şairi Səməd Vurğundur”.

“Zamanı gözləmək lazımdır”

Şair Aqşin Evrənin sözlərinə görə, XX əsr poeziyamızın böyük bir hissəsi ideoloji çəkicin altında əzildiyinə görə, onun üçün hər hansı kult yoxdur: “Xüsusilə, 50-ci illərə qədər yaranan poeziyanı nəzərdə tuturam. Həmin dövrdə yazanların bir çoxunun məcburi şəkildə ədəbiyyata soxuşdurulduğunu düşünürəm. Ancaq ayrı-ayrı şeirlərini bəyəndiyim şairlər var: Əli Kərim, Vaqif Bayatlı, Vaqif Səmədoğlu, Salam Sarvan, Əlisəmid Kür və başqaları. Məncə, “ən böyük” ölçü vahidi hələ yoxdur: bunu zaman özü formalaşdıracaq. XX əsrdən neçə şair XXIV əsrə keçə biləcək, bunu zaman göstərəcək”.

“Şeirləri əbədi bahar kimidir”

Yazıçı Mübariz Örənin seçimi Mikayıl Müşfiqdir: “Onun şeirləri əbədi bahar kimidir; yüz illər keçsə də, işığını, odunu, rəngini-ruhunu itirməyəcək”.

“Çox yaşasaydı, Müşfiqi deyərdim”

Şair Bahadur Qobustan isə hesab edir ki, XX əsr Azərbaycan ədəbiyyatında böyük şairlər çoxdur: “Hüseyn Cavid, Mikayıl Müşfiq, Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər və sair. Zənnimcə, Məhəmmədhüseyn Şəhriyar o böyüklüyün başında dayana bilər. Çünki Şəhriyar şeirində yazmaq xətrinə heç nə yoxdur. Səməd Vurğun, Süleyman Rüstəm və sair şairlər kimi nəyi isə yazmağa məcbur deyildi. Nə yazırdısa, əsl şairlik istedadının ilhamı ilə yazırdı. Düzdür, fars dilində daha çox yazıb. Amma təkcə “Heydərbabaya salam” əsəri 20-ci əsr Azərbaycan ədəbiyyatı üçün hadisə hesab etmək olar.

Adət-ənənələri, Güney Azərbaycanın mənəvi irsini o dərcədə ustalıqla və yanğı ilə ifadə edir ki, o yerləri görməyən adamın xəyalında hər şey olduğu kimi canlanır. Mikayıl Müşfiq isə təəssüf ki, az yaşadı. Cəmi 29 il... Gənc çağlarında yazdığı şeirlər belə çox möhtəşəmdir. Düşünürəm ki, o çox yaşasaydı, indi mən ən birinci Müşfiq deyərdim”.

Qeyd edək ki, tərcüməçi, yazıçı Nadir Qocabəyli XX əsr Azərbaycan ədəbiyyatının ən böyük şairinin Məhəmmədhüseyn Şəhriyar olduğunu bildirib:

“Məncə, XX əsrin ən böyük Azərbaycan şairi nə Sabir, nə Cavid, nə Səməd Vurğun, nə Bəxtiyar Vahabzadə, nə də Ramiz Rövşəndir. Ən böyük şair Şəhriyar, ən möhtəşəm poema “Heydərbabaya salam”dır".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər