9 Oktyabr 2018 21:58
2 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Q.Yaquboğlunun “Mən yoxam” romanı haqqında)

Hər kəsin ömründən bir ölü adlayır, mənim həyatımdan dədəmin ölüsü keçdi.

Epiqrafları sevirəm… Bu kompazisiya elementindən məqalələrimdə də çox istifadə edirəm… Nəyi oxuyuramsa, ondan bir cümləlik də olsa, qulağımda epiqraf statuslu hökm səslənir. “Mən yoxam” romanını da bir cümlənin (“Hər kəsin ömründən bir ölü adlayır, mənim həyatımdan dədəmin ölüsü keçdi”.) müşayəti ilə oxudum. Mütaliə boyunca hadisələrin nəqlini müəllifin dilindən eşidirdim.

Şəxsən tanımadığım Qurban Yaquboğlunun yaddaşının roman boyda nisgili varmış və bu nisgilin əsil ədəbiyyat dili ilə nəqli oxucusu ilə onu doğmalaşdırdı… Onun maraqlı nəsr təsvirləri, nasir müşahidəsi var. Daha doğrusu, nasir fırçası. Atalarının ölüm xəbərini alan qardaşlar bir maşında kəndə üz tutur. Hadisəni nəql edən qəhrəmanın narahatlığı, kədəri belə o həyat şəkillərindən, yol mənzərəsindəki xırda detalların rəsmindən yan keçə bilmir. Və sonrakı hissələrdə də məlum olur ki, bu adamın bütün ömrü, bütün yaşadıqları və yazdıqları yaddaşa qələmlə şəkil çəkməkdən ibarət olub: “Düzünə qalsa, mən maşının içəri dolan vıyıltısını qulaqlarımdan qova-qova payız haqda düşünürəm. Neçə illər qabaq qoyun otardığım, ot çaldığım, enişinə yüyürdüyüm, yoxuşuna dırmaşdığım, bütün bunlardan vacibi, dönə-dönə tamaşa elədiyim dərələrə, dərəarası hamarda təzəcə dağılmış mürəkkəb kimi qaralan payız şumuna, dikdirdə ləkə kimi görünən çobanın müəmmalı qaraltısına, güney döşdən qalxan ocaq tüstüsünə, yamacları şottayan əyri cığırlara baxa-baxa, nəhayət, diqqətimi bir fikrin üstünə sanca bilirəm: “On beş-iyirmi gün qabaq dədəmin belə tez öləcəyi görünmürdü, axı…” s. 9

Müəllif bir cümlə ilə ailənin sosial durumunu, səmimi bağlarla bir-birindən yapışıb klassik ailə dəyərləri ilə yaşaması ənənəsinin eskizini cıza bilir. Xüsusən də maraqlı ifadə tərzi, maraqlı epitetlər, məcazlarla. Məsələn, “xəbərə sarı getmək” ifadəsinin adi xəbər cümləsindəki yeri bədii, poetik cazibəli funksiyası maraq doğurur. “Kənddən günəmuzd işləməyə gəlmiş kiçik qardaşımızı da yolüstü Xırdalandan götürüb üz qoyduq xəbər sarı”. s. 10

Roman ölüm xəbərinə doğru yol gedən adamın bütün olanlara, olacaqlara xəyali səyahəti ilə başlayır. Atanın qəfil sillə kimi əks-səda vermiş ölüm xəbəri son nöqtə kimi vurğulanmır. Sanki hər şey – bütün hadisələr, xatirələr, bu ölümə qədər gələn və bu ölümdən baş alıb gedən səsli yaddaş, obrazlı ifadələrlə dolu xatirələr- hamısı dirilir. Hər abzasda isə mütləq bir aforistik məcaz təsviri qüvvətləndirib mənalandırır. Ata-oğul yol gedir çiyin-çiyinə. Xəstə ata haqqında bir payız günü də, bir dumanlı-çiskinli yol da, bir kənd küçəsinin insanları da eyni qənaətlə düşünür: bu payız bu yolla gedən iki nəfərdən biri öləcək… Ölümə məhkum bir adam yol gedir və snayperə hədəf olmuş adamın durumu gəlir gözlərimiz önünə. “Dədəm əllərini belində düyünləyib yeriyirdi; göyün üzündə heç vaxt heç nəyə yaramamış göyümtül qısır buludlar topalanmışdı. Dədəmi ilk dəfə bu yerişdə görürdüm; daha bütün ipi-kəndiri açıb buraxmışdı, daha qocalmışdı, təzəlik bundan ibarətiydi. İndi, yəqin, yolqırağı evlərin eyvanından, çəpərindən boylanıb dədə-bala bizə baxırlar. Axı, hamı bilir, bu payız bu yolla gedən iki nəfərdən biri öləcək. Mən dədəmin yanında dinməz-söyləməz, səhvə yol verməməyə çalışan oğul həssaslığıyla, həm də sağ qalıb yaşayası insan vüqarıyla yeridim”. s.12

Romanın süjeti yol gedən bir adamın xatirələrindən sallaşıb ona əzab verən insanlarla doludur, doğma insanlar… Bu insanlar hansısa dayanacaqda elan edir: “Mən yoxam!”

Maraqlıdır ki, bu ağrılı bəyanatı məhz əsərin təhkiyəçi qəhrəmanı, adına “Şahı” deylən adam eşidəsi olur hər dəfə. Məsələn, atası ilə gecə söhbətlərinin birində (“– Nə danışım, ay qardaş, nə danışım, ay oğul, nə danışım, ay Şahı? Məndən nə qaldı?.. Daha yoxam mən! Gecənin bir aləmində, Allaha şükür, özün yaxşı görürsən”. s.17) və ya bibisinin ağrılı vəsiyyətində:

“– Şahı!
– Həh… Başına dönüm, ay bibi!
– Dediyimi dədənə də çatdır: daha mən yoxam.
Ağrım da yoxdu.
– Nə yaxşı, Suğra, nə yaxşı! Təki ağrı olmasın.
Mənim bibim, mənim bacım!” s.20

Yox olanlar, cismani və mənəvi süquta enənlər sağ qalanların ağrısına çevrilməyə başlayır. Bəs başqalarının yoxluğunu içindəki boşluq kimi daşıyan adamlar, elə Şahının özü necə? Oxucu qeyri-ixtiyari öz-özünə pıçıldayır: o da yoxdur artıq… Romanda sağ adam tapmaq az qala mümkünsüz olur. Çünki roman bir insanın yaddaş, xatirə, daxili vurhavurlar və sıxıntılar burulğanının hekayəti, nəqli kimi yazılıb.

“– Əmimin qəbrini tanıyıram. Amma ölülər getmir.
– Bir də dedi: – Ölülər heç hara getmir! Bunu da bil.
– Mənə bax, sən… sən…
– Nə sən-sən salmısan? Kimi axtarırsan?Mən yoxam!” s.80
“– Həmişə belədi, Məleykə xala. Mən oxuyanda da qarovulçular xəstələnib ölürdülər, köçüb gedirdilər, yox olurdular”. s.93

Üzünü yox olacaq, itib gedəcək aya tutub deyir: “Dədə, hey! Qərib Adam! Hey-hey! Hey, hey! Həmid kişi! Yoxsan daha, düzdümü? s.250

Romanın sonunda yaşıl üzlü dəftərin üstündəki balaca kağızda da yazılır: “Məni kim soruşsa, bilsin: Mən yoxam. Mənim yoxluğum xoşbəxtlik gətirəcək”. s.251

Qədim arxiv sənədində də “Mən yoxam” kəlmələri yazılıb.

Romanda həyat, ölüm, sevgi, ayrılıq, sədaqət, xəyanət anlayışları sanki qeyri-müəyyən bir nəzəriyyə, absurd bir düstur üzərində çözülür. Təhkiyə məchulu axtarılan tənliklər kimi diqqətimizi çəkib aparır. Həqiqət isə odur ki, bu təsvirlərdəki dünyada hər şey yox olmağa məhkumdur. Nəinki insanlar, hətta kəndlər, qəsəbələr, bulaqlar, küçələr, sevgi və dostluqlar da bir gün qarşına “yox” kimi çıxır. Heyrətlənirsən, necə ola bilər ki, kənd yox olsun birdən-birə? Səhrada “Yeganə adam mənəm, mən də çıxıb gedəcəm, kənd nə gəzir burada?”- anlaşılmazlığı ilə cavab verən adama da inanası oluruq:

“– Qardaş, səni xoş gördük. Hacıqasımlı kəndi hardadı, onu bizə göstər. Ucsuz-bucaqsız küdrüdə bircə qaraltı, bircə koma da gözə dəymirdi. – Xoş günün olsun. Burda kənd yoxdu. Kişi çəp baxdı: – Yox, mənə qulas as. Çıraqlı kəndinin qonşuluğundadı. Hacıqasımlı kəndi. Tanımamış olmazsan! Deyirlər, orda bir Molla Qəzənfər var, eşitməmisən? Molla Qəzənfər. Loğmandı… Çoxbilmiş bir loğman. – Yox, eşitməmişəm. Mən Molla Qəzənfərdən bir kəlmə də eşitməmişəm. Yan-yörə, doğrudan, boşdu, burda, çöllükdə, bu qoca nın qənşərində məndən özgə kimsə yoxdu. Bir mənəm çöllü-biyabanda, mən də çıxıb gedəcəm. – Bu bomboş çöldə kənd nə gəzir, a kişi! Burda kənd-zad axtarmayın. Buralar qarağan basmış bomboz düzənlikdi. Özünüz də görürsüz. – Dağa doğru onurğa kimi dümdüz uzanan yolu göstərdim: – Bəlkə, dağı tutub gedəsiniz? Bəlkə, axtardığınız kəndə bu yolla gedib çıxarsız. Molla Qəzənfər adlı ədilli-bəndə varsa, orada ola bilər”. s.108

Romanda ölümün yeni və maraqlı obrazı ilə canlandırılır. Ölümü gözləyənlər, axtaranlar, ondan qaçanlardan daha çoxdur elə bil. Ölüm yol gəlir, adamların üzünə, üstünə, taleyinə qapı kimi açılır. “Ancaq indi mən də, dədəm də baş verən hadisəni, üzübəri gələn ölümü laqeyd, soysaq bir halətlə gözləyirik”. s.11

Alcan baba isə ölümə qədərki günlərini sayır, ölümü xilaskar bir insanın gəlişi kimi gözləyir. Azmış, yolunu itirmiş ölümünü soruşur hər kəsdən.

“– Hər ölənin paxıllığını çəkirəm, hə, ay bala. Neynim, necə eləyim, ay oğul, qaldım bir dağın dibində, boz düzəngahda. Ölən vaxtım çatdı, gözlədim, əcəl gəlib çıxmadı. Dam-daşın altında bir qarıdı, bir mənəm. İkimiz biryarım da olmarıq. Vaxtında qolumdan yapışıb, böyrünə salıb məni özgə obaya, kəndə, şəhərə aparanım olsaydı, bəlkə, əcəlimi özüm tapardım. Uzaqdadı, şəhərdədi, iraq yerdədi, Allah bilir, hardadı əcəlim. Mən gözlədim, o gəlmədi.

– Gələr, baba, gələr…
– Getdiyin yerdə Əhmədşah oğlu Alcanın ölümü qənşərinə çıxsa, göndər bəri.
– Yaxşı, baba”. s.27

Bu kəndin, bu soyun, bu nəsilin adamlarından ötrü ölüm bəlkə bütün suallardan, ağrılardan, yaddaş iztirabından qurtulma yoludur? Bəlkə gedənlərə çatmaq, qalanlardan qopmaq, ayrılmaq fürsətidir?

“– Darıxma, baba,– qocaya bir ağız təsəlli verdim, – yaxınlarda sən də ölərsən.
– Nə bilim…
– Hamı ölür!” s. 28

Qurban Yaquboğlunun romanındakı sevgilər isə, sadəcə mümkünsüz, heç vaxt reallaşmayacaq xoşbəxtliklər illüziyası fonunda əks olunur. Avtobioqrafik səciyyə daşıyan əsərdə (hər halda oxucu belə görür) psixoloji travmalarla müşayət olunan sevgilərin təsirindən mənən şikəst edilmiş, yarımcan olmuş, mənəvi, ruhi baxımdan ümidsizliklərə düçar edilmiş insanların yaşantılarını çox məqamlarda qarışdırmaq da olar. Burada şəxslər, fərdlər günahkar deyil, sanki tale öz oyunları ilə bir ailəni dönə-dönə sınağa çəkir, bu sınamalarda isə insanın xislətinə, mnəvi dayanıq nöqtəsinə qədər enir… Talıbın xoşbəxtliyinə qan düşmənçiliyi əngəl olmuşdu, Həmid və Yasəmənin qovuşa bilmə imkanını isə bir adi məişət dramı əngəlləyir. Belə ki, kənddə hamı onların tezliklə nişanlanacağı xəbərini gözlədiyi zamandaYasəmənin dədəsi Həmidin dədəsi ilə dərədə ot çalımı vaxtı dalaşır. Həmidin dədəsi Yasəmənin dədəsi Nazar kişinin qıçını dəryazla doğradı. Bu sevginin də yolu cinayətdən, məhkəmə zalından keçəsi olur və qan düşmənçiliyi sevgi dostluğuna qənim kəsilir.

Bu məqamda müəllifin obrazları ilə incə psixzoloji ünsiyyət qurma məharətini, daxili aləmə varma istedadını qeyd etmək istərdim. O, təkcə təsvirlərlə deyil, həm də həniri, səsi eşidilən duyğuların canlılığı ilə ağrını, sıxıntı və bədbəxtlikləri anlada bilir. Məsələn, “yox” cavabı yazılan bir məktubu oxu fraqmentinin özü şeir, poeziya nümunəsitək emosional ovqat yarada bilir. Ataların məhkəməsində ağladığını gizlətmək üçün “əllərini üzünə yarpaq kimi örtən” Yasəmənin bircə cümləlik məktubunun yaratdığı kədər və bədbəxtlik dramının bədii şəklinə diqqət edin: “Ondan cavab gəldi: “Mənə lap çətindi, dədəmin yaraları hələ sağalmayıb”. Bir cümlə o, bir cümlə mən. Cəmi iki cümlə oldu, elə deyilmi? Cavab kağızını dəfə-dəfə oxudum, evin böyrünə keçdim, boş tövləyə çəkildim, axşam açıb baxdım, gecə oyanıb kibrit yandırdım, gündüzün günortasında mənasını eşələdim. Birdən sözlər “hə”yə oxşadı, birdən “yox-yox” səsləşdi; bəzən ümid, bəzən rədd… Yolda bir məna verdi, dərədə başqa, zəmi kənarında heç nə anlamadım”. s.143

Q.Yaquboğlunun yazıçı fəhmi çox xırda görünə biləcək detalla böyük mətləblərin kodunu aça bilir. Yasəməndən gələcək bircə kəlməlik sözün həsrətiylə alışıb-yandığı vaxtda Güllü adlı qız özü də bilmədən onun taleyi ilə oynamış olur. Güllü ona deyir ki, sabah saat 3-də Aslan tininə gəl, Yasəməndən sənə çatası söz var. Və həmin gün Həmidin xəyalında, arzularında, ağrısında tamam başqa cür doğuldu. Hətta o elə zənn etdi ki, iyulun 5-də günəş tutuldu, kənddə bu hadisənin həyəcanından heç kəs həyətindən çölə çıxmadı. “İyulun 5-də, saat 14:59-da tam günəş tutulması baş verəndə Aslan tini də qaranlığa qərq oldu. Mən bir də Güllünü illər sonrası Aslanın oğlunun toyunda gördüm, onda Yasəmən ərə getmişdi, Güllünün də qarnı dikəlmişdi, hamiləydi. O vədi xatırladım. “Kainatın əlində girinc qaldıq” dedim, Güllü qarnındakı uşağın təbəssümüylə gülümsədi. Mənə elə gəldi, o, heç həmin hadisəni xatırlamadı”. s.144

Zaman və məkan dinamikası, dəyişkənliyi hiss olunmayan bədii mətndə dəyişən, hərəkətlənən və suallar burulğanında təlatümlənən yalnız və yalnz təhkiyəçi qəhrəmanın daxili monoloqları, düşüncə və yaddaş fraqmentləridir. Əsərin xeyli hissəsini oxuyandan sonra oxucu anlayır ki, burada genişmiqyaslı ictimai-siyasi problemlər, cəmiyyət, böyük zamanlar və böyük mühitlər romanının xüsusiyyətləri yoxdur. Bəlkə bir insanın romanına-daxili dünyasına enmək lazımdır, o dünyaya ki orada, ümumiyyətlə, insanların bioloji və ruhi-mənəvi varlığının vəziyyətləri, təbəddülatları çözülür…

Mətnin absurd, ziddiyyətli görünən təsvirlərinin çox incə ştrixlərlə bir hekayəlik söz demək keyfiyyəti var. Məsələn, məktəbli olanda sevdiyi qızın “gələcəksənmi?” –xəbərdarlığına baxmayaraq, heç cür onlara qoşula bilməyən oğlanın pərtliyi çox həssaslıqla izah olunur: “Öz xoşbəxtliyinin yaxınlığından tır-tır tırıldayan traktor lafetində ötəsən…”

“Gecəni Dağda qalası oldum, səhər fermalardan emal sexinə süd daşıyan traktorun lafetində çalxalana- çalxalana çölə endim. Yaşıl zəmilərə elə parıltılı gün düşmüşdü, adam işığın üstüylə sürüşə bilərdi. Uşaqlar coğrafiya müəllimiylə zəminin uzunsov yaxasına səpələnmişdilər. Öz xoşbəxtliyinin yaxınlığından tır-tır tırıldayan traktor lafetində ötəsən…” s.31

Romanda “ev” obrazı da bədii məkan kimi hadisələrin, eləcə də o evə aid olan insanların taleyinin şəklini divarları arasında qoruyub saxlayır. O evin sevinci, həyəcanı, təşvişi, xəyanət və sədaqət, qəzəb pərişanlığı onu canlı varlıq kimi obrazlaşdırır. Və evin anası nə vaxt ki “Bu ev bu gün heç qızmadı!”-deyib maşanı əlinə alır ki, sobanı qurdalasın, oxucu anlayır ki, mətləblərə düyün düşüb, hadisələr dolaşıb və müəmma dolu suallara cavab verən olmayacaq. Şahının qardaşı (əslində əmisi oğlu) Talıbın başına gələnləri dilə gətirmək məqamı çatanda da, ata öskürür, ana maşanı əlinə alıb baxışlarını hamıdan yayındırmağa çalışırdı. Talıbın sevgi dramında qəribə keçilməzliklər vardı. İlk dəfə əmisi qızı bilib istədiyi Sənubər bacısı çıxdı, sonra Çəmən adlı qızı sevdi, atası onu qan düşməninin qızı kimi tanıtdı və bu işin baş tutmayacağını qəti şəkildə elan etdi. Talıb taleyinə güc gəlmək istədi, baş götürüb getdi uzaqlara, ilim-ilim itdi. Küsmək, evlərindən, doğmalarından, hətta kəndindən də üz çevirmək Talıbın yeganə qisas almaq imkanına döndü. Uzun illərdən sonra arvadı Aybənizlə bu kənddən keçib Qazağa gedir və ona da kəndləri haqında heç nə demir. Yadlıq, yadlaşma insanları bir-birindən deyil, həm də özünü özündən qoparır…

Bu hissələrdən sonra romanda “yad” anlayışının məna çalarları hadisələrin məğzində, məzmununda ifadəsini tapır. Vaxtilə hamıya doğmadan doğma, əzizdən əziz olan insan yad mühitin, yad həyatın, yad düşüncələrin adamı kimi kəndə qədəm basası olur. Yadlaşma, soyuma, əslindən qopma prosesi təkcə insan talelərindən yox, elə bil ki, bütün kainatdan keçib gedir. Xatirələr soyuyur, yaddaşlar donur, münasibətlər buz bağlayır, bağlar qırılır. Adamlar səhrada təmtək yol ölçən, ömürlə ölüm arasında vurnuxan heçə dönür… Bütün var olanlar yoxluqda buz parçası kimi əriyir. Zaman su kimi axıb yox olur, evlər, adamlar köçür elə bil, boşluq və bozluq dünyanın peyzajına çevrilir. Günəş də yox olur qaranlıqda, sevgilər insan qəlbində, yollar həsrət çəkən gözlərdə yox olur… “Yox olma”-nın romanını oxuyuruq…

“Belə tez razılaşdılar. Səhərdən sağa-sola çoyuyan adamın alnındakı düyün navalçanın ağzını tutmuş buz salxımı kimi qırıldı düşdü; kənddən sıyrılmaqdan ötrü canı sıxılan yad adam da, Yadı yola salan da – ikisi də simmetriyanın bütün ölçülərinə uyğun, eyni vaxtda, üzbəsurət təbəssüm elədilər, qol qaldırıb tərəddüdsüz qucaqlaşdılar. Varla yox səssiz, mehriban vidalaşdı”. s.81

Qurban Yaquboğlu obrazlarını, hadisələrin axarını mistik bir məcraya yönəldir. Konkretlik, bizə tanış olan adlar və adamlar sanki başqa bir dünyanın varlıqları kimi doğulur. Və bu misik, illüziyalarla dolu mühitdə tanış adamlar olmasa da, tanış suallar eşidirik. Alcan baba artıq bir qaraltı kimi ölümünə yol ölçür və həmin sualla: “Qaraltı nəfəsini dərib təzədən harayladı: – Bu gün ayın neçəsidi, ay qardaş? Sinəsini doldurub, təkrar çığırdı: – Deyirəm, ayın neçəsidi bu gün? Uzaq yolun müsafiri birinci günün tarixindən xəbərsiz olarmı? Əzbər bilsəm də, sinəmdə gizlətdiyim cib saatını çıxarıb əqrəblərə, kiçicik kvadratın içindəki rəqəmə, ayın tarixinə bir də nəzər elədim, dərələrin, dağların intizarı çiyinlərimə ağırlıq salsa da, tələsmədim. Ağzımı qaraltıya sarı yox, göyə tutdum: – Ayın iyirmi beşidi!.. Sentyabrın iyirmi beşi… Nəfəsimi dərdim, göy yolu ayın-günün tarixini ünvana qovdu, iki dəfə qışqırdım, iki dəfə də əks-sədası yayıldı, cəmi dörd oldu. Kişi də arxayınladı. Durdudurdu: – Həəə!.. – dedi. Təsdiqini eşitdirdi. – Lap yaxşı… Getməyə başladı”. s.89

Dincliyini, məkanını, zamanını itirmiş adamlar cənnətdən qovulmuşlar kimi səhraya enmişdilər elə bil. Yadellilər, qaranlıqda yol azmışlar kimi çar-naçar qalmışdılar. (“– Neçə qapıya getdik. Hansı qapını döydük, “yox” eşitdik. Rədd olunmuşların siyahısından nə vaxt bizi çıxaracaqlar? – Kişi deyindi. – Hacıqasımlı, Çıraqlı… Hanı kənd? Bu nə düzəngahdı gəldik çıxdıq, bu nə təhər dünyadı…” s.108)

Nəsillər arasında əlaqə, qohumluq, ata-baba sıralamasında da qəribəlik var. Nənə babadan danışır, nəvələr nənə ilə üzbəüz oturub, amma babanın 1000 yaşı var. Nənə babanın nağılını danışır. “Min il qabaq dağlar arasında bir səltənətdə bir kişi çarığını-patavasını ayağına keçirdi, çomağını əlinə aldı, pay-piyada səfərə çıxdı. Daha dayana bilmədi, üzü hamara yol aldı. Baharıdı, yaşılıdı, günəş göydəydi”. Babalar şəcərəsi də yox olub, itir, anlaşılmaz olur. Həqiqət bəlli deyil, tarix bizim yanaşmamızdan, yaddaşımızdan asılı olur sanki. “O Baba bu Babadımı, bu Baba o Babadımı, hansı Baba hansı Babadı, nənə, bilinmir, qoy bilinməsin də!” s.183

Romanın qəhrəmanları mənfi və müsbət antiliyinə bölünməsə də, bəzi məqamlarda xeyir və şər, zəriflik və zor mövqelilər öz sözünü deyir. Məsələn, Həmidin anası ilə bağlı hekayətdəki Yekəpər adlandırılan (bu obrazda Xudayar bəy obrazının cizgiləri aydınca görünür) adamla Qəribə adam obrazı müqayisə olunur. Hər iki obrazın xisləti bir qadının taleyində oynadığı rolla ifadəsini tapır, aydınlaşır.

Əsər boyu başqalaşan və eyniləşən obrazlar sıra-sıra qarşımıza çıxır və yox olur, hamısı da eyni yolun eyni cığırında yol gedir… Yox olmağa gedirlər…

Romandakı durğun zaman, yeknəsək, eyni dairədə dövr edən təkrar hadisə və dialoqlar yorucu görünə bilər. Lakin həyatın əsil üzü kimi təsvir olunan çıxılmazlıqların özünü də ədəbiyyatlaşdırmaq lazımdır. Həyatda da belədir, bu qənaət hamımıza tanışdır: “adamı hər şeyin keçib getməsi də ağladar, heç nəyin keçib getməməsi də. O da ağladar, bu da”. s.186

Q.Yaquboğlunun nəsr dili qüsursuz və oxunaqlıdır, bədii əksetdirmədə, məişət üslubunda zəngin, rəvan ifadə tərzi ilə diqqətimizi cəlb edir. Xeyli sayda dialekt sözləri var ki, bu ifadələri ədəbiyyata, bədii mətnə gətirməklə dilimizin poetik imkanlarını ortaya qoymuş olur.

Konkretlik, mətləbi yığcam şəkildə çatdırmaq bacarığı da təqdirəlayiqdir, lakin bəzi məqamlarda hiss edilən uzunçuluq kompazisiyanın sistemliliyini korlayır. Məsələn, Həmidin anasının ona danışdığı macəralar silsiləsindəki əlavə detallar, qarışıq şəkildə nəqletmə buna misal ola bilər.

Q.Yquboğlu öz adını və rolunu da romanına yerləşdirib. Xüsusən də Qəribə adamla etdiyi yolçuluqda. “Elə ki getdim, otağı axtar, bir yaşıl üzlü dəftər tapacaqsan, onu oxu. Ayaq üstə əllərini qoşalayıb göyə açdı, dua elədi: “Allahım, yox olmağa niyyət elədim! Amin!” Yox olan adamla qalacam. Qurban, izin ver…” s.213

Yox olma həm də vidalaşma, hər şeyə əlvida deməkdir bu dünyada. Yağışa, suya, komalara, küçələrə, maşınlara, avtovağzallara, doğmalara və yadlara. Q.Yaquboğlunun qəhrəmanları da vidalaşa-vidalaşa bizə əl edir sanki. Qayıda-qayıda gedir, gedə-gedə qayıdırlar… Bircə dərddə əriyib durula bilirlər hərdən: “Allahım, hardan hara gedirəm, axırı qüssəyə, ağrıya gəlib çıxır, heç bir duanın, zikrin, cəhdin gücü yetmədiyi, təsbeh dənələri kimi xırda, möhkəm ağrılar ki var – irsi ağrılardı onlar. Sizi siləcəm, sizi… Bəs nədən indi asanca toza çevrilir, yox olur bu ağrılar?” s. 232

Əsərdə sufi bir yolçuluğun və şeyx təlimləri ilə aşılanan həyat fəlsəfəsinin özünün də yoxluğa doğru getdiyini görürük. Bütün fəlsəfələr və bütün yollar, bütün doğuluşlar, bütün kəşflər yoxluğa sürüyür bəşəriyyəti… Uşaq qocalar, qoca uşaqlar, ölmüş dirilər, diri ölmüşlər, var kimi ölmək, yox kimi doğulmaq absurdluğunun mahiyyətindəki həqiqət isə yalnız təxəyyül və illüziya məhsulu deyil, qavramımızda reallıq şəkli olan fəlsəfədir…

“Adamlar gəldilər. Adamlar gəldilər, qarşıladım. Yox olub gedəsi on beş yaşlı qocanın sözlərini eşidin: adamları başa düşmək, adamları oxumaq nə asanmış; onların deyəcəyini budu, elə özüm deyim: “Biz qalmaq istəyirik”. Onda siz qalın. Siz az şey istədiz. Onlarqalır. Qalan adamlar gəlib artıq. Nədən bəs, nədənanam ən qənşərdədi? Elə bildim, anamdan ayrılabilməyəcəm, silinməyəcək anam, ancaq mənə xeyirsə,hamıdan birinci getməyə o, hazır oldu. Daha dayanmaqolmaz, ana. Birinci dəfə məni doğanda mən vardım,indi yox doğursan”. s.243

Q.Yaquboğlu romanında sakit, səbrli yazı adamı kimi davranır. Sonda isə maraqlı bir bəyanatla çıxış edir. Məni az adam tanıya bilər, az adam xatırlayar, amma mən bütün bəşəriyyətlə danışdım – deyir. Və çox maraqlı, orijinal manevrlərlə yaddaşının şəklini təzələyir. Yaddaş da yuxu kimi fraqmentlərə bölünür, adamlar kəlmə-kəlmə, şəkil-şəkil sürüşüb yaddaşdan çıxır. Bəlkə də yaddaşda yox olub doğulur. Məsələn, bir kəndin obrazlar qalereyası bu cür xatırlatmada bədii qaye kəsb edə bilir. Bir az uzun kimi görünən sitatı diqqətlə oxusaq, bir yaddaşın kədərli xatirələrindən boylanan neçə-neçə adamlarla tanış olarıq. Və qulağımızda bir sual da əks-səda verər: Lala, Lala, sən kimsən? Bütün bu adamlar da yox olmuşlar, ya da yox olacaqlardır. Amma hamısı da doğmadır. Fərqi yoxdur, istər sevdiyi oğlandan məktub gətirdiyi üçün onu öpən Ahu Taleh qızı olsun, istərsə də, dərənin qırağında var gücüylə onun kürəyinə yumruq ilişdirən Famil Ətraf oğlu…

“Sürəyya Səlim qızı

Avqust ayının qızmar ikindisində, yalnız bir kərə, döngənin ağzında gördüm, uzun qara dizliyinin ətəyi başmağının dabanından düşüb toza-torpağa bulaşırdı, yerlə sürünürdü. Əlini irəli uzatdı: “Ay bala, o bulağın başında carçıdan mənə qarpız al, ciyərim alışıb yanır. Mərdan gəlsin, pulunu verəcək”.

Abdulla Əhmədşah oğlu

Şər qarışan çağda arvad-uşağının yanından çağırıb tövlələrin arasında güllələmişdilər onu, üç nəfərdən birini tutdular. Dədəm-anam pıçı-pıçı bundan danışırdı, biz heç nə bilmədik. O kişini görməmişdim. Qətl olan ili 5 yaşındaydım.

Arif İsmayıl oğlu

Üzünün yekə ət xalını xatırladım, qarşısına çıxanı məzəli sözə tutub güldürməmiş ötüşməzdi. Bir dəfə üz-üzə gəldik, həndəvərdə heç kəs yoxudu, səssiz gülümsəyib keçdi. Daha heç vaxt rastlaşmadıq.

Səhra Minə qızı

Qonşuda, həyətdə, evdə yaddaşımın min yerinə onun adını iynə-sapla tikiblər: Səhra, Səhra… Minə nənənin qızı… Bircə kəlməsi qalıb, adı. Səhra… Səhra… Səhra…

Şəhla Gözlər qızı

Ağıllıydı, gözəliydi, boy-buxunluydu. Çölə-bayıra nadir hallarda çıxardı, amma onu çəpərin arxasından görməyə boyum çatdı. Mən birinci sinfə gedən il sentyabrdagəlin köçdü.

Famil Ətraf oğlu

Dərənin qırağında yumruğunu var gücüylə kürəyimə ilişdirdi, ling zərbəsi almış qapı kimi qopub yıxıldım. Kəndin evləri gözümdə bıldıradı. Aralaşdı, geri qayıtdı, təpiklədi, qarnıma, böyrümə döşədi. Şalvarının qabağını açıb üstümə işəmək istəyəndə yoldan keçən bir maşın siqnalladı, işığını yandırıb söndürdü. O, aralanıb getdi. Maşından bir kişi düşdü, yanında, deyəsən, yenə kimsə qaralırdı, yemiş gətirdi. Uzunlüy yemişi iki böldü, “sən ye, mən tələsirəm” dedi, çıxdı getdi. Ağrıya-ağrıya yemiş yedim.

Cahangir Mustafa oğlu

Eşşəyin belində hər gün evimizin qənşərindən keçibküdrüyə çapırdı, marağa gediş-gəlişini dəftərə qeyd elədim. Yüz iyirmi dəfə kənddən çıxdı, doxsan səkkiz dəfə qayıtdı. Salam verdimi? Vermədi.

Məhəmməd Məhəmməd oğlu

Küçənin o başında dikələn adamı göstərib dədəmdən soruşdum: Şümal kişi kimdi? Dədəm xışıltılı səslə: “Məhəmmədin oğlu Məhəmməddi” dedi.

Məhəmməd Mirzəli oğlu

“Mənim də adımı siyahıya yaz, əli qələmli oğlan. Məhəmməd Mirzəli oğlu. Düz yazdın? Ay sağ ol, Mirzəli oğlu Məhəmməd. Ancaq mən səni tanımadım…”

Məhi Mustafa oğluyla Gülər

Cavan arvadıyla kəndimizə köçəndə qızı Güləri bizim sinfə qoydu. Biz günortadan sonra oxuyurduq, o, yanımıza gəlirdi, söhbəti uzadırdı. Yeddinci sinfə keçəndə kənddən köçdülər, hamının dilinə bir sirrin söhbəti onda düşdü. Cavan qadın kişinin ikinci arvadıymış, Gülər isə nə arvadın, nə kişinin, birgə qızıymış.

Nənəxanım Ayaz qızı

Tez-tez evinə yad kişilər gəlirdi.Sözü-söhbəti ümmana döndü. Ancaq ona heç kəs fahişə demədi; hamının üzünə gülümsərdi, arvadlı-kişili hamı sevərdi onu…

Səməndər Nəsrəddin oğlu

Öküz arabasını qovardı, qovardı… Başqa heç nə xatırlamıram.

Sünbül Zimistan qızı

Ağı deyərdi…

Ahu Taleh qızı

Ona bir oğlandan məktub gətirdim, üzümdən öpdü.

Oxtay Küsxan oğlu

Küsxan kişinin bircə oğlu vardı.

Yəhya

Xatırlamadım.

Lala

Lala, Lala, Lala, sən kimsən?” s.247

Qurban Yaquboğlunun “Mən yoxam” romanını Azərbaycan nəsri, ədəbiyyatı üçün uğurlu əsər hesab edirəm. Xüsusilə də fəlsəfi-psixoloji qatlardakı mahiyyətinə və dil-üslub səriştəsi, rəvanlığı və dəqiqliyinə görə. Romanı oxuya-oxuya Azərbaycan və dünya ədəbiyyatının bəzi nümunələri ilə müqayisə fraqmentləri haqqında da yazacağımı planlamışdım, amma məqalə tamam başqa ovqatda və məzmunda alındı. Romanın intonasiyası və diktəsi belə tələb etdi…

Yox olmalardan bəhs edən romanın ədəbiyyat tariximizdə qalacağı, daima var olacağı ümidilə müəllifə böyük uğurlar diləyirəm…


Müəllif: İradə Musayeva