Təsadüfən Türkiyənin “Cümhuriyyət” qəzetində rast gəldim: Azərbaycan əşrafından Ələşrəf Kürdəmir İstanbulda vəfat edib, Zincirlikuyu məzarlığında dəfn olunub.
Doğrusu, Əlimərdan bəy Topçubaşının qızı Sara xanımla ailə həyatı quran Ələşrəf bəyin Parisdə dəfn edildiyini düşünürdüm. Yanılmışam. Halbuki onun qızı Gülnar xanımı İstanbulda evlərində ziyarət etmiş, müsahibə almışdım.
Ələşrəf bəyin ilk soyadı Sultanovdur, Cümhuriyyət dövründə Sənaye və Ticarət nazirinin müavini olub. Sara xanımla evliliklərindən Zərifə (1921-2006) və Gülnar (1923) adlı qızları doğulub.
Ailə Parisdə yaşasa da, İstanbula gəlib-gediblər. Bu barədə Əlimərdan bəyin Əli bəy Hüseynzadəyə yazdığı məktubunda oxuyuruq:
“Bu gün mənim kürəkənim İstanbula gəlir və mən istəyirəm onunla Sizə kiçik bir məktub göndərim. Onunla bərabər, qızım Sara xanım da mənim həddindən çox sevdiyim iki nəvəmlə oraya gəlirlər. Şübhə etmirəm ki, Siz və Ədhiyə xanım (Əli bəyin xanımı – D.Ə.) mənim gözəl nəvələrimi sevəcək, İstanbula köçməyə qərar vermiş qızıma və kürəkənimə diqqətli olacaqsınız. Onlar hər ikisi mənim ailəmin buradakı həyatı, mənim hazırkı vəziyyətim və planlarım barədə Sizə ətraflı məlumat verəcəklər...”.
***
Ələşrəf bəy ailəsini dolandırmaq üçün ticarətlə məşğul olub. Topçubaşının vəfatından sonra Sara xanımla başqa evə köçüblər. Onların İstanbula səfərləri ilə bağlı görkəmli tarixçimiz, ailənin qohumu Sara Aşurbəyli memuarlarında bu şəkildə qeyd edib:
“… Ələşrəf Sultanov tez-tez Parisdən İstanbula gəlirdi, o, Əlimərdan bəy Topçubaşovun qızı Sara ilə evlənmişdi. Parisdə onların iki qızları anadan olmuşdu – böyüyünün adı Zərifə, o birinin adı Gülnar idi. Ələşrəf bizə onların fotoşəkillərini hədiyyə etmişdi. 1925-ci ildə biz Bakıya geri dönməzdən əvvəl Ələşrəf dayı Parisdən qayıtdı və anama dedi: “Əsmət bacı, sən Saranı mənə ver, onu Parisə aparım, o, fransız kollecini bitirir, onu Əlimərdan bəy Topçubaşovun oğlu Rəşidə ərə verəcəyəm, toylarını da özüm edəcəyəm. Rəşid Parisdə Science politique (ali diplomatiya məktəbini) bitirib, özü də əla qiymətlərlə. Ağıllı, tərbiyəli oğlandır”. Rəşid 1919-cu ilin yayında bacıları və Ələşrəflə bizdə – Mərdəkandakı bağımızda qonaq olmuşdu. Həqiqətən də, yaraşıqlı gənc idi. Onunla tanış idik. Amma anam Ələşrəfə dedi: “Yox, Sara da, o biri uşaqlar da mənimlə Bakıya qayıdacaqlar. Onu Parisə buraxmaram”. Məndən heç soruşan da yox idi ki, Rəşidə ərə getmək istəyirəm, ya yox... Biz Bakıya qayıtdıqdan az sonra tezliklə Rəşidin vərəmə tutulub dünyasını dəyişdiyini öyrəndik. Bilmirdim, ona ərə getsəydim, Parisdə, valideynlərimdən uzaqda taleyim necə olacaqdı”.
***
Kürdəmirlərin məzarlarının təmirinə böyük ehtiyac var. Məzar yerini tapmağıma kömək edən yaşlı məzarlıq işçisi 5-6 il əvvələ qədər Əli bəy adlı birinin ziyarətə gəldiyini dedi.
Məzarlıqda 4 nəfər dəfn edilib:
Ələşrəf Kürdəmir (1891-1969)
Sara Kürdəmir (1899-1982)
Zərifə Kürdəmir (qızları, 1923-2006)
Fikrət Sander (nəvələri, 1951-1987)
Fikrət Sander Ələşrəf bəyin nəvəsidir. Belə ki, qızı Gülnar xanım Türkiyənin məşhur yazıçısı Şükufe Nihalın oğlu Necdet Sanderlə evlənib. Necdət bəylə Gülnar xanım beş il evli qalıblar, iki övladları olub: Fikrət və Nilufər. Fikrət bəy 35 yaşında vəfat edib. Nilufər xanım hazırda Türkiyənin Bodrum şəhərində, Gülnar xanımın özü isə İstanbulda yaşamaqdadır.