Bu il 9-12 mart tarixlərində İstanbulda dünyanın 60 ölkəsindən 345 naşirin qatıldığı 6-cı Uluslararası İstanbul Yayımcılıq Professional Buluşmaları başa çatıb. Türkiyə Basım Yayım Məslək Birliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan tədbirdə Azərbaycanı 21 nəşriyyat təmsil edib ki, onlardan biri də “Şərq-Qərb” ASC olub.
“Şərq-Qərb” Nəşriyyat Departamentinin direktoru Sevil İsmayılova Teleqraf.com-a açıqlamasında “Dünya yayımçılarının qəlbi İstanbulda vurur” şüarı ilə keçirilən tədbirin çox yüksək səviyyədə təşkil edildiyini bildirib:
“Çox mötəbər bir açılış oldu. İlim Yayma Mütevelli Heyəti başqanı Bilal Ərdoğan, Ticarət Palatasının rəhbəri Şekib Avdagiç da tədbirə qatılmışdı. Azərbaycandan isə açılışda akademik İsa Həbibbəyli, Xalq yazıçısı Çingiz Abdullayev çıxış etdi. Bu il, bildiyiniz kimi, Azərbaycanda Nizami Gəncəvi ilidir. Bizim üçün çox sevindirici məqam o oldu ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli öz nitqində “Şərq-Qərb” ASC-nin fəaliyyətini xüsusi dəyərləndirərək nəşriyyatın nəfis tərtibatla hazırladığı Nizami Gəncəvinin “Xosrov və Şirin” kitabını Turkiyə Basım Yayım Məslək Birliyi rəhbəri Mustafa Doğruya təqdim etdi. Bu bizim işimizə verilən yüksək dəyər idi”.
Azərbaycan fəxri qonaq olduğu üçün tədbirin güdişatı boyunca Azərbaycan stendində kitablarımız təqdim edilib. Stendin və Azərbaycanın görkəmli rəssamlarının əsərlərindən ibarət mini-sərginin çox böyük marağa səbəb olduğunu deyən Sevil İsmayılova “Şərq-Qərb” ASC-nin sərgidə təqdim etdiyi 44 günlük müharibə boyu Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin çıxış və müsahibələrini əks etdirən “Zəfər salnaməsi”, ingilis dilində çox möhtəşəm bir kitab olan “Azərbaycan silahları”, Çingiz Qacarın “Köhnə Şuşa” və s. kitablarının istər professional naşirlər, istərsə də qonaqlar tərəfindən çox bəyənildiyini vurğulayıb:
“Bağlanış mərasimindən sonra Türkiyə və Azərbaycan nəşriyyatlarının nümayəndə heyətlərinin görüşü keçirildi. Tədbirin təşkilatçılarından olan Turkiyə Basım Yayım Məslək Birliyi başqanı Mustafa Doğru "Şərq-Qərb" nəşriyyatının məhsulu olan iki kitabı xüsusilə çox bəyəndiyini vurğuladı. Bunlardan biri ölkəmizin 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli yoldan bəhs edən "Zəfər salnaməsi" kitabı idi. Təşkilatçı bu qədər qısa zaman kəsiyində bu cür nəfis tərtibatda kitab hazırlanmasına təəccübləndiklərini dilə gətirdi.
"Şərq-Qərb" nəşriyyatının ingilis dilində nəşr etdiyi "Azərbaycan silahları" kitabı da çox bəyənilən nəşrlərdən biri kimi dəyərləndirildi”.
Onu da qeyd edək ki, Azərbaycandan iki nəşriyyat – “Qanun” nəşriyyatı, bir də “Ağıllı bala” Fellowshipin təşkil etdiyi müsabiqəyə qatılmışdı. “Qanun” nəşriyyatı qalib gələrək 6000 dollar məbləğində kitabların yayım hüququnu əldə etdi.
Sevil İsmayılovanın dediklərindən: “Əslində, bütün bu müsabiqələr kitabları yaymaq üçün nəzərdə tutulur. Bizim də xeyli görüşlərimiz vardı. Öncədən hamısı planlaşdırılmışdı. İran, Türkiyə, Ukrayna, Hindistan nəşriyyatlarının nümayəndələri ilə görüşdük, fikir mübadiləsi apardıq. Amerikadan, Asiyadan tutmuş dünyanın bir çox fərqli yerlərdən nəşriyyatlar iştirak etdiyi tədbirdə müqayisə imkanı da yaranmışdı. Bəlkə, mən mütəxəssis olduğum üçün o fərqi gördüm.
Fikir verdim ki, gələn kitablar daha çox yumşaq üz qabıqlı, daha sadə, çox yüngül daşınan, oxunaqlı şriftlə, praktik, kağızı yüngül kitablardır. Dizayn cəhətdən də bizim kitablarda daha çox estetik görünüş diqqəti çəkirdi. Onlarda isə daha sadə dizayndan istifadə olunur”.
6-cı Uluslararası İstanbul Yayımcılıq Professional Buluşmalarının əsas cəhətlərindən biri də kitab hüquqlarının alınması və satılmasıdır. Bununla bağlı sualımıza Sevil İsmayılova bildirib: “Hüquqları alınan və ya alınmaq ustəyən bir çox məhsullar var idi. Bəzi məsələlərdə ilkin razılaşma əldə edildi. Mən şəxsən öz adımdan deyə bilərəm ki, çox maraqlı kitablar gördüm. Psixologiyaya, gənclərə, müasir aktual problemlərə aid çox maraqlı kitablar var idi. Uşaqlara sözsüz çatdırılan, məlumatlarla zəngin şəkilli kitablar var idi ki, mən heç düşünməzdim, elə bir sadə yolla uşağa hansısa qlobal problemi öyrətmək olar. Onları böyük məmnuniyyətlə tərcümə etmək, yaymaq lazımdır”.