XIX əsrin sonlarında Rusiya-Osmanlı müharibələri nəticəsində Qafqazdan Türkiyəyə müxtəlif köçlər oldu. Azərbaycanın Gəncə, Şirvan bölgələrindən Osmanlıya yerləşən ailələr bu dövlətə önəmli şəxsiyyətlər də yetişdirdilər. Şəkidən olan Darğazadə ailəsindən Məhəmmədəmin bəy Osmanlı sultanının mabeynçisi olub. Eləcə də bu ailədən Nuri və Mahmud Bərköz qardaşları Türk ordusunda önəmli xidmətlər göstəriblər.
Həmin dövrlərdə Gəncədən İstanbula yerləşən Hacıbaba Məhəmmədzadə (Gəncəli) Qapalıçarşıda ticarətlə məşğul olub, qısa zamanda Nyu-Yorkda xalça mağazalarının şöbəsini qurublar. Onun oğlu Məhəmmədəli Məhəmmədzadə ABŞ-da ziraət üzərinə təhsil alıb, 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal paşa onu Məcidiyyə nişanı ilə təltif edib.
Osmanlı kəşfiyyatının üzvlərindən, Türkiyə Parlamentinin deputatlarından Əsəd Urasın ailəsi də həmin dövrdə Kürdəmirdən Türkiyəyə köçüb.
Göründüyü kimi hələ Azərbaycan Cümhuriyyətinin işğalından öncə də xeyli ailələr Qafqazdan Türkiyəyə mühacirət ediblər. Bu ailələrdən biri də Türkiyənin tanınmış alimlərindən Əbdülbaqi Gölpınarlının atası olub.
***
Azərbaycan əsilli türk alimi Əbdülbaqi Gölpınarlı Gəncədən Bursaya köçmüş bir ailənin övladıdır. “Gölpınarlı” soyadı dədəsi Mustafa İzzət Əfəndinin dədəsi Abbas Ağanın Gəncənin Göyçay bucağının Gölpınar (Göybulaq) kəndindən olmasına görədir.
1877-1878-ci illər Türk-Rus müharibəsində İstanbula gələn Əbdülbaqinin atası Əhməd Agah Əfəndi burada Dağıstan mühacirlərindən Aliyə Şöhrət xanımla evlənib. Agah Əfəndi Vəqflər Nazirliyində vəzifədə olmaqla yanaşı, Əhməd Midhəd Əfəndinin məiyyətində ömrünün sonunadək onun çap etdiyi “Tərcümani-Həqiqət” qəzetində çalışıb, xidmətlərinə görə “Şeyhül-mühabirin” (Müxbirlərin şeyxi) ünvanını qazanıb. Agah Əfəndi çağatayca və farsca öyrənib, Rusçukta ikən bektaşilərə, İstanbula gəldikdən sonra nəqşilərə qoşulub. Onun atası “Kıyami” təxəllüsü ilə şeirlər yazıb.
Əbdülbaqi Gölpınarlı 12 yanvar 1900-cü ildə İstanbulun Kadırga səmtində doğulub. Ona əvvəlcə dədəsi Mustafa İzzətin adı verilib, amma ailənin uşaqları tez vəfat etdiyi üçün uzunömürlü olsun deyə “Əbdülbaqi” olaraq dəyişdiriblər.
Əbdülbaqi əvvəlcə Babialidə Xoca Təhsin mədrəsəsindəki Yusuf Paşa ibtidai məktəbində, sonra Menbaül-irfan edadisinin rüşdiyyəsində, daha sonra Gelenbevi edadisində oxuyub. Gelenbevinin son sinfində ikən 1916-cı ildə atasının vəfatına görə təhsilini yarımçıq qoyub, işləmək məcburiyyətində olub. Bir müddət kitabçılıqla məşğul olsa da, uğur əldə edə bilməyib. Əbdülbaqi 1920-ci ildə Çorumun Alaca mahalının Kenzül-irfan ibtidai məktəbində baş müavin, daha sonra baş müəllim olaraq çalışıb. 1924-cü ildə İstanbula qayıdıb, imtahan verərək Kişi Müəllim Məktəbinin son sinfinə qəbul edilib. 1925-ci ildə daxil olduğu İstiqlal Liseyindən 15 avqust 1926-cı ildə məzun olub.
Bu müddətdə müəllimlik edib, daha sonra İstanbul Universitetinin Ədəbiyyat Fakultəsində ali təhsil alıb. 1930-cu ildə buranı bitirib. Konya, Kayseri, Balıkəsir liseylərində ədəbiyyat müəllimi olaraq çalışıb, bir müddət də İstanbul Universitetinin kitabxanasında işləyib. Daha sonra Vefa və Kastamonu liseylərində müəllimlik edib. 1939-cu ildə Ankara Universitetinin Dil və Tarix-coğrafya fakültəsinə dəvət alıb, bir müddət sonra dosent təyin edilib. “Yunus Əmrə, həyatı, sənəti, şeirləri” adlı tədqiqatı ilə doktorluq elmi işini müdafiə edib. 1942-ci ildə İstanbul Universitetinə göndərilib, orada İslam-türk təsəvvüf tarixi və ədəbiyyatından mühazirələr oxuyub.
1949-cu ildə isə öz istəyi ilə təqaüdə çıxıb. 25 avqust 1982-ci ildə İstanbulda vəfat edib. Seyid Əhməd məzarlığında dəfn edilib.
Gölpınarlı “Atsız məcmuə”, “Orhun”, “Azərbaycan Yurd Bilgisi”, “Türkiyyat məcmuəsi” kimi jurnallarla əməkdaşlıq edib. 1931-ci ildə nəşr etdirdiyi “Məlamilik və Məlamilər” adlı əsəri ilə elm aləminə qədəm qoyub. Digər əsərlərindən bəziləri: “Pir Sultan Abdal” (1953), “Divan ədəbiyyatı bəyanındadır” (1945), “Yunus Əmrə Divanı” (1943), “Füzuli Divanı” (1948), “Mövlana Cəlaləddin” (1952), “Mövlanadan sonra Mövləvilik” (1953) və s. Onun 114 kitabı, 400-dən çox məqaləsi var.
***
Ötənlərdə Seyid Əhməd dərəsi məzarlığında Aşura günündə bir təsadüf nəticəsində Əbdülbaqi Gölpınarlının oğlu Yüksel bəylə tanış olduq. Azərbaycandan olduğumuzu bildirdik və ilk fürsətdə müsahibə almaq istədiyimizi dedik. Lütfkarlıq göstərərək qəbul etdi. Daha sonra İstanbulda Üsküdar meydanında kitab mağazasında görüşdük və qısa olaraq söhbətləşdik.
- Yüksəl bəy, atanızın soykökünün Azərbaycandan olduğunu bilirik. Bu barədə sizə nələr danışıb?
-Bizim Türkiyəyə gəlişimizdən 117 il keçib. Babam Əhməd Agah əfəndi Azərbaycandan buraya gəlib. Əvvəlcə Bursaya yerləşib, daha sonra İstanbula köçüblər. Atam İstanbulda doğulub.
- Babanız Əhməd Agah əfəndi məşhur yazıçı Əhməd Midhəd əfəndinin yanında çalışıb. Onun da Azərbaycanın Ağdaş bölgəsindən olduğuna dair yazılar var. Babanızla Midhəd əfəndinin buradan da bir yaxınlığı ola bilərmi?
- Ola bilər. Əhməd Midhəd əfəndinin məzarı Fateh məscidi hövzəsindədir. Mərhum atam bayram ziyarətləri etdiyi zaman əvvəlcə o məzara gedər, “ustadım” deyərək məzar daşını oxşayar, sonra məscidə daxil olardı.
- Atanızın gənclik illəri Mustafa Kamal paşanın islahatları dövrünə düşüb. Onun islahatları haqqında nələr düşünürdü?
- Mərhum atam Dolbaxçada bir qurultayda olmuşdu. Həmin Dil qurultayında atamın söylədiyi bir söz vardı: “Q” və “X” hərfləri Türk əlifbasına daxil olmalıdır. Atam fikrini isbat etmək üçün bir kitab dərc etdirdi. “Q” hərfi ilə yazılan bir kitab.
- Azərbaycanda qalan ailənizlə əlaqəniz oldumu?
- Dədəmin qardaşı Azərbaycanda qalmışdı. Gəldikdən sonra əlaqələri təəssüf ki, kəsilib.
- Atanız haqqında oxuyarkən bəzi məqalələrdə onun bir dəfə həbs edildiyini gördük. Bu məlumat doğrudurmu?
- Bu, yanlış məlumatdır. 1944-cü ildə atamın tələbələrindən biri ona deyir ki, xocam, biz bir dərnək qururuq, nizamnaməsini yazmışam, nəzər yetirməyiniz mümkündürmü? Atam da deyir ki, olar və nizamnaməni alıb çantasına qoyur. Sonra həmin tələbə tutulur və ondan “sən bu nizamnamələri kimə vermisən” deyə soruşulur. O da atamın adını verir. Atam buna hirslənir ki, mənimlə nə əlaqəsi var. Tələbəni müdiriyyətə gətirdikləri zaman uşağın qaralmadığı yeri yoxdu, ayaqda dura bilmirdi. Atam deyir ki, mən uşağın bu halını görüncə dedim ki, “tövbə ya rəbbim, mən onun yerində olsaydım, məzardakıların da adını verərdim”. Atam on ay həbsə məhkum edilir. Amma məhkəmə olur, azad edirlər.
- Atanızın dini görüşləri haqqında nə deyə bilərsiniz? Qızılbaş olduğu da yazılır...
- Atam Həzrət Məhəmməd (s.a.s) əfəndimizi və əhli-beytini sevərdi. Qızılbaş deyilən camiə sonradan ələvilik adlandırıldı. İndi nə sünnilər qızılbaşlığı tanıyır, nə də qızılbaşlar özlərini müdafiə edə bilirlər. Qızılbaşlara ən böyük zərəri verən öz dədələridir. Nə deyirlər: “Namazımız qılınmış, orucumuz tutulmuşdur”. Halbuki kim kimin orucunu tutar, kim kimin namazını qılar?! Hər kəsin məsuliyyəti özünə görədir. Bizdə qızılbaşlığı çox da yaxşı bilməzlər. Qızılbaşlığın üç əsas ümdəsi vardır: əlinə, belinə, dilinə hakim ol. Bunları etməyən düşkün olur. Əlinə -, yəni kimsənin malına, mülkünə toxuna bilməzsən. Belinə -, yəni heç kimin namusuna göz dikə, toxuna bilməzsən. Dilinə - , yəni kimsə haqqında qeybət, dedi-qodu edə, pis söz danışa bilməzsən.
- Atanız İstanbulda Seyid Əhməd dərəsi məzarlığında dəfn olunub. Oraya nədənsə iranlılar məzarlığı da deyilir.
- Atamın atası, anası da orada dəfn edilib. Öz istəyi də ora idi. Oraya iranlılar məzarlığı deyilsə də, 80 faizi azərbaycanlılardır. Ona görə də zatən iranlı xocaların, axundların da çoxu azərbaycanlılardır.
- Gölpınarlı soyadı haradan gəlir?
- Türkiyə, İran, Naxçıvan sərhədində olan bir yerə Gölbulaq qapısı deyirdilər. Gölpınarlı oradan gəlir.
- Atanızın arxivi harada saxlanılır?
- Atamın arxivi Konyadakı Mövlana muzeyində idi, oradan Ankaradakı Millət Kitabxanasına verildi. 218 ədəd əlyazma, 57 ədəd lövhə vardı.