Ermənistan bir nömrəli tərəfdaşı olan Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında bəyan edib.
O, noyabrın 18-də silahlı qüvvələrdə islahatlar da daxil olmaqla fəaliyyət planını təsdiqlədiyini xatırladıb. Qeyd edib ki, islahatları həyata keçirmək üçün müdafiə naziri Vaqarşak Arutyunyanın rəhbərliyi altında işçi qrupu yaradılacaq.
İşçi qrupu silahlı qüvvələrdə islahatların aparılması üçün yol xəritəsi qrafikinin hazırlanması ilə məşğul olacaq.
“Biz təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşımız – Rusiya ilə daha sıx əməkdaşlıq qurmaq niyyətindəyik. Əminik ki, nəticədə bu əlaqələr təhlükəsizlik, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində daha da effektiv olacaq”, – deyə o bildirib.