26 Oktyabr 2021 17:49
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin bu gün keçirilən iclası deputatların növbəti davasına görə yarımçıq qalıb.

Teleqraf.com xəbər verir ki, “Ermənistan” müxalifət blokunun deputatı Qeqam Manukyanın mikrofonu söndürülüb və parlamentin tribunasından zorla endirilib.

Manukyanın özünün sərt bəyanatından sonra durum kəskinləşib. Şovinist deputat “Qarabağı unudan vətən xainidir” deyə qışqırıb. Bu sözləri bir neçə dəfə təkrar etdikdən sonra iclasa sədrlik edən vitse-spiker Ruben Rubinyan həmkarını sakitləşməyə dəvət edib: “Cənab Manukyan, etika qaydaları var. Onları pozmayın. “Vətən xaini” dedin. Onda mənə açıq deyin, kimi nəzərdə tutursunuz?”.

Manukyan isə cavab verərək deyib ki, özündən əvvəllər çıxış edən hakim partiyadan olan deputat Vigen Xaçatryanın açıqlamalarına münasibət bildirib.

“Deməli, Vigen Xaçatryan satqındır?” sualını edən vitse-spiker Manukyanın mikrofonunu söndürmək göstərişi verib və deputatdan parlament tribunasını tərk etməyi xahiş edib. Amma Manukyan bundan imtina edib. Bu zaman vitse-spiker parlamentin təhlükəsizlik xidmətinin əməkdaşlarından deputatı tribunadan uzaqlaşdırmağı xahiş edib.

Parlamentin vitse-spikerinin bu davranışı iqtidar çoxluqdan olan deputatlarla müxalifət arasında dava-dalaş yaradıb. Nəticədə Rubinyan 20 dəqiqəlik fasilə elan etmək məcburiyyətində qalıb.


Müəllif: Nemət