"Rusiya XİN-in nümayəndəsi mənim həmsöhbətim ola bilməz. Həmsöhbətim Rusiya Federasiyasının prezidenti və Rusiya Federasiyasının baş naziridir".
Teleqraf.com xəbər verir ki, bunu erməni baş nazir Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın Ermənistanın KTMT-dən çıxmaqla bağlı reaksiyasına münasibət olaraq bildirib.
“Rusiya kimi hörmətli və dost bir ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi belə mənim dediklərimə münasibət bildirə bilməz, o, sadəcə dediklərimə qulaq asmalıdır”, - Paşinyan əlavə edib.
Qeyd edək ki, bu gün Mariya Zaxarova Paşinyanın KTMT ilə bağlı qalmaqallı açıqlamasına münasibət bildirib. O qeyd edib ki, KTMT-nin fəaliyyətini çox səmərəli hesab edir: “Əgər bu Ermənistanın KTMT-dən çıxması ilə bağlı lobbiçilik etmək üçün xüsusi ifadədirsə, mənə elə gəlir ki, sözlərlə olan manipulyasiyanın təhlükəsini başa düşmək lazımdır. KTMT Ermənistanı necə tərk edə bilər ki? Yaxşı olardı ki, bir daha bu haqda ətraflı danışardılar. Söhbətin nədən getdiyi o qədər də aydın deyil”.