Ermənistan müdafiəyə ehtiyacı olduğu üçün bizimlə əməkdaşlıq edirdi. Görünür, artıq bu müdafiəyə, bu güzəştə, status-kvoya, bütün bunlara ehtiyac olmadığını düşünürlər. Guya indi silahlanıblar, heç kim hücum etməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamasını şərh edən Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurova deyib.
“Bu o deməkdir ki, Ermənistan artıq heç nəyin onu təhdid etmədiyini düşünür və məsələləri təkbaşına həll edə bilərlər. Ya da başqası onlara nəsə söz verib”, - deputat bildirib.
Onun sözlərinə görə, bunlar sadəcə sözlərdir, siyasətçilər indi ictimaiyyətə çox şey deyirlər.
“Yəqin ki, Ermənistan təzyiq altında və çətin vəziyyətdə olduğuna görə Qərb üçün belə bəyanatlar verir. Bütün bunlar bitən kimi Ermənistan hərbi əməkdaşlıq xahişi ilə bizə qayıdacaq”, - Jurova vurğulayıb.
Nikol Paşinyan bundan əvvəl KTMT-nin ən həlledici məqamda Ermənistana yardım etmədiyini demişdi.