Qlobal iqlim dəyişilməsi bəşəriyyət üçün ciddi təhdidlər yaradır. Bunun qarşısını almaq üçün atılan addımlardan biri avtomobillələrin atmosferə göndərdiyi zəhərli qazları minimuma endirməkdir. Bunun üçün əsas məsələ elektromobilə keçmək, daxili yanma mühərrikli avtomolillərdən imtina etməkdir. Elektriklə işləyən avtomobilin ən böyük üstünlüyü onun təbiət üçün zərərinin olmamasıdır. Çünki havanın çirklənməsinin ən böyük səbəbi məhz köhnə, istismar müddətini başa vuran avtomobillərdir.
Hesab edilir ki, 10-15 il sonra bütövlükdə dizel mühərrikli avtomobillərdən imtina olunacaq. İctimai nəqliyyatda elektrikli avtobuslar fəaliyyətə başlayacaq. Bəs bu proses Azərbaycanda necə gedir?
Bakının marşrut xəttinə Çinin “BYD” şirkətindən alınan ilk elektrik mühərrikli avtobus 2023-cü ilin sentyabr ayında buraxılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumatına görə, elektrik avtobusu tam enerji toplayaraq 350 km məsafə qət edə bilir.
Nazirlikdən bildirilib ki, elektrik avtobusun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaсaq. Nəticələrə uyğun olaraq, elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqinə baxılacaq.
Elektrikli avtobusların Azərbaycanda tətbiqi həm ekoloji baxımdan, həm də sərnişinlərin rahatlığı üçün vacib hesab edilir. Bəs ölkədə elektrikli avtobusların tətbiqi ilə bağlı vəziyyət nə yerdədir?
Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, hazırda bütün dünya elektromobillərdən, elektrik mühərrikli avtobuslardan istifadəyə keçir:
“Düzdür, elektrikli avtobuslar həm ekoloji baxımından, həm də sərnişinlərin rahatlığı üçün daha əhəmiyyətlidir. Eyni zamanda bu avtobusların qiyməti də nəzərə alınmalıdır. Çünki elektrik avtobusları ənənəvi avtobuslardan xeyli bahadır. Dünyada ən bahalı avtobuslardır. Bu baxımdan, onların saxlanılması, onlara xidmət və digər məsələlər nəzərə alınmalıdır. Sahibkarların sitimullaşdırılması həyata keçirilsə, bu nəqliyyat vasitəsinin ölkəyə gətirilməsi kütləvi hal ala bilər.
Bakının baş planında tramvay xətlərinin çəkilməsi nəzərdə tutulub. Mən metro xətlərinin inkişaf etdirilməsinin və sürətli şəkildə elektrikli avtobuslara keçilməsinin tərəfdarıyam. Tramvay da elektriklə işləyir, lakin infrastrukturu yaratmaq çətindir. Bu səbəbdən elektrikli avtobusların alınması çox yerində olar. Yeni avtobusların hamısı elektrik mühərrikli olmalıdır. Avropa ölkələrində, Yaponiyada, Amerikada elektrikli avtobusların sayı artmaqdadır”.