29 Avqust 2016 13:00
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə İran və İraq təbii qazının Azərbaycan ərazisindən keçməklə nəqli məsələsi nəzərdən keçirilir".

Bu barədə Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov bu gün Bakıda keçirilən “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransındakı çıxışında deyib.

N.Abbasov qeyd edib ki, Azərbaycan TANAP-ın əsas təşəbbüskarıdır. İran qazının Azərbaycan ərazisi ilə nəql edilərək Türkiyədə TANAP-a qoşulması, oradan isə Avropaya nəqli imkanlarına baxılır.

“Azərbaycan və İran arasında İran təbii qazının, hətta İraq qazının Azərbaycan ərazisindən tranziti üçün mövcud infrastruktur var. İraq ilə İran arasında da belə infrastruktur mövcuddur. Bu infrastrukturla İraq qazı İrana, buradan isə Azərbaycan ərazisinə nəql oluna və Türkiyədə TANAP-a qoşulmaqla Avropaya nəql edilə bilər”, - deyə nazir müavini vurğulayıb.

***

Avqustun 29-da Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı öz işinə başlayıb.

Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın prezidenti Gürkan Kumbaroğlu I Avrasiya konfransının keçirilməsində məqsədin dünyanın enerji nəhənglərini Bakıda bir araya gətirmək və IAEE-də Xəzər dənizi regionuna istiqamətlənən fəaliyyətləri inkişaf etdirmək olduğunu deyib.

Bildirib ki, konfransda əsas diqqət Xəzər regionu enerjisi ilə bağlı iqtisadi məsələlərə yönəldiləcək və bu mövzu ətrafında müzakirələr aparılacaq.

“Son 10 ildə yüksək enerji qiymətlərinin təsiri ilə Xəzər regionunun neft-qaz hasil edən ölkələri sürətli iqtisadi inkişaf təcrübəsinə malik olsalar da, hazırkı aşağı neft qiymətləri onlara təsirsiz ötüşməyib”, - deyə G.Kumbaroğlu qeyd edib.

Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov isə ölkəmizin neft hasilatı tarixindən danışıb, “Əsrin müqaviləsi”nin Azərbaycanın karbohidrogen ehtiyatlarının istehsalı və dünya bazarlarına nəqli baxımından əhəmiyyətini vurğulayıb.

Bildirib ki, hazırda Azərbaycan nəinki neft, o cümlədən təbii qaz ixracatçısına çevrilib. Hazırda Azərbaycanın təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi icra edilir. Bu layihə Avropanın enerji resurslarının şaxələndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, konfransın Bakıda təşkil olunması ilə bağlı qərar 2015-ci il mayın 24-də IAEE-nin Antalyada keçirilən İdarə Heyətinin iclasında qəbul edilib.


Müəllif:

Oxşar xəbərlər