26 Sentyabr 2016 08:01
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilən referendumla əlaqədar ölkədə seçki məntəqələrində səsverməyə start verilib.

Teleqraf.com məlumat verir ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqələrdə lazımi əyani vəsaitlərlərlə təmin edilib, səs verənlərin siyahısı tərtib olunub, məntəqə seçki komissiyalarının iclası keçirilib,

Səsvermə prosesinin Seçki Məcəlləsinin tələblərinə uyğun, səsvermə hüququna malik vətəndaşlarımızın referendumda iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılıb.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə müvafiq olaraq referendum günü bütün ölkə üzrə səsvermə saat 8.00-dan başlayır, 19.00-da başa çatır. Məntəqə seçki komissiyasının üzvləri səsvermə başlananadək hazırlıq işləri aparır və saat 07:50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsinin açıldığını elan edir. Bundan sonra o, seçki komissiyasının üzvlərinə, müşahidəçilərə və orada olan digər referendum subyektlərinə boş səsvermə qutularını göstərib kilidləyir və saat 08:00-da səsvermənin başlandığını elan edir.

Referendum günü məntəqə seçki komissiyasının üzvləri fəaliyyətlərini onlar arasında aparılmış iş bölgüsünə uyğun olaraq qururlar. Həmin bölgüyə əsasən məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanıb, məntəqəyə daxil olan seçicilərin şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən digər sənədi, həmçinin onun sol əlinin baş barmağının gözəgörünməyən mürəkkəblə işarələnib-işarələnmədiyini müəyyən etmək üçün ultrabənövşəyi lampadan istifadə etməklə yoxlayır. Əgər seçicinin sol əlinin baş barmağı gözəgörünməyən mürəkkəblə işarələnməyibsə, ona seçki məntəqəsinə daxil olmağa icazə verir. Bu cür işarələnmə müəyyən edilərsə, seçici səsvermə otağına buraxılmır.

Bundan başqa, əgər seçici barmağının işarələnməsindən imtina edərsə, ona səsvermə bülleteni verilməyəcəyi həmin komissiya üzvü tərəfindən izah olunmalıdır. Seçici razılaşmadığı təqdirdə ondan seçki məntəqəsini tərk etmək tələb olunmalıdır. Seçki Məcəlləsinin 104.6-cı maddəsində qeyd olunur ki, belə halda bu barədə seçicilər siyahısında seçicinin adının qarşısında “işarələnmədən imtina etdi” qeydi aparılır.

Səsvermə otağına daxil olan seçici ilkin olaraq seçici siyahısına məsul olan komissiya üzvünə yaxınlaşır, şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədi təqdim edir. Bundan sonra seçicinin adı seçicilər siyahısında tapılır və o, öz adının qarşısında imza edərək səsvermə bülleteni alır. Məntəqə seçki komissiyasının üzvü seçki qanunvericiliyinin tələbinə uyğun olaraq şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini seçicilər siyahısına qeyd etməlidir. Seçici isə öz növbəsində, bülleteni alarkən və imza edərkən bu yazıların düzgünlüyünü yoxlaya bilər. Səsvermə bülleteni almış seçici şəxsən və təklikdə səs verməlidir.
Fiziki qüsurlu və ya hərəkət qabiliyyətində məhdudiyyətləri olan seçici məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, başqa şəxslərin köməyindən istifadə edərək səsvermə hüququnu həyata keçirə bilər. Bu zaman seçiciyə kömək edən şəxs öz soyadını və inisialını göstərməklə seçici siyahısında “seçicinin səsvermə bülletenini alması haqqında imza” qrafasında imza etməlidir.

Seçici referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə səs verə bilər. Bunun üçün o, səsvermə bülletenində Referendum Aktı layihəsi əsasında tərtib edilmiş iyirmi doqquz hissənin hər birində nəzərdə tutulmuş dəyişikliklərin qarşısındakı kvadratlardan birində şərti olaraq müəyyən edilmiş “X” işarəsi qoymalıdır. Əgər seçici hər iki kvadratda işarə qoyarsa və ya heç bir kvadratda işarə qoymazsa, bu halda onun səsi həmin hissə üzrə etibarsız hesab ediləcəkdir. Ona görə də seçici bu məqamda xüsusilə diqqətli olmalıdır. Seçici səsvermə kabinəsində öz səsvermə hüququnu ifadə etdikdən sonra səsvermə bülletenini qatlayıb səsvermə qutusuna atmalıdır.


Müəllif:

Oxşar xəbərlər