Ötən gün Azərbaycan Tarif Şurasının iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev Teleqraf.com-a açıqlamasında bildirib ki, smart-sayğaclarla bağlı heç bir problem olmayacaq: “Mexaniki sayğacda mexaniki, elektron sayğacda elektron göstərici mövcuddur. Hər bir abonent işlətdiyi qazın ödənişini, qalan saldonu (saldo-hesabdakı qalıq) “Azəriqaz” İstehsalat Birliyinə və ASAN Xidmətə müraciət edib əldə edə bilər".
Qurum rəsmisi deyib ki, abonent 1500 kub metr qazın pulunu il ərzində ödəməlidir. Həmin limitdən artıq işlədilən qaz yeni tariflə hesablanacaq: “Əhali il ərzində 1500 kub metr qazı işlədib pulunu ödəyəcək. Məsələn, 2000 kub metr qaz işlədilirsə, 1500 kubmetr köhnə tarif olan 10 qəpiklə, 500 kubmetri isə yeni tarif olan 20 qəpik ilə ödəyəcək”.
İlhamə ƏBÜLFƏT