İsrail səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, diplomat ötən gün Füzuli rayonunun Alxanlı kəndinin minaatanlardan atəşə tutulması nəticəsində iki yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın öldürülməsi xəbərindən dəhşətə gəlib və dərindən kədərlənib: “Səfir Stav Zəhra və Sahibənin ailəsinə və bütün Azərbaycan xalqına başsağlığını çatdırır və yaralılara tezliklə sağalmağı arzu edir. Allah rəhmət eləsin!”
Qeyd edək ki, iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.