10 Sentyabr 2017 16:22
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin (AYB) icarəyə verdiyi binada fəaliyyət göstərən və artıq bağlanan "26" kafesi ilə bağlı məsələ ətrafında yaranmış müzakirələr davam edir.

"Report" xəbər verir ki, ictimai-siyasi xadimlər, ziyalılarla yanaşı, Milli Məclisin üzvləri də kafenin bağlanmasına öz münasibətlərini ifadə edirlər.

Milli Məclisin deputatı Fazil Mustafa məsələ ilə bağlı bildirib ki, bütün məsələlər qanun müstəvisində həllini tapmalıdır: "Hər hansı kafenin adına görə bunları etmək qanuna uyğun deyil".

Deputat qeyd edib ki, bu məsələdə istisnaların olması mümkündür: "Ola bilər bu ərazi 26 adıyla tanınıb. Kafeyə ərazinin tanınması adıyla belə bir ad qoyulub".

F. Mustafa bununla yanaşı qeyd edib ki, əgər doğrudan da orada qəlyan çəkilməsi barədə söylənilənlər doğrudursa, bunu anlayışla qəbul etmək olar: "Amma bütün belə məsələlər məhkəmə yolu ilə həll edilməlidir. Yəni belə məsələlər məhkəmə vasitəsilə sübuta yetirilməlidir. Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə müraciət edib hansısa addım ata bilər.

Milli Məclisin digər deputatı Fərəc Quliyev isə bildirib ki, 26 Bakı komissarı Azərbaycan tarixinin qara səhifəsini təşkil edir: "Kafenin doğrudan da 26 Bakı komissarının adına adlandırılıb-adlandırılmaması araşdırmalardan sonra məlum ola bilər. Hər halda araşdırma aparılacaq.

Yox əgər kafenin 26 adlandırılması başqa mövzu ilə bağlıdırsa, buna aydınlıq gətiriləndən sonra hər hansı tədbir görüləcək. Əgər məhkəmə həmin kafenin fəaliyyət göstərməsi barədə qərar qəbul etsə, onda yəqin ki, həmin obyektin fəaliyyət bərpa ediləcək və onu dağıdanlar məsuliyyətə cəlb olunacaq. Əgər araşdırmanın nəticəsi bunun əksi olsa, qərar da fərqli olacaq. Hər şey məhkəmədən asılıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər