Azərbaycan Prezidentinin çıxışını son illər ərzində BMT Baş Assambleyasında səslənən ən cəsarətli və qətiyyətli çıxış kimi dəyərləndirirəm. Ona görə ki, dövlət başçısı təkcə münaqişənin həlli ilə bağlı beynəlxalq hüquqdan və öhdəliklərdən irəli gələn addımların atılmadığını, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilmədiyini vurğulamaqla kifayətlənmədi, həm də Aprel döyüşlərini nümunə gətirməklə işğalçı sülhə məcbur edilməyəcəyi təqdirdə hərbi əməliyyatların başlaya biləcəyi ehtimalını irəli sürdü. Müharibə anonsunu verdi.
Bu fikirləri Teleqraf.com-a politoloq Elçin Mirzəbəyli Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasında etdiyi çıxışı şərh edərkən deyib.
Mütəxəssis xatırladıb ki, Azərbaycan prezidenti hamının başa düşə biləcəyi işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamələri qəbul edənlərə bildirdi ki, buyurun, qəbul etdiyiniz sənədlərin həyata keçirilməsi istiqamətində müvafiq addımlar atın, əgər atmayacaqsınızsa, Azərbaycan BMT Nizamnaməsinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və digər beynəlxalq sənədlərin müvafiq müddəalarına uyğun olaraq, öz suveren hüquqlarını əsas görürərək torpaqlarını işğaldan azad edəcək:
“Sərkisyanın yalanları Azərbaycan prezidentinin bir neçə cümləsi ilə alt-üst edildi. Onun Azərbaycan xalqına qarşı soyqırım həyata keçirən bir cani və hərbi diktator olduğu, ölkəsini feodal qanunları ilə idarə etdiyi və regionun digər dövlətlərinə də məhz bu dünyagörüşü çərçivəsindən yanaşdığı vurğulandı. Azərbaycanda multikultral ənənələrin bütün dünya üçün nümunə ola biləcəyi faktlarla vurğulandı. İsrail baş nazirinin öz çıxışında Azərbaycan və Qazaxıstan kimi müsəlman ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcəklərini vurğulaması da həm Prezident İlham Əliyevin çıxışında yer alan faktların təsdiqi və həm də dolayısıyla Sərkisyana cavab xarakteri daşıyırdı”.
Elçin Mirzəbəyli əlavə edib ki, Sərkisyan BMT-də çıxışı zamanı Ermənistanda həyata keçirilən sosial-iqtisadi layihələr, görülən işlər barədə bir kəlmə də danışmayıb:
“Çünki bu işlər yoxdur. Azərbaycan prezidenti isə son illər ərzində ölkəmizdə görülən işləri, Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşən, eləcə də gerçəkləşməkdə olan qlobal enerji və nəqliyyat dəhlizləri layihələrini xatırlatmaqla Azərbaycanın Ermənistandan bütün sahələrdə dəfələrlə yüksəkdə dayandığını Baş Assambleyanın diqqətinə çatdırdı. Sərkisyan bu toplantıda tamamilə fiaskoya uğradı. Qeyd edim ki, artıq Ermənistan mətbuatında bu barədə fikirlər səslənməkdədir. Azərbaycan prezidenti kifayət qədər ciddi mesajlar verdi və hesab edirəm ki, ölkə başçısının çıxışından Ermənistan və bu işğalçı ölkənin himayəçiləri nəticə çıxaracaqlar. Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyi ilə bağlı qətiyyətli mövqeyi ortalıqdadır. Əgər Ermənistan yenidən danışıqlar prosesini pozmağa, təxribat törətməyə cəhd göstərəcəksə, o zaman işğalçının sülhə məcbur edilməsi üçün hərbi əməliyyatların keçirilməsi qaçılmaz olacaq”.