ABŞ-ın “Vaşinqton Post” qəzeti Ermənistanın Metsamor şəhərini həyatla ölüm arasında şəhər adlandırıb. Nəşrin internet portalında eyni adlı yaşayış məntəqəsində atom elektrik stansiyasının yerləşməsi və sakinlərin burada necə yaşaması barədə geniş reportaj yer alıb.
Teleqraf.com xəbər verir ki, qəzetin əməkdaşları bu ilin fevralında Ermənistanın Metsamor şəhərində çəkdikləri fotoları dərc ediblər. Fotolara şərh yazan müəllif bildirib ki, ərazidə yerləşən atom elektrik stansiyası əsl təhlükə mənbəyidir. Stansiya saxlama konteynerləri olmadan tikilib və seysmik zonada yerləşir. Faktiki olaraq, bu səbəbdən 1988-ci ildə Ermənistanda baş verən dağıdıcı zəlzələdən sonra 1989-cu ildə stansiyanın fəaliyyəti dayandırılıb. Lakin bir müddət sonra yenidən işə salınıb.
2011-ci ildə “National Geographic” jurnalında dərc olunan hesabat xarakterli yazıda Metsamorun dünyanın ən təhlükəli atom elektrik stansiyası olduğu bildirilib. Qeyd edilib ki, bütün risklərə baxmayaraq, atom elektrik stansiyası hələ də fəaliyyət göstərir.
Fotoreportajda qeyd olunur ki, şəhər şübhə və qorxu, yoxsulluq, həyat və ölüm arasında qalıb. Ermənistan hökumətinin bu vəziyyəti düzəltmək üçün maddi imkanı yoxdur. Üstəlik, ərazidə güclü zəlzələ baş verəcəyi təqdirdə də yaranacaq fəsadlarını aradan qaldıra bilməyəcək. Ona görə də atom elektrik stansiyası ölkə və region üçün təhlükə mənbəyi olaraq qalır.
/azertac/