Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, ömürlük məhkum Hacı Məmmədovun intihar etməsi barədə ailəsində heç bir məlumat yoxdur.
Bu barədə Teleqraf.com-un intihar və dəfnlə bağlı sualına Hacı Məmmədovun bacısı Arifə Məmmədova cavab verərkən deyib.
O bildirib ki, qardaşının həbsxanada intihar etməsin barədə deyilənləri mətbuatdan eşidib:
“Hacını intihar etməsi ilə bağlı bizə heç kim zəng edib bir söz deməyib. Bizə rəsmi heç nə deməyiblər. Özümüz zəng edərək müvafiq qurumlardan soruşuruq, öldüyü deyilmir. Bütün aləm yazır, amma biz hələ heç nə bilmirik”.
“Hacı Məmmədovun intiharı barədə sizə məlumat versələr, onu haradan dəfin edəcəksiz” – sualına Arifə Məmmədova belə cavab verib: “Bu barədə heç nə fikirləşməmişik. Çünki bizə heç nə deyən olmayıb. Desinlər, ondan sonra baxarıq”.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib.
Hacı Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.
2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacı Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.
Zakir Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.
Rəsmi məlumata görə, Hacı Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində dekabrın 3-də özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.
Hacı Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb.
Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulmuşdu.