10 Mart 2018 14:28
3 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını tanınmış jurnalist, sosioloq Taleh Şahsuvarlı cavablandırır:

- Prezident seçkiləri öncəsi ölkədəki siyasi durumu necə qiymətləndirirsiz?

- Əgər bu sualı bir iqtidar nümayəndəsinə versəniz, o zaman onun cavabı, heç şübhəsiz, “hər şey gözəldir, idealdır, ölkədə və cəmiyyətdə heç bir problem yoxdur, qısacası, asanlıqla qələbə qazanacağıq” şəklində olacaq. Eyni sualı bir müxalifət liderinə, funksionerinə versəniz, o da deyəcək ki, ölkə bərbad vəziyyətdədir, azad və ədalətli seçki mühiti yoxdur, yoxsa biz seçkilərdə qələbə qazanardıq. Onlar siyasət gərəyi belə düşünməsələr də, belə danışmalıdırlar. Amma mən nə iqtidar nümayəndəsiyəm, nə də müxalifət. Ona görə də açıq danışmaq istəyirəm, Azərbaycan Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev dönəmində çox ciddi dövlətləşmə prosesi keçib. Çox böyük uğurlarımız var, dövlət olaraq bölgədə söz sahibiyik, iqtisadi, siyasi və hərbi baxımdan gerçəkdən öyüləsi yol keçmişik. Amma bu yolu keçə bilmək nə Elçibəy, nə Heydər Əliyev, nə də İlham Əliyev üçün asan olub. Rus qoşunlarını Azərbaycandan çıxardığı üçün Elçibəy dövründə torpaqlarımızın müəyyən qismi işğal edilib, hərbi qiyam baş verib, nəhayət o devrilib. Heydər Əliyevə qarşı da dəfələrlə sui-qəsd, çevriliş cəhdləri təşkil olunub. İlham Əliyev dəfələrlə çox ciddi xarici təzyiqlərə məruz qalıb, öz komandası içində xəyanətlə üzləşib. Qısacası, seçkiöncəsi heç bir hakimiyyət üçün siyasi vəziyyət çox da rahat olmur. Baxmayaraq ki, seçkilərin önə çəkilməsi ilə İlham Əliyev vəziyyətə nəzarət etmək üçün əlavə üstünlüklər qazandı, bəzi kəşfiyyat projelərini alt-üst etdi. Amma görürsünüz ki, Eldar Mahmudovun uzantıları, müxtəlif xarici qüvvələr, xüsusən də erməni lobbisi Azərbaycana qarşı söyüşlə hücuma keçib. Prezidentə, güc nazirlərinə, fəal parlamentarilərə qarşı Azərbaycan insanına yad olan leksikonda hədyanlar yağdırırlar. Gəlin düşünək, Prezidentə, Ramiz Mehdiyevə, Əli Həsənova, Ramil Usubova, onun müavini Vilayət Eyvazova, Mədət Quliyevə, Kəmaləddin Heydərova, Zakir Qaralova, hətta bir çox deputatlara qarşı siyasi mübarizənin əsas mesajları küçə adamları və küçə ifadələri ilə verilə bilərmi? Əlbəttə, xeyr! Siyasət üst fəaliyyət növü, üstün keyfiyyətli insanların sahəsidir. Siz necə fikirləşirsiz, küçə uşaqlarını ictimai rəy yaradıcısına çevirən və onların arxasında dayanan qüvvələr Azərbaycana vətəndaş müharibəsindən başqa nə isə gətirə bilərmi? Bəli, o “uşaqlar” birdən-birə ortaya çıxmayıb. Onillər bundan öncə Azərbaycana göndərilmiş adamlar var, on illər boyunca müxtəlif kəşfiyyatların ələ aldığı, o cümlədən, Eldar Mahmudovun dövründə Azərbaycandan xaricə göndərilmiş adamlar var. İndi hamısı ağız-ağıza verib, Azərbaycanda xaos yaratmaq istəyirlər. Vidadi İsgəndərli ilə Aslan İsmayılovun təkcə əxlaq qohumu olmadığını, onların eyni mərkəzdən təlimatlandırıldığını hiss etməmək korluqdur. Amma bu anti-milli şəbəkənin unutduğu bir neçə şey var. Birincisi, Azərbaycan çox güclü dövlətdir, dövlət kimi təşkilatlanma prosesinin tamamlamaq ərəfəsindədir. İkincisi, Azərbaycanın başında İlham Əliyev kimi dərin və qətiyyətli lider dayanır. Üçüncüsü, Azərbaycan xalqı öz dövlətini və prezidentini sevir, dəstəkləyir. Azərbaycan seçkiyə bu son üç faktora əsasən getdiyi üçün həmin o qüvvələr heç nəyə nail ola bilməyəcəklər.

- Bəs, seçkilərdən sonra gözləntiləriniz nədir?

- Ciddi islahatlar! Əgər diqqət etdinizsə, Prezidentin köməkçisi Əli Həsənov erkən seçkilərin keçirilməsi zərurətini şərh edəndə prezidentə etimadın yenilənməsi barədə danışdı. Bir prezident nə zaman özünə etimadı yeniləmək istəyir? İrimiqyaslı islahatlara start verəndə, bunun üçün müəyyən daxili və xarici maneələri dəf etmək istəyəndə. Zənnimcə, istər dövlət aparatının yığcamlaşdırılması, istər kiçik və orta sahibkarlığın inkişafı, istərsə də siyasi hüquq və azadlıqların təminatı ilə bağlı seçkilərdən sonra çox qısa zamanda çox ciddi addımlar atılacaq. O cümlədən hakimiyyətin siyasi texnoloqları növbəti parlament seçkilərində Milli Məclisin tərkibinin həmin islahatlara dəstək verə biləcək daha hazırlıqlı fiqurlardan ibarət olması üzərində çalışacaq kimi görünür. Çox istərdim ki, seçkilərdə iştirak namizədlər arasından ən azı biri vitse-prezident təyin olunsun. Ərdoğan Türkiyədəki seçkilərdən sonra yəqin ki, Dövlət Baxçalını vitse-prezident təyin edəcək. Bu təcrübə bizdə niyə olmasın ki?

- Martın 10-da Milli Şura və Müsavat birgə mitinq keçirəcək. Bu mitinqlə bağlı proqnozlarınız nədir? Niyə bu iki təşkilat seçkidən kənarda qalmağı seçdi?

- Bu aksiya “proqnoz” kimi qulağa, gözə xoş gələn bir ifadə ilə xatırlanmağa dəymir. Heç bir halda ciddi bir tədbir olmayacaq, ciddi siyasi nəticələr də verməyəcək.

- Niyə?

- Əvvəla, “Milli Şura” iflasa uğramış layihədir. Bu layihə Rüstəm İbrahimbəyovla birgə iflasa uğrayıb, Cəmil Həsənlini də özü ilə birgə batırıb. Cəmil Həsənli hələ də anlamır ki, onu prezidentliyə namizəd elan edənlər onu bir siyasətçi kimi də, ziyalı kimi də məhv ediblər. Əli Kərimli İlham Əliyevə rəqib olmamaq üçün hər seçkidə bir bəhanə tapır. Gültəkin Hacıbəyli özünü “məxməri inqilab”ın Burcanadzesi, Timoşenkosu zənn edir, amma o, hərəkatda yetişmiş qadınlardan başqa kimsəyə rəqib deyil. O düşərgədə Nüşabə Sadıxlı, Almaz Əliqızı daha önəmli siyasi fiqurdur, nəinki Gültəkin Hacıbəyli. Müsavata gəlincə, İsa Qəmbər siyasi resurslarının və nüfuzunun ən yüksək çağında hakimiyyətə gələ bilməyibsə, bu gündən sonra Arif Hacılının elə bir şansın yarısını yaxalaması belə mümkün deyil. Bu aksiya “mühacir biznesi”ni genişlətmək üçündür. Onu təşkil edənlər də, ora qatılanların önəmli bir kəsimi də bu məqsədi güdür. Bir də artıq başqa heç bir sahədə özünü təsdiq edə, heç bir faydalı iş görə bilməyəcək adamlar var. Siyasət, onların qocalıq məşğuliyyəti, hobbisi, mitinqə qatılmaq bir neçə günlük ünsiyyət mövzusudur. Bu adamlardan alternativ olar?

- Müxalifətin seçkiyə münasibəti fonunda sosial şəbəkələrdə Respublikaçı Alternativ Partiyasına yönəlik sərt ittihamlar səslənilir. Zaman-zaman Milli Şura-AXCP və REAL-çılar arasında eyni situasiya yaşanır. Problemi nədə görürsünüz?

- “Real” üfürülməkdə olan şardır. İlk seçkidə havası çıxacaq. Orada mənim hörmət etdiyim adamlar var, məsələn, Natiq Cəfərli yaxşı iqtisadçıdır. Erkin Qədirli təşkilatçılıqdan uzaq adamdır, amma ciddi intellektualdır. Çox təəssüf ki, İlqar Məmmədov lider kimi özünü təsdiq edə bilmədi, qaragüruhun ovqatına kökləndi. Amma “Real” Azərbaycanda heç zaman ciddi siyasi qüvvəyə çevrilə bilməyəcək. Səbəblərini deyim: Bu gündən sonra Azərbaycanda müxalifət kimi ancaq və ancaq iki siyasi xətt, birincisi, burjua partiyası uğur əldə edə bilər. “Real” burjua partiyası deyil. Öz xarakterinə görə rasional-kadr partiyası kimi ortaya çıxa bilərdi ki, rasional düşünən adamlar da, adətən, praqmatik olur. “Real” isə qrant partiyasıdır.

İkincisi, Azərbaycanda sosial-demokrat cərəyanın perspektivi var. Türkyədəki CXP sayaq dövlət anlayışı ilə hərəkət edən bir sosial demokrat partiyası gələcəkdə şans yaxalaya bilər. Amma bunun üçün də öncə Azərbaycanda ciddi həmkarlar ittifaqları olmalıdır. “Real”la ənənəvi partiyaların toqquşması isə sırf ambisiya məsələsidir. Təkcə şəxsi ambisiya yox, həm də xarici yardımları bölmək uğrunda mücadilədir. Əvvəl bir portağal uzağı üç yerə bölünürdü, indi yeni payçılar da var. Amma mən çox istərdim ki, Azərbaycanda ciddi və nüfuzlu müxalifət partiyaları olsun. Müxalifətdə olmaq düşmən olmaq deyil, əksinə, dövlətçilik baxımından rolların uzlaşdırılması və tamamlanmasıdır. Bu baxımdan mən Qüdrət Həsənquliyevin siyasi xəttini daha təqdirəlayiq və effektiv hesab edirəm.

- Gündəmin əsas müzakirə mövzularından biri də YAP icra katibinin müavini Siyavuş Novruzovun çağırışıdır. Bu çağırışa münasibətiniz maraqlıdır...

- Siyavuş Novruzovu tələbəlik illərindən tanıyıram, hər zaman ona hörmətim olub. Siyavuş Novruzov qədər yaxşı yoldaşlığı olan çox az adam var. Özü də heç zaman yoldaşlıqda iqtidar-müxalifət ayrı-seçkiliyi edən adam olmayıb. Siyavuş Novruzova qarşı bu yaxınlarda “qara PR” gerçəkləşdirildi. Onun adından deyildi ki, guya Novruzov siyasi məhbusların azadlığa buraxılacağı anonsu verir. Mən o açıqlamanı oxudum, içində “siyasi məhbus” kəliməsi keçmirdi. Bu, açıqdan-açığa manipulyasiya idi. Bir siyasətçi bu cür hallara hazır olmalıdır və onu aradan qaldırmağın yollarını da bilməlidir. Siyavuş müəllim parlamentdə gərəkən açıqlamanı verdi. Amma bunu edənlərə söyüş söydümü? Xeyr! Siyasətdə bəzən həddini keçən ifadələr ola bilər. Hamımızın izlədiyi Türkiyə siyasətinə baxın, emosiyaların təsiri ilə ifrata varan nə qədər ifadə işlədilir, hətta bəzən parlamentdə yumruqlaşma da düşür. Mən deyərdim ki, hətta bunlar da normaldır. Amma siyasi mübarizədə el dilində desək, arvad-uşaq söhbəti eləmək, artıq vətəndaş qarşıdurması yaratmaq cəhdidir. Siz, heç danışdıqlarını da demirəm, Vidadi İsgəndərlinin jestlərinə, mimikasına baxın. Mimika və jestlər açıq-aşkar onu deyir ki, bu adam sifariş yerinə yetirir. Siyavuş Novruzov da ona görə müxalifətə səsləndi ki, deyin, işimizi bilək: bu cür adamları dəstəkləyirsiniz, yoxsa siyasətin əxlaq normaları içində davam etməsinimi istəyirsiniz? Məncə, vaxtında edilmiş çağırış idi. Şəxsən mənim Qüdrət Həsənquliyevlə dost olduğumu hər kəs bilir. Partiyasının üzvü deyiləm, amma kifayət qədər səmimi münasibətlərimiz var. Onun qardaşlarını, bacılarını uşaqlıqdan tanıyıram. Həyat yoldaşı mənim bir xanım qohumumla tələbə yoldaşı olub. Son dərəcə vətənpərvər, ləyaqətli, xeyirxah insanlar, bütöv şəxsiyyətlərdir. Qüdrət Həsənquliyevin bacısı siyasi cameədə nə qədər insanın övladını müalicə etmişdi, hələ deputat olmamışdan danışıram, çoxunun da dərmanlarını öz cibindən alırdı. İndi Azərbaycanın bu cür vicdanlı, şərəfli, təmiz ailələrinə qarşı hədyanlar yağdırılmasına susmaq olmaz. Sadəcə, o səviyyəyə də enəcək deyilik. Zahid Oruc çox gözəl örnək qoydu ortaya, söyüşə intellektlə cavab verdi. Bilirsiniz ki, mənim dinə münasibətim tənqididir. Ancaq Məhəmməd peyğəmbərin həyatında çox gözəl bir örnək var. O, ərəbləri İslama səsləyirdi, onu bu yolundan döndərmək üçün bir dəfə başına dəvənin cinsi orqanlarını kəsib atmışdılar. Bu, son dərəcə böyük təhqir, rüsvayçılıq idi. Amma buna rəğmən? Məhəmməd peyğəmbər öz missiyasını davam etdirdi. Hər bir insan tarixi şəxsiyyətlərdən örnək götürməlidir. Kim özünü missiya adamı hesab edirsə, hər cür çətinliklərə sinə gərib ən ağır situasiyalardan Azərbaycan adına şərəflə çıxacaq. Bayaqdan düşünürəm, Məhəmməd peyğəmbəri o cür kobud formada təhqir edənlərin adını xatırlaya bilmirəm. Amma tarix onun inancını yaşadır. Şəxsən mənim siyasi inancım odur ki, “Azərbaycan” adlı tarixi missiyanın lideri İlham Əliyevdir.

- Yeri gəlmişkən, bu gün həm də Azərbaycan Mətbuat Şurasının qurultayıdır. Medianın hazırki vəziyyətini necə qiymətləndirirsiniz? Problemlər, perspektivlər barədə nə deyə bilərsiniz?

- Azərbaycan jurnalistlərinin qurultayını, qurultayın bütün iştirakçılarını təbrik edirəm. Bildiyiniz kimi? mən hazırda jurnalistika ilə məşğul deyiləm, bir müddətdir heç bir redaksiyada çalışmıram. Ona görə də bu qurultayın nümayəndəsi və iştirakçısı deyiləm. Açıq deyim ki, qurumun işində hər hansı formada iştirak etmək də heç zaman planlarıma daxil olmayıb. Düşünürəm ki, Mətbuat Şurasının İdarə Heyəti həm bir qədər genişlənəcək, həm də bir qədər yenilənəcək. Orada çoxlu dostlarım, tələbəlikdən tanıdığım insanlar, peşəkar həmkarlarım, hətta ağsaqqal olaraq hörmətini saxladığım şəxslər var. Hər birinə uğurlar arzulayıram.

- Bəs media seçki prosesini necə işıqlandırmalıdır?

- Mart ayının 19-dan etibarən qeydə alınan namizədlərin təbliğat-təşviqat kampaniyası başlayacaq. Bu mərhələdə həm Mərkəzi Seçki Komissiyasının, həm namizədlərin və onların tərəfdarlarının, həm də kütləvi informasiya vasitələrinin üzərinə xüsusi məsuliyyət düşür. Mərkəzi Seçki Komissiyasının məsuliyyəti sırf hüquqi xarakter daşıyır: seçki kampaniyası və proseduru ilə bağlı vətəndaşları maarifləndirmək, prosesin şəffaflığını və qanunauyğun formada getməsini təmin etmək. Eyni zamanda, Seçki Məcəlləsinə görə, prezident seçkilərində bir sıra kütləvi informasiya vasitələri namizədlərə pulsuz efir vaxtı və yer ayırmalıdır. Kütləvi informasiya vasitələrinin seçkilərdə rolu qanunlara yanaşı, medianın beynəlxalq standartlarına və etikasına əsaslanmalıdır. Belə ki, bu barədə bir çox beynəlxalq təşkilatların çağırışlarında da ifadə edildiyi kimi, kütləvi informasiya vasitələri istənilən ölkədə seçki dövründəki fəaliyyətlərin ədalətli və şəffaf şəkildə göstərilməsi, vətəndaşların öz gələcəklərini müəyyən etdiyi əhəmiyyətli zaman kəsiyində əhatəli məlumatlar ala bilməsi üçün mühüm funksionallığa malikdir. Seçki kampaniyasına qoşulmuş siyasətçilərin vədləri, partiyaların proqramları və o cümlədən müəyyən pozuntu faktları ilə bağlı vətəndaşları məlumatlandırmaq kütləvi informasiya vasitələrinin vəzifəsidir. Ona görə də kütləvi informasiya vasitələri insanların xəbər almaq haqqının qorunmasını əsas prinsip kimi götürməklə beynəlxalq media etikasının tələblərinə riayət etməli, öz fəaliyyətində namizədlərə və iştirakçı partiyalara qarşı nifrət məzmunlu çıxışlar etməməli, öz üzərinə mühakiməçi rol götürməməlidir.

- Bu gün həm də doğum gününüzdür, yeni yaşınızda arzularınız, hədəfləriniz nələrdir?

- Əvvəla, belə bir gündə məni yada saldığınız üçün təşəkkür edirəm. Doğrusu, özüm haqqında çox danışmaq istəmirəm. 10 mart Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun doğum günüdür. Bu münasibətlə öncə Əli müəllimi təbrik etmək istəyirəm. Az öncə də dediyim kimi, bir neçə ildir jurnalistikadan kənaram, bu müddətdə mənimlə hər zaman maraqlandığı, diqqət göstərdiyi üçün həm dövlət xadimi, həm də bir ziyalı kimi ona öz təşəkkürlərimi ifadə edirəm. Doğrusu, onun mütəmadi diqqəti olmasaydı, mən mənəvi cəhətdən bu qədər şax dayana bilməzdim. Düşünürəm ki, bu 40 illik ömrümdə ən böyük qazancım elə alicənab insanların mənə güvənidir. Bütün ömrüm boyu bir xarakter olaraq özümü doğrularla yaşamağa alışdırmışam. Nə evimdə, nə də çevrəmdə yalan yoxdur. Heç zaman nə özümü aldatmışam, nə də başqalarını, dürüstcə yaşamışam. Səhvlərim də, nöqsanlarım da çox olub. Ancaq onlar da həqiqət axtarışından qaynaqlanıb. Həyatımda ən çox sevindiyim gün ali məktəbə qəbul olunduğum gün olub. Mənə bəslənən etimadı zəhmətimlə doğrultmuşdum. O gündən bəri üç keyfiyyət- dürüstlük, etimadı doğrultmaq əzmi və zəhmətkeşlik mənə çox sayda problemlər yaradıb, hətta xeyli insanda qıcıq da yaradıb. Amma inanın ki, bir neçəsini çıxmaq şərti ilə mənim adım gələndə qıcıq olan o insanları da sevirəm. Bəlkə də sizə qəribə gələcək, gələcəklə bağlı heç bir iddiam, arzum, planım yoxdur. Azərbaycanda az-çox tanınmış, fəal, peşəkar insanların hamısı Azərbaycan prezidentinin kadr bankına daxildir. Mənə də hansı sahədə, hansı formada etimad göstəriləcəksə, onu doğruldacağam.


Müəllif: Nərgiz

Oxşar xəbərlər