Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.
DTX İctimai əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev tariximizin ən faciəli səhifələrindən olan mart soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı ardıcıllıqla törətdikləri digər dəhşətli qətliamlardan danışıb.
O qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə bu hadisələrə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunmuşdur. Artıq 20 ildir ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dövlət səviyyəsində anım mərasimləri və tədbirləri keçirilir.
General-leytenant Mədət Quliyev diqqətə çatdırıb ki, daşnak-bolşevik silahlı dəstələri və terrorçu təşkilatlarının 100 il əvvəl xalqımıza qarşı törətdikləri insanlıq əleyhinə olan cinayətləri barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması üçün Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalayıb.
Tədbirdə 1918-ci il azərbaycanlıların soyqırımına dair tarixi mənbələrə, təkzibolunmaz sənədlərə və faktlara istinadən məruzə ilə çıxış edən Milli Məclisin deputatı, professor Musa Qasımlı bildirib ki, bəşər tarixinin ən qanlı və faciəli hadisələrindən olan, 1918-ci il martın 31-dən aprelin 3-dək davam edən soyqırımı nəticəsində Azərbaycanda on minlərlə azərbaycanlı, ləzgi, yəhudi, rus və digər millətə mənsub şəxslər, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı erməni-daşnak silahlı birləşmələri və terrorçu təşkilatları tərəfindən qəddarlıqla, vəhşicəsinə qətlə yetirilib, çoxlu sayda insan itkin düşüb, minlərlə yaşayış məntəqəsi, kəndlər, evlər, məscidlər, məktəb binaları yandırılaraq dağıdılıb.
Tədbirdə diqqətə çatdırılıb ki, dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın misilsiz xidmətləri və əvəzsiz səyləri nəticəsində dünyanın aparıcı ölkələrində, eləcə də nüfuzlu təşkilatlarla düzgün və ardıcıl işin həyata keçirilməsi ermənilərin uydurma iddiaları ilə əsrlərlə formalaşmış stereotiplərin və yanlış siyasi yanaşmaların dəyişməsinə səbəb olub.
Sonda Azərbaycan xalqının və dövlətinin soyqırımı qurbanlarının xatirəsini daim əziz tutduğu, bu qanlı hadisələrə beynəlxalq ictimaiyyət tərəfindən obyektiv münasibətin bildirilməsi, erməni faşizmi və vandalizminin tam çılpaqlığı ilə bütün dünyaya tanıdılması istiqamətində bütün azərbaycansevərlərin səylərinin birləşdirilməsi və daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.