Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) iyulun 23-ü və 24-də qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 16-sı Gürcüstan, 14-ü Pakistan, 11-i Türkmənistan, 7-si Rusiya, 2-si Suriya, 2-si İraq, 2-si Özbəkistan, 2-si Türkiyə, 1-i Efiopiya, 1-i Sudan, 1-i Misir, 1-i Çin, 1-i Ukrayna və 1-i Latviya vətəndaşı olmaqla ümumilikdə 62 nəfər əcnəbi saxlanılıb.
Teleqraf.com xəbər verir ki, araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qaydalarını pozduqları məlum olub.
Belə ki, saxlanılmış 10 nəfər Türkmənistan vətəndaşının (səyyar ticarət) və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları məlum olub.
2 nəfər Pakistan və 1 nəfər Suriya vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 48 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 39 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycanın hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.