Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində Soçidə keçirilən görüşlər, səsləndirilən fikirlər və imzalanan sənədlər Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir.
Bu fikirləri Teleqraf.com açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır:
“2017-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib ki, hazırda ölkəmizdə təxminən 700 birgə müəssisə fəaliyyət göstərir.
Eyni zamanda, Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla fəaliyyət göstərir. Həmçinin iki ölkənin hərbi-texniki əməkdaşlığı da inkişaf edir. Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyərinin 5 milyard dolları keçməsi bu sahədəki dinamizmin göstəricisidir.
Bütün bunlarla yanaşı, Azərbaycan ilə Rusiya qlobal əhəmiyyətli layihələrin də həyata keçirilməsində birgə işləyirlər. Məhz Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək, Cənubi Asiya və Yaxın Şərqdən gələn yüklərin Avropaya daşımalarını xeyli sürətləndirəcək, ümumi uzunluğu 7 min kilometrdən artıq olan beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması haqqında ortaq fikirlər və fəaliyyətlər söylənilənlərin əyani sübutudur.
Bu mənada Rusiya və Azərbaycanın birgə nəqliyyat layihələri çoxsaylı ölkələri əhatə edəcək, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq”.
Sədaqət Vəliyeva əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir və iki ölkənin liderləri arasındakı müntəzəm görüşlər dövlətlərarası münasibətlərə xüsusi dinamizm verir.