Azərbaycan bir neçə il əvvəl İsraildən “Dəmir günbəz” sistemini əldə edib. Bu, bölgənin hava hücumundan müdafiə sistemini təmin edir.
Teleqraf.com-a açıqlamasında hərbi-ekspert Ramil Məmmədli belə deyib.
Onun sözlərinə görə, “Dəmir günbəz” hazırda Azərbaycan Silahlı Qüvvələri daxilində təyin edilmiş ərazilərdə xidmət aparır:
“Bundan əlavə, ikitərəfli hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan İsraildən zirehli texnikalar alıb. Həmin texnikalar iyunda Bakıda keçirilmiş hərbi paradda nümayiş olundu. Paradda həmçinin, yenə də İsraildən alınmış taktiki raket kompleksi nümayiş etdirildi.
Bundan başqa, Müdafiə naziri Zakir Həsənov İsrailə sonuncu səfərində bir neçə müdafiə təyinatlı şirkətdə oldu. Müdafiə naziri burada müəyyən hərbi texnikalara və yerində onların istehsal prosesi ilə tanış oldu. Yəni, İsrail-Azərbaycan hərbi-texniki əməkdaşlığında yeniliklər gözlənilir. İsrail Müdafiə naziri Aviqdor Libermanın Bakı səfərində də, iki ölkə arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi məsələsi ön plandadır”.
Ramil Məmmədli hesab edir ki, Azərbaycan yaxın vaxtlarda İsraildən yeni raket sistemləri əldə edəcək:
“İsrailin bu istiqamətdə Azərbaycanla danışıqlar apardığı da bəllidir. Yəqin ki, yaxın vaxtlarda yeni “Spayk” raket sistemlərinin Azərbaycan ordusunun arsenalına verilməsi məsələsi öz həllini tapacaq.
“Spayk”ın aprel döyüşlərində Ermənistanın işğalçı ordusuna qarşı uğurla sınaqdan keçdiyini gördük. Bu sistem düşmənin 30-dan çox texnikasını sıradan çıxardı. Hazırda İsrail tank əleyhinə olan “Spayk” raketlərinin helikopterlər və qırıcılara inteqrasiya olunması üzərində işləyir. Hesab edirəm ki, yaxın vaxtlarda İsrail tərəfi bu sistemlərin Azərbaycanın hərbi aviasiya sistemlərinə inteqrasiya olunmasını həyata keçirəcək.
Qənaətimə görə, Libermanın Bakı səfərindən sonra İsraildən yeni hərbi texnikalar və raket sistemləri ala biləcəyik”.