26 Sentyabr 2018 18:46
3 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan beşinci dəfə görüşəcək. Paşinyan hakimiyyətə gələndən demək olar ki, hər ay Putinlə görüşüb. Əlbəttə, Ermənistanın baş naziri hakimiyyətə gələndən özünü anti-Rusiya mövqeyində dayanan adam kimi tanıdır.

Bunu Rusiya prezidentinin Ermənistan səfərini Teleqraf.com-a şərh edərkən politoloq Ramiyə Məmmədova deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri İrəvanda keçirdiyi mitinqlərdəki çıxışlarında da həmişə Rusiyaya qarşı fikirlər səsləndirib, bu, Paşinyanın yürütdüyü siyasətdə də özünü göstərir:

“May ayından – Paşinyan hakimiyyətə gələndən bu günədək Rusiya və Ermənistan arasındakı gərginlik səngimək bilmir. Buna görə də elan edildi ki, Putin sentyabrın sonlarında Ermənistana gələcək. O, demək olar ki, Ermənistanda gedən proseslərdən bezib. Hesab edirəm ki, Putin hələlik bir dost və böyük kimi Paşinyana məsləhət vermək üçün İrəvana gedəcək. Bu səfər eyni zamanda, Ermənistanın yeni rəhbərliyinə veriləcək dərs olacaq. Çünki Paşinyan Putini bezdirib.

Hazırda Ermənistanın bölgədə Rusiya istisna olmaqla, heç bir qonşu və digər dövlətlərlə normal əlaqələri yoxdur. Putinin İrəvana səfərinin bir səbəbi də bununla bağlı ola bilər. O, Paşinyanı başa salacaq ki, Ermənistan Rusiyasız hərəkət edə bilməz.

Digər yandan, blokada vəziyyətində olan Ermənistana edilən əsas yardımlar da Rusiya tərəfindən edilir. Yəqin ki, Putin Paşinyana bunu da xatırladacaq”.

Ramiyə Məmmədova qeyd edib ki, səfər çərçivəsində Ermənistan və Rusiya arasındakı hərbi-texniki sahədəki əməkdaşlıq da müzakirə ediləcək:

“Məlumdur ki, Rusiya Serj Sərkisyan dönəmində Ermənistana 200 milyon dollarlıq silah verəcəkdi. İndi isə nəzərdə tutulmuş 200 milyonluq kredit 100 milyonadək azaldılıb. Bunun də nə vaxt veriləcəyi məlum deyil. Rusiya isə onu göstərməyə çalışır ki, Ermənistan bu yardıma layiq deyil. Əlbəttə, bu kimi məsələlər müzakirə mövzusu olacaq.

Münasibətlərin hansı istiqamətə yönəlməsi də Paşinyanın Putinə verəcəyi qarantiyadan asılıdır.
Məlumdur ki, hazırda Ermənistanda anti-Rusiya ab-havası hökm sürür, qərbyönümlü siyasi qüvvələr daha aktivdir. Buna görə də, Putin İrəvan səfərində onu müəyyən edəcək ki, Paşinyan Qərbin, yoxsa Rusiyanın tərəfindədir.

Hesab edirəm ki, bu səfər Paşinyanın gələcək taleyinin müəyyən olunmasında da böyük rol oynayacaq. Putin bu səfərdən sonra Ermənistanla bağlı qərarını açıqlayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər