Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın 63 yaşı tamam olur.
Kult.az xatırladır ki, Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində, 1971-1977-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil alıb.
1977-1980-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını başa çatdırıb, namizədlik dissertasiyası müdafiə edib.
1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir. O, bir çox musiqi əsərinin müəllifi olmaqla yanaşı, 20-yə yaxın filmin bəstəkarıdır. 2011-ci ilin noyabrında Moskvada Sevil Əliyevanın atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi “Ze qaleri of Sevil” musiqi albomu təqdim olunub.
Hazırda Londonda yaşayan Sevil Əliyeva ailəlidir və 3 övladı var. Onun böyük oğlu Giraf Əliyev idmanla məşğuldur. O, 2012-ci ildə Las-Veqasda keçirilən pauerliftinq üzrə dünya çempionatında Azərbaycanı təmsil edib və 5-ci yeri tutub.
Kiçik oğlu Azər Əliyev hazırda Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidentidir. S.Əliyevanın mərhum anasının adını daşıyan Zərifə adlı qızı da var.
O, "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.