ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrəvana səfərində əsas müzakirə mövzusu Ermənistan ordusunun Suriyada humanitar missiyada iştirakı olacaq.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.
Onun sözlərinə görə, erməni hakimiyyətinin bu təşəbbüsü Vaşinqtonun hökumət dairələrində Ermənistan üçün ciddi problemlər yaradıb.
Suren Sərkisyan qeyd edib ki, ABŞ-ın Ermənistanın bu addımına etiraz etməsi təsadüfi deyil: “Çünki Ermənistan ordusunun Suriyadakı humanitar missiyada iştirakı Rusiyanın maraqlarından irəli gəlir. Buna görə də, rəsmi İrəvanın gözlənilmədən atdığı bu addım ABŞ-Ermənistan münasibətlərində ciddi problemlər yaradıb”.
Ekspertin fikrincə, İrəvan bu addımı atarkən Vaşinqtonun maraqlarını nəzərə almalı idi: “İrəvanın Suriya missiyasında iştirakı amerikalılar üçün çox həssas mövzudur. Hesab edirəm ki, Bolton Ermənistanda olarkən Paşinyan administrasiyasını bu qərarından daşındırmağa çalışacaq. Əks halda, Ermənistan hakimiyyəti Trampın tərs üzü ilə qarşılaşmağa hazır olmalıdır”.
Sərkisyanın sözlərinə görə, Ermənistanın İranla yaxınlaşması da Tramp administrasiyasını qəzəbləndirib: “Hesab edirəm ki, Bolton Trampın bununla bağlı iradlarını da Ermənistan hakimiyyətinin diqqətinə çatdıracaq”.
Qeyd edək ki, Ermənistanın Müdafiə naziri Davit Tonoyan Suriyaya 100 hərbçi göndərəcəklərini açıqlayıb. Bu barədə razılaşma isə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdə əldə edilib.
Əlavə edək ki, Con Bolton oktyabrın 20-də Cənubi Qafqaza səfər edəcək. O, səfər çərçivəsində Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistanda olacaq.