15 Oktyabr 2018 16:28
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək. Bu, yol infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən hazırlanan layihənin icrası sayəsində mümkün olub.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə dəyişikliyə əsasən, Atatürk prospektindən Ziya Bünyadov prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələri Azadlıq prospekti və mərkəz istiqamətində hərəkətlərini davam etdirə və ya geriyədönmə əməliyyatını həyata keçirə bilərlər.

Ziya Bünyadov prospekti ilə 20 Yanvar və Qələbə dairəsi istiqamətindən gələn nəqliyyat vasitələri də Azadlıq prospekti - Binəqədi şosesi istiqamətində hərəkətlərini davam etdirə biləcəklər. Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində isə (Atatürk prospekti istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti svetofor vasitəsi ilə nizamlanacaq.

Bakı Nəqliyyat Agentliyi sürücülərdən qeyd edilən ərazidə hərəkət edərkən svetoforun və yol nişanlarının tələbinə riayət etmələrini xahiş edir.


Müəllif: Aytən