20 Oktyabr 2018 16:49
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir dövlətin dialoqa olan münasibəti onun daxilindən başlayır.

Trend-in müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Türkiyənin Kayseri şəhərinin Erciyez Universitetində keçirilən konfransda deyib.

Əli Həsənov bildirib ki, Azərbaycan multikultural dəyərləri öz dövlət siyasətimizin təməl prinsiplərindən, əsas istiqamətlərindən biri kimi elan edib və ölkədə azərbaycanlı olmayan hər kəsə hörmətlə, sevgi ilə yanaşır, ona öz xalqımıza, millətimizə bəslədiyimiz münasibəti bəsləyirik:
"Nolsun ki, o başqa dinə sitayiş edir, nolsun ki, onun dili, mədəniyyəti və digər davranış normaları fərqlidir. Onlar Azərbaycan vətəndaşı olaraq bizim dövlətin, bizim cəmiyyətin qanunlarını, davranış normalarını qəbul edirsə, ona hörmətlə yanaşmaq bizim borcumuzdur".

Şöbə müdirinin sözlərinə görə, bu gün Cənubi Qafqazda Azərbaycan bir regional rifah, barış və regional tərəfdaşlıq siyasəti yürüdür: "Əlbəttə burada müəyyən prinsiplər var, hər bir dövlət başqa dövlətin haqlarına, milli haqlarına, başqa dövlətin ərazi bütövlüyünə, dövlətin atributlarına, iqtisadi maraqlarına, xalqının milli mentalitetinə hörmətlə yanaşmalıdır. İstəmirsənsə sənin mentalitetinin üstünə gəlsinlər, başqa xalqın mentalitetinin üstünə getməməli, istəmirsənsə sənin dövlətinin ərazi bütövlüyünü pozsunlar, başqa dövlətə ərazi iddiası irəli sürməməli, istəmirsən sənin təhlükəsizliyini təhdid etsinlər, başqa dövlətin təhlükəsizliyini göz önünə almamalısan. Yəni, hər bir dövlət özünə rəva görmədiyini başqa dövlətə rəva görməməlidir. Dünyada dövlətlər arası münasibətin bir şərti var. Bu şərt BMT-nin Nizamnaməsində öz əksini tapıb. Başqa dövlətin daxili işinə qarışmamaq, onun ərazi bütövlüyünə və suveren hüquqlarına hörmətlə yanaşmaq, mübahisəli məsələləri müharibə yolu ilə deyil, dinc yollarla həll etmək, dövlətlərarası tərəfdaşlıq münasibətləri yaratmaq, insan hüquqlarına əməl etmək, insanların sərbəst hərəkəti, miqrasiya və digər məsələlərə şərait yaratmaq. Amma beynəlxalq hüquq həm də iki dövlət arasında və bir neçə dövlət arasında razılaşdırılmış şərtləri də beynəlxalq hüquq sayır.

Məsələn, Rusiya-Azərbaycan-Türkiyə ümumi bir əməkdaşlıq platforması yaradıb və kifayət qədər də perspektiv olan platformadır. Rusiya-İran-Azərbaycan platforması var, nəqliyyat, kommunikasiya işləri üzərində qurulub, İran-Türkiyə-Azərbaycan platforması var, Azərbaycan-Gürcüstan-Türkiyə platforması var, Azərbaycan-Türkiyə-Gürcüstan-Türkmənistan platforması var. Bunların hər biri regional dialoq platformasıdır ki, dövlətlər istəyini ortaya qoyub və qarşılıqlı nöqtələr tapılıb".

Əli Həsənov qeyd edib ki, dialoq üçün mütləq şəkildə qarşılıqlı nöqtələr tapılmalıdır, qarşılıqlı şərtlər ortaya qoyulmalıdır: "Götürək hal-hazırda dünyada bütün beynəlxalq hüquq şərtlərini aşaraq zorla qapımıza gələn, qapımızı döyən, bizim siyasətimizə, sivil normalarımıza təzyiq formasında həyata keçirilən enerji maraqlarına. Bütün dünya bu gün dünyanın mövcud enerji resursları uğrunda mübarizə aparır.

Enerji resurslarına yiyələnmək istəyən dünyanın güclü dövlətləri o enerji qaynaqlarını daha əlverişli şərtlərlə, daha ucuz qiymətə və rəqabətdənkənar mühitdə ələ keçirib öz dövlətinin maraqlarını təmin etmək istəyir. Ona sahib olmayan və dünyada yetərincə gücü olmayan digər dövlətlər başqaları ilə ittifaqlar yaradaraq öz payını almaq istəyir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər