Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Muğam Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yenə də çox mühüm bəyanatla çıxış etdi.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, əsas məqam ondan ibarətdir ki, Ermənistan son vaxtlar qeyri-adekvat siyasət yürüdür:
“Nikol Paşinyanın məhz siyasi gedişlər etməklə parlamentdə öz tərəfdarlarının sayının çox olmasına çalışması, Dağlıq Qarabağ kartından istifadə edərək, yeni seçkilərə hazırlıq görməsi münaqişənin həllində hər hansı müsbət tendensiya yaratmır. Cənab Prezident bir daha Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, mərhələli şəkildə həll olunmasının vacibliyini vurğuladı. Azərbaycan bu münaqişəyə dair indiyədək keçirilmiş çoxsaylı görüşlərin məntiqi sonluğa çatmasını istəyir. Cənab Prezident də hər zaman vurğulayır ki, Azərbaycan onun ərazilərində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Dövlət başçısının elə dünən “Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalaması, sərəncamla Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası üçün vəsait ayrılması ərazilərimiz işğaldan azad edildikcə dinc quruculuq işləri görüləcəyinin sübutudur”.
A.Nağıyev daha sonra deyib:
“Əsas məsələ ondan ibarətdir ki, BMT-nin qətnamələri yerinə yetirilməli, ATƏT-in Minsk Qrupunun həmsədrləri deklarativ bəyanatlardan uzaqlaşaraq mühüm addımlar atmaldır. Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Danışıqlar masasında da əsas məqam işğalçı qoşunların torpaqlarımızdan çıxarılaraq suverenliyimizin bərpası olmalıdır. Cənab Prezident bu istiqamətdə də çox mühüm fikirlər səsləndirdi”.